Modern.az

Prezidentin Rusiyaya səfəri - Sülhməramlıların çıxarılması və Qazaxın 4 kəndi...

Prezidentin Rusiyaya səfəri - Sülhməramlıların çıxarılması və Qazaxın 4 kəndi...

Ölkə

24 Aprel 2024, 11:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada səfərdə olub. Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə ilə görüşüb.

 

Daha sonra prezidentlərin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Qeyd edək ki, dünyada ən uzun dəmir yolu xətlərindən biri olan Baykal Amur Magistralı (BAM) Rusiyanın İrkutsk vilayəti, Zabaykalye diyarı, Amur vilayəti, Buryatiyr və Yakutiyadan keçir. Transibir magistralı ilə bərabər Rusiyanın Sakit Okean Regionuna çıxışına imkan verən bu nəhəng yol infrastrukturunun tikintisi ilə bağlı ideya hələ XIX əsrdə yaransa da, tədqiqat işlərinə 1920-ci ildən başlanılıb.

 

Magistralın tikintisinə Sovet İttifaqının vətəndaşı olan 70 fərqli xalqın təmsilçisi cəlb olunmuş, layihənin icrasına rəhbərlik isə həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini işləyən Heydər Əliyevə tapşırılmışdı. Heydər Əliyev həm də tikinti işləri zamanı ayrı-ayrı inşaat sahələrinə gedərək, işlərlə yerində tanış olan və Siyasi Büroya təqdim edilməsi məqsədilə hesabat hazırlayan ilk rəhbər şəxs idi. Həmin illərdə layihənin başa çatdırılmasına mane olan bir faktor da vardı. Bu isə bilavasitə Severomuysk tunelinin inşası ilə əlaqəli idi. O dövrü yaxşı xatırlayanlar bilir ki, inşaatçılar Baykal gölünün dərinliklərinə enməli idilər. Məhz Heydər Əliyev həmin sahədə alternativ marşrutun seçilməsi ideyasını dəstəkləyərək, bu çətinliyin aradan qaldırılmasına nail ola bilmişdi.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, prezidentin Moskva səfəri Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı şəkildə müttəfiqlik əsasında inkişaf edir:

 

"Ölkə Prezidentinin Rusiyaya işgüzar səfəri göstərir ki, iki ölkə arasındakı münasibətlər müttəfiqliklə bağlı qarşılıqlı imzalanmış müqavilə əsasında inkişaf etdirilməkdədir. Azərbaycan Prezidenti də vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında münasibtələrin inkişafından razıyıq. Rusiya Cənubi Qafqaz və daha böyük coğrafiyada təhlükəsizlik üzrə əsas ölkədir. Müvafiq olaraq Rusiya-Azərbaycan münasibətlərinin əsas xarakteri Cənubi Qafqazda vəziyyətə təsir edən çox böyük amildi. Rusiya ilə bütün sahələrdə konstruktiv əməkdaşlıq sistemi qurulub. Rusiya Prezidenti Vladimir Putin də hökumətlərarası komissiyanın işini, hərtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Rusiya rəsmiləri Azərbaycanı Rusiyanın böyük müttəfiqi adlandırıb. Bu da bir daha göstərir ki, Azərbaycan Prezidentinin strateji baxışları Cənubi Qafqaz regionu üçün çox mühüm əhəmiyyət daşıyan Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsinin saxlanılmasını şərtləndirilir".

Deputat vurğulayıb ki, iki ölkə arasında regional əməkdaşlıq da yüksək səviyyədə qurulub:

 

"Rusiyanın 70-dən çox regionu Azərbaycanla çox fəal əməkdaşlıq etməkdədir. Bu da iki ölkə arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin davamlı genişlənməsini şərtləndirməkdədir. Bu görüş bir daha Azərbaycan və Rusiya münasibətlərinin pik nöqtəsində olduğunu göstərir. Bu amil isə regionda hər mənada həledici amil rolunda çıxış edir".

