Modern.az

Böyük Türk dünyası üçün mühüm SƏFƏR

Böyük Türk dünyası üçün mühüm SƏFƏR

Ölkə

24 Aprel 2024, 13:10

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Səfər çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

 

Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Qeyd edək ki, sözügedən məktəb Qırğızıstanın maliyyəsi ilə inşa ediləcək.

 

Azərbaycanın Mərkəzi Asiya regionunun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.

 

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar.

 

 

Ekspert deyir ki, Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Qərğızıstan Parlamentlərarası İşçi Qrupunun sədri Musa Quliyev söyləyib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri türk dünyası ailəsində münasibətlərin yüksək səviyyəyə qaldırılmasının təzahürüdür:

 

"Qırğızıstan Prezidenti cənab Sadr Japarovun ölkəmizə rəsmi səfəri dövlətlərimiz arasında, bütövlükdə  türk dünyası ailəsində münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasının bir təzahürüdür.Yeni istiqamətlərin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Qırğızıstan bir-birinə  öz soy-kökləri, mədəniyyətləri və türk kimlikləri ilə yaxın, qardaş  dövlətlərdir. Cənab Prezident inaqurasiya mərasimi zamanı bizim ailəmiz türk dünyasıdır demişdi. Qırğızıstan da türk dünyasının mühüm həlqəsidir".

 

M.Quliyev iki ölkə arasında münasibtəlrəin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolunun olduğunu qeyd edib:

 

"Müstəqillik dövründə iki ölkə arasında münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu vardır. Hər iki xalq və dövlət tərəfindən ümumilli liderin bu sahədə xidmətləri yüksək qiymətləndirilir. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Qırğızıstana səfər etdi və burada Manas dastanının minillik yubileyində çıxış etdi. Çıxışı zamanı qardaşlıq və dostluğumuzun əbədi olmasını dilədi. Bundan sonrakı dövrlərdə Azərbaycan və Qırğızıstan münasibətlərinin diplomatik və siyasi səviyyədə daha yüksək səviyyəyə qaldırılması üçün mühüm addımlar atıldı. 1996-cı ildə Azərbaycanın Qırğızıstanda, 1998-ci ildə isə Qırğızıstanın Azərbaycanda səfirliyi açıldı. Qırğızıstan və Azərbaycan Prezidentlərinin qarşılıqlı səfərləri, xüsusilə də 2022-ci ildə aprel ayında  Qırğızıstan Prezidentinin Azərbaycana, həmin ilin oktyabrında isə cənab İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasında münasibətləri strateji əməkdaşlıq və qardaşlıq səviyyəsinə qaldırdı. Məhz 2022-ci ilin aprel ayında Azərbaycanla Qırğızıstan arasında strateji əməkdaşlıq haqqında saziş imzalandı. Azərbaycanla Qırğızıstan arasında dövlətlərarası şura yaradılması haqda memerandum qəbul olundu. İki ölkə arasında iqtisadi münasibətlərin tənzimlənməsinə xidmət edən hökumətlərarası komissiya yaradıldı. Həmin komissiyanın həm Bişkek, həm də Bakıda, artıq bir neçə iclası keçirilib. Cənab Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstana səfəri zamanı isə bir sıra mühüm yeniliklərə imza atıldı. Qırğızıstan-Azərbaycan iqtisadi inkişaf fondu yaradıldı və Azərbaycan fonda 25 milyon dollar məbləğində ianə etdi. Qırğızıstan-Azərbaycan ticarət palatalarının qarşılıqlı münasibətləri, biznesin inkişafı sahələrində bir sıra sazişlər imzalandı. Qırğızıstanda Heydər Əliyev adına dostluq parkı və məktəb-gimnaziya açıldı".

 

Deputat Qırğızıstan Prezidentinin Ağdam səfərindən də bəhs edib:

 

"Sadr Japarovun budəfəki səfərində mühüm addım olaraq Ağdam şəhərində Qırğızıstanın Azərbaycana töhfəsi olan məktəbin bünövrəsinin qoyulması mərasimi keçiriləcək. Hesab edirəm ki,  bununla da işlər daha yüksək səviyyəyə qaldırılacaq. Bişkeklə Bakı qardaşlaşmış şəhərlərdir. Borş şəhəri ilə Gəncə şəhərlərinin qardaşlaşmış şəhərlər kimi elan edilməsinin imzalanma mərasimi, demək olar ki, hazırdır. Düşünürəm ki, iki ölkə arasındakı əlaqələr parlamentlər səviyyəsində də yüksək səviyyədə həyata keçirilib. Ötən il ümumilli lider Heydər Əliyevin yüzillik yubileyinin həm Azərbaycan, həm də Qırğızıstan parlamentlərində qeyd olunması, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakıyevin Azərbaycana səfəri və parlamentdə çıxışı, eyni zamanda dostluq qruplarının sıx münasibətləri, diplomatik müstəvilərdə nümayəndə heyətlərinin bir-birini dəstəkləmələri bizim qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, Qırğızıstanda 20 min azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın vətəndaşlarıdır və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər".

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çox mühüm hadisədir:

 

"Qırğızıstan da türk dünyasının bir parçasıdır. Azərbaycan son illər Türkiyədən başqa türk dünyasının iki böyük dövləti- Özbəkistan və Qazaxıstanla sıx əlaqələr qurub. Qarşılıqlı səfərlər olub. Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə mədəniyyət ocağı, məktəb tikib. Bu çox vacibdir. Qardaş dəstəyidir. Azərbaycanın kifayət qədər maliyyəsi var və özü mədəniyyət ocaqlarını, məktəbləri tikə bilər. Lakin bu ölkələrin belə addımlar atması onların Azərbaycanla münasibətlərini  sıxlaşdırır və türk dünyasının inteqrasiyasına ciddi töhfədir.  Bu baxımdan Qırğızıstan Prezidentinin ölkəmizə səfəri vacibdir. Görüş zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək. Qırğızıstan Qazaxıstan və Özbəkistanla müqayisədə çox da imkanlı dövlət olmasa belə Qırğızıstanda öz payını vermək istəyir. Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdamın Xıdırlı kəndindəndə orta məktəbin bünövrəsinin əsası qoyulacaq. Qırğızıstan bununla Türkiyə, Qazaxıstan, Özbəkistana qoşulur və Qarabağda əlini daşın altına qoyur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok