Bir müddət öncə Mixail Saakaşvilini əvəz edən Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin kimliyi hamı üçün maraqlıdır.
Bidzina İvanişvili hökumətinin təhsil naziri, bir sıra elmi işlərin və dərs vəsaitlərinin müəllifi subay ölkə başçısı azərbaycanlı tələbələrə də dərs deyib.
Qeyd edək ki, Marqvelaşvili əvvəllər Gürcüstan İctimai İşlər İnstitutunda dərs deyib. Həmin universitetin kvotasına görə isə hər il Azərbaycandan orda 4-5 tələbə təhsil alır. Modern.az həmin tələbələrdən bir neçəsi ilə söhbətləşib.
"Hazırcavab idi, ondan çəkinirdik..."
Georgi Marqvelaşvilinin tələbəsi “Kaspi” qəzetinin əməkdaşı Lalə Musaqızının dedikləri:
“Georgi bizə demokratiyadan dərs deyirdi. Çox zarafatçıl, hazırcavab insan idi. Dərsi başqa müəllimlər kimi keçmirdi, çox əla başa salırdı. Dərslərimiz ingilis dilində idi. Amma o dərsə girəndə dərsi rus dilində keçməyə cəhd etdi. Gürcü tələbələrindən rus dilini başa düşməyənlər olduğundan onlar etiraz etdilər. Bir müddət keçəndən sonra ingilis dilində keçməyə başladı. Ondan çəkinirdik. Yəni o qədər hazırcavab idi ki, nə isə söz deyəndə elə cavab verərdi ki, adam pas vəziyyətinə düşsün”.
Lalə Musaqızı deyir ki, onun rektor olması da hiss olunmurmuş.
“Məsələn, bizim universitetlərin rektorları xüsusi mühafizə ilə gəzir, universitetin yeməkxanasında onlar üçün xüsusi yerlər ayrılır. Amma o, həmişə tələbələrlə bir yerdə oturardı. Ətrafında həmişə tələbələr olardı. Gürcü tələbələrlə kofe içirdi, siqaret çəkirdi. Tələbələr onun yanında çox sərbəst idilər. Hətta bir müddət əvvəl belə bir xəbər yayıldı ki, guya o, bədxassəli şişdən əziyyət çəkir. Bilmirəm nə dərəcədə doğrudur, doğru deyil. Amma hədsiz dərəcədə nikbin olduğuna görə, xəstəliyə üstün gələ bilmişdi. Hətta o qədər demokratik insan idi ki, onun heç katibəsi də yox idi. Məsələn, bizdə rektorun qəbuluna düşmək mümkünsüz olduğu halda Georgi Marqvelaşvilinin qəbuluna düşmək lazım deyildi. Sadəcə qapını döyürdün, nə sözün var idisə deyirdin. Həmişə dəhlizlərdə gəzirdi. Yəni ehtiyac yox idi ki, onun qəbuluna düşəsən və deyəsən ki, sizə nə isə sözüm var. Tələbə rektora dəhlizdə də sözünü deyə bilərdi”.
"Rektor olduğu vaxt Saakaşvili barədə maraqlı fikirlər deyirdi..."
“Jurnalist Media Menecment” kursunun jurnalistika və media idarəçiliyi fakültəsinin tələbəsi İsmayıl Məmmədov də Georgi Marqvelaşvili ilə Azərbaycandakı universitet rektorları arasında çox fərq olduğunu söylədi. Georgi Marqvelaşvilinin tələbələrlə birlikdə oturduğunu, səmimi ünsiyyət yaratdığını dedi:
“O, fəlsəfə elmləri doktorudur. Bizə demokratiyanın prinsipləri adlı fənndən dərs deyirdi. Həmçinin Gürcüstan İctimai Əlaqələr İnstitutunun rektoru idi. Çox nüfuzlu insan və intellektli olduğuna görə, çox hörmət qazanmışdı. Hələ rektor olduğu müddətdə Saakaşvili hakimiyyəti haqqında çox maraqlı fikirləri var idi. Bir dəfə demişdi ki, Batumiyə hansısa müğənnini gətirib konsert təşkil etməkdənsə, ona ayrılan pula məktəb tikməyi üstün tutur. Sol yönümlü və kommunizm prinsiplərinə üstünlük verən insan idi. Bərabərlik, ədalət, sosial ədalət kimi prinsipləri daim dəstəkləyirdi. Mənim üçün ən maraqlı məqam o idi ki, sovet dövründə boya-başa çatan insan olsa da, Qərb düşüncəli biri idi. Çünki sovet dövründə dünyaya gələn insanlar arasında Qərb fikirli insanlara rastlaşmaq çətindir. Bildiyimə görə, onun özü Amerikada doktorantura təhsili alıb. İvanaşvili bizim oxuduğumuz vaxt iş adamı kimi əhaliyə böyük yardım edirdi. Bu cəhətdən görünür onlar arasında bir uyğunluq olub. Mən həmin universiteti bitirib Azərbaycana gələndən sonra Georgi Marqvelaşvili təhsil naziri oldu”.
Fikirləri üst-üstə düşən tələbələrlə yaxşı dil tapdığını deyən İsmayıl Məmmədov Georgi Marqvelaşvilini subyektiv fikirli olduğunu deyir.
“Mən onun dərsindən “B” almışdım. Onun öz düşüncələri var idi. Hər şeyə subyektiv yanaşırdı. Bizim qrup yoldaşımız Gülər həmin fənndən “A”, yəni "5" aldı. Çünki o da sol düşüncəli xanım idi. Dəfələrlə onların kommunizmlə bağlı təkbətək söhbətləri olmuşdu. Gülərin bu fikirlərinə hörməti olduğuna görə Gülər onun dərsindən “A” aldı.
Onun dərsində çox azadlıq idi. Saakaşvili qalstukunu çeynədiyi kimi, o da şərfını çeynəyirdi, ayağını-ayağının üstünə aşırıb otururdu. Yəni müəllim-tələbə arasında səmimi münasibətlər var idi. “Tələbsən, otur oturduğun yerdə”, “sən kimsən?” , belə söhbətlər yox idi.
O, tələbəni dinləyirdi, sonra fikirlərini söyləyirdi. Ən çox Avropanın hüquq elmləri haqqında dərin bilgilər verirdi”.
"Georgi Marqvelaşvili millətçidir..."
“Səsli kitab” ın yaradıcısı, Georgi Marqvelaşvilinin tələbəsi Gülər Qasımova subay gürcü prezidentin yaradıçı və səmimi olduğunu bildirdi. Gürcüstanın yeni prezidentinin millətçi olduğunu söyləyən Gülər Qasımova hətta rektorla dalaşdığını da dedi.
“Eşitdiyimə görə, millətçi biri idi. Qrupda iki nəfərə “A” vermişdi. Onlardan biri də mən idim. Mənim müdafiəmdən xoşu gəldiyinə görə, mənə “A” vermişdi. Daha sonra kafedə oturub söhbət etmişdik, əsasən kitablardan danışmışdıq. O mənə dedi ki, tutaq ki, kommunizim cəmiyyəti yaratdın. Orada kimsə sənin istədiyin kimi olmadı. Pul, iqtisadiyyat yoxdur. Amma kimsə oğurluq, cinayət elədi. O zaman neyləyərdin? O vaxt mən bir az radikal idim. Mənim cavabım belə oldu ki, elə insanlar virusdur, onları təmizləmək lazımdır. O düz fikirləşmədiyimi mənə izah etdi. Bildirdi ki, insanları silmək düz deyil. Sadəcə onları kommunadan kənara atırsan. Onsuz da onlar yaşaya bilməyəcəklər. Belə söhbətlərimiz olub”.
Georgi Marqvelaşvili ilə dalaşan Gülər Qasımova bunun səbəbini də açıqladı:
"O, dərsdə ermənicə danışdı və mən bundan incidim. Bir mövzu qoyulmuşdu. Biz də ondan müsahibə almağa getdik. Bütün suallara “hə”, “yox” la cavab verirdi. Mən də buna görə əsəbləşdim. Hörmətsizlik, mədəniyyətsizlik etdiyini söylədim. O isə məni öyrətdiyini bildirdi. Dedi ki, düzgün suallar vermədiyimə görə, o da mənə qısaca “hə”, “yox”la cavab verir. Dedi ki, belə suallar versən “hə”, “yox”dan başqa cavab almayacaqsan”.
Gülər Qasımova deyir ki, Georgi Marqvelaşvili ermənicə də təmiz danışır.
“Mən Saakaşvilinin tərəfdarıyam. Georgi Marqvelaşvili rusmeyilli insandır. Hətta onun Azərbaycan dilində bilməməsi və erməni dilində təmiz danışması mənim çox xətrimə dəymişdi. Amma ermənipərəst biri deyil. Çox vaxt yazırlar ki, ermənipərəst mövqeyi ilə seçilir. Amma mən bunu heç vaxt hiss etməmişəm. Əksinə, hamıya necə idi, bizə də elə münasibət bəsləyirdi”.
Gültəkin ƏLƏSGƏR