 

Politoloq Natiq Miri Azərbaycan və Rusiya dövlət başçılarının müzakirə etdikləri məsələlərdən bəhs edib:

 

"Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı siyasi qərar verildi, Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyası növbəti görüşdə heç bir vasitəçi olmadan strateji qərar verdi və Qazaxın 4 kəndi qaytarıldı.Sərhədlərin delimitasiyası SSRİ dağılanda respublikaların malik olduqları sərhədə uyğunlaşıdılracaq.Doğrudur, bu yekun qərar deyil. Yekun sülh müqaviləsi imzalananda hansısa prinsiplər olacaqsa, ola bilsin ki, sərhədlərin delimitasiyası ilə bağlı sənəddə də dəyişikliklər olacaq. Çünki sülh müqaviləsi hüquqi baxımdan daha üstündür. Ermənistanın Baş naziri Nikol Paşinyan razılaşmadan sonra Rusiya sərhəd qoşunlarının ərazidən  çıxarılacağını bildirdi. Düşünürəm ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti bu məsələləri müzakirə ediblər. Çünki burada Rusiyanı narahat edən məqamlar var. Birincisi yeni reallıq fonundan Rusiya sülhməramlılarını Qarabağda 2025-ci ilin noyabrına kimi saxlamaq mümkün olmadı. Digər yandan Rusiyanın vasitəçiliyi olmadan və onların öyündüyü xəritələrdən istifadə olunmadan işğalda olan ərazilərin böyük hissəsi azad edildi. Bunlar, əlbəttə ki, Rusiyanı narahat edən məqamlardır. Sərhədlər müəyyənləşdikdən sonra ərazinin toxunulmaz statusu olacaq. Belə olan halda Rusiya sərhədçilərinin keşik çəkməsinə ehtiyac qalmayacaq. Düşünürəm ki, bu məsələlər prezidentlər tərəfindən  müzakirə olunub. Lakin burada Rusiya Prezidentinin istəklərinə rəğmən ciddi dəyişiləcək məsələ yoxdur".

N.Miri nəqliyyat məsələlərinin də müzakirə olunduğunu deyib:

 

"Ən əsas müzakirə olunacaq iki məsələ yeni nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Birinci məsələ Şimal-Cənub dəhlizi ilə bağlıdır. Digər məsələ Zəngəzur dəhlizi ilə əlaqədardır. Rusiya hələ də 10 noyabr sazişi kontekstində Zəngəzur dəhlizinə nəzarət etmək iddiasındandır. Lakin burada konkret razılıq ola bilməz. Azərbaycanın Rusiyaya üstünlük verməsindən söhbət gedə bilməz. Çünki münaqişə tərəflərindən biri də Azərbaycandır. Bu günə qədər Zəngəzur dəhlizinin açılmamasının səbəbkarı Ermənistandır".


Politoloq Turab Rzayev bildirib ki, müzakirə olunan məsələlərin başında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması gəlib:

 

"Digər yandan Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına razılaşıb. Bu məsələdə də Rusiyanın fərqli düşüncələrinin olduğunu düşünürəm. Əlbəttə, bu məsələ də Moskvadakı görüşdə müzakirə olunub.Digər yandan Rusiya Zəngəzur dəhlizinin açılmasını və bu dəhlizə nəzarətin özü tərəfindən edilməsini istəyir. Lakin Ermənistan buna qarşı çıxır. Əslində, Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi bizim üçün elə də arzuolunan deyil. Lakin hər halda Zəngəzur dəhlinin açılması açılmamasından daha yaxşıdır".

Politoloqun fikrincə, regional və beynəlxalq sülh məsələləri də ələ alınıb:

 

"Çünki Qərbin Rusiyaya təzyiqi artıb. Orta Asiyada, Cənubi Qafqazda Rusiyanı zəiflətmək istəyirlər. Ümumiyyətlə, son zamanlar baş verənlər fonunda iki ölkə başçısının müzakirə edəcəyi siyasi mövzuların sayı çoxdur. Lakin iqtisadi məsələlər də müzakirə olunub. Rusiya Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizindən istifadə etmək istəyir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi