Modern.az

ABŞ səfirinin diplomatik səriştəsizliyi - Şuşaya getmək "şoudur"?

ABŞ səfirