Son illər Azərbaycandan kənarda təhsil almaq istəyən gənclərin sayı artıb. Bu, özünü hər il dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün göndərilən tələbələrin də sayında göstərir. 2013-cü ildə Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib. Lakin Azərbaycanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar da çoxdur.
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1 iyul 2013-cü il tarixinə olan məlumata əsasən, Azərbaycanın ali məktəblərində 5389 nəfər əcnəbi vətəndaş təhsil alır. Bu tələbələrin böyük qismi texniki və tibb ixtisasları üzrə təhsil almaqdadırlar.
Ölkəmizdə təhsil alan əcnəbi tələbələr ən çox Azərbaycan Tibb Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında və Azərbaycan Diplomatik Akademiyasında təhsil alırlar.
Nazirlik Azərbaycanda ən çox hansı ölkələrdən əcnəbi tələblərin üstünlük təşkil etdiyini də açıqlayıb. İlk onluqda Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Çin, İraq, Pakistan, Qazaxıstan, Suriya vətəndaşları olan tələbələrdir.
Aytən ƏLİYEVA