Modern.az

Dövlət Sosial Müdafiə Fondunda sədr əvəzi yoxdu, Hesablama Palatasında var

Dövlət Sosial Müdafiə Fondunda sədr əvəzi yoxdu, Hesablama Palatasında var

Ölkə

31 Oktyabr 2013, 09:38

Prezident İlham Əliyevin oktyabrın 22-də imzaladığı sərəncamla Dövlət Sosial Müdafiə Fondunun və Hesablama Palatasının rəhbərləri yeni vəzifələrə təyin olundular. Səlim Müslümov Fonddan əmək və əhalinin sosial müdafiəsi naziri, Heydər Əsədov isə Palatadan kənd təsərrüfatı naziri vəzifəsinə gətirildi. Nəticədə Dövlət Sosial Müdafiə Fondu və Hesablama Palatasının rəhbər postları boşaldı.

Hələlik adı çəkilən qurumlara yeni rəhbərlərin nə zaman təyin olunacağı məlum deyil. Dövlət Sosial Müdafiə Fondunun yeni sədrini prezident təyin etməli, Hesablama Palatasına yeni sədrini isə Milli Məclis seçməlidir.

Bəs hazırda bu qurumlarda rəhbər səlahiyyətlərini kim həyata keçirir? Modern.az saytı suala cavab almaq üçün adları çəkilən dövlət orqanları ilə əlaqə saxlayıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, hələlik Fonda yeni sədr təyin olmadığı üçün sədr müavinləri öz kurasiyalarında olan şöbələrə nəzarət edirlər.

“Bütün qurumlarda belədir. Bizdə də iki sədr müavini var. Onlar öz kurasiyalarına daxil olan şöbələrə nəzarət edirlər. Sədrin səlahiyyətlərini kiminsə icra etməsi haqqında da sərəncam olmalıdır. Belə sərəncam isə verilməyib”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavinləri Zakir Babayev və Elman Mehdiyevdir. Yeri gəlmişkən, sər müavini Zakir Babayev 1999-cu il 11 iyul - 2002-ci il 17 dekabr tarixləri arasında Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib. O, 1993-cü ilin yanvarın 12-dən Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsində çalışır.
Digər müavin Elman Mehdiyev isə prezident İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini təyin edilib. 

Dövlət Sosial Müdafiə Fondundan fərqli olaraq, Hesablama Palatasında sərin səlahiyyətlərini icra edən konkret şəxs var. Palatanın mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva Modern.az-a belə deyib:
“Hesablama Palatası sədrinin səlahiyyətlərini sədrin müavini Adil Məhərrəmov icra edir”.
Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilib.

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi