Modern.az

Kəlbəcər və Cəbrayıla KÖÇ OLACAQ

Kəlbəcər və Cəbrayıla KÖÇ OLACAQ

Ölkə

6 May 2024, 10:11

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" prosesi davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.

 

"Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmi­zin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəl­bəcərə və Zəngilana da köçürülmə prose­sinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq", - Komitənin sədr müavini qeyd edib.

 

Qeyd edək ki, azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Ərazilər minalardan təmizlənir, yaşayış üçün vacib olan infrastrukturlar qurulur. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələri yaradılır. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. 

Modern.az-a danışan kəlbəcərli deputat Aqil Məmmədov bildirib ki, artıq Kəlbəcərdə iki, üç, dördmərtəbəli binaların tikintisinə start verilib:


“İşğaldan azad olunmuş bölgələrimizə qayıdış mərhələli şəkildə həyata keçirilməkdədir. Bu istiqamətdə dövlət səviyyəsində işlər aparılır. Böyük Qayıdışa dair I Dövlət Proqramı ölkə rəhbərliyi tərəfindən qəbul etmişdi. Mərhələli şəkildə yaşayış məntəqələri tikilib, soydaşlarımızı ora köçürülməsi həyata keçirilir. Cənab Prezident ilin əvvəlində də bunu vurğulamışdı. Bu istiqamətdə addımlar atılır. Həm Şuşaya, Xankəndinə, Xocalıya, Xocavəndə, Cəbrayıla köçlər nəzərdə  tutulub. Onu da qeyd edim ki, Kəlbəcər rayonunda da işlər bu istiqamətdə davam etdirilir. Kəlbəcərdə artıq iki, üç, dörd mərtəbəli binaların tikintisinə start verilib. Elə binalar var ki, artıq onun tikintisi başa çatmaq üzrədir. İlin sonunda da həmin soydaşlarımızın ora köçürülməsi nəzərdə tutulur. Bu il təkcə Kəlbəcər rayonu üzrə 5 mindən artıq əhalinin  köçürülməsi nəzərdə tutulur. Füzuli, Xankəndi şəhərinə köç mərhələli şəkildə aparılacaq. Bu proses ardıcıl olaraq davam etdirilir. Bu hər birimizi sevindirən haldır". 

 

Deputat vətəndaşlarla görüşlərin keçirildiyini, onların  fikirlərinin dinlənildiyini vurğulayıb:

 

“Onlar nə qədər məmnun olduqlarını arzularının çin olduqlarını, buna görə minnətdarlıqlarını bildirirlər. Vətəndaşlarımızın orada dayanıqlı yaşamını təmin etmək bütün zəruri tədbirlər həyata keçirilir. İnsanların yanlız yaşayış ilə təmin olunması yox, eyni zamanda orada işlə təminatları istiqamətində də uğurlu addımlar atılır.
Bu dövlətin nəzarətindədir. Bu yaxınlarda Laçın rayonunda əmək yarmakası keçirildi. Yeni iş yerlərinin yaradılması istiqamətində addımlar atılır. Bütün sahələr kompleks şəkildə inkişaf etdirilik ki, orada yaşayan insanların dayanıqlı yaşayışı təmin edilsin. Bundan sonra da nəzərdə tutulmuş işlər öz icrası  ilə həllini tapacaq. Bütün köçkünlərin qayıtması  təmin olunacaq. Mən gənclərdə müəyyən vaxtlarda görüşürəm. Onların fikirlərini dinləmək bizim üçün çox maraqlıdır. Kəlbəcərli olsalar da, orada doğulmamış gənclərimizin artıq 30 yaşları var. Baxmayaraq ki, onlar Kəlbəcəri görməyiblər, ancaq ailələrində, məktəblərimizdə yetəri qədər  məlumatlandırılıblar. Heç rast gəlməmişəm ki, kəlbəcərli gənc üçün ora qayıtmaq maraqlı olmasın. Hətta müraciət olur, hazırda ali təhsil alan, bitirən gənclər müraciət edirlər ki, Kəlbəcərdə işləsinlər, ata-baba yurdlarında fəaliyyət göstərsinlər”.

Kəlbəcərlə yanaşı, Cəbrayıl rayonuna da ilk köç olacaq. Rayonun Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.

 

Cəbrayıllı deputat Ceyhun Məmmədov Modern.az-a ilk köçlə bağlı sakinlərin təəssüratlarından danışıb:

 

“Bu gün hər bir cəbrayıllının ən böyük arzusu ən qısa vaxtda işğaldan azad olunmuş ərazilərə qayıtmaqdır. Bütün cəbrayıllıların arzusu budur. Onlar səbirsizliklə qayıdış gününü gözləyirlər. Artıq Cəbrayıla da ilk köç olacaq. Bu bizim üçün böyük mahiyyət kəsb edir. İnsanlarımız mütləq əksəriyyəti ora köçmək istəyir. Yaşlı, gənc fərq etmir, qayıdışla bağlı planı var. Orada yaşamaq, fəaliyyət göstərmək istəyirlər.

 

Çünki bu gün Cəbrayıl ən gözəl formada qurulur. Bu gün Cəbrayılda böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Ciddi addımlar atılır. İnsanlarımız səbrsizliklə həmin günləri gözlədiklərinə şahidəm. Artıq yaxın vaxtlarda Cərbayıllılar da doğma yurdda məşkunlaşacaq. Yenidən evlərdən ailələrin, uşaqların sevincli səsləri gələcək. Cəbrayıl ən qısa vaxtda qurulub abadlaşır. Cəbrayıllılar cənab Prezidentə ən qısa vaxta Cəbrayılın qurulmasına, abadlaşmasına görə təşəkkürlərini  bildirirlər. Çünki işğaldan  azad olunandan qısa bir müddət sonra azərbaycanlılar öz doğma yurdlarına köçürlər. Bizim üçün bundan gözəl bir an heç zaman ola bilməzdi”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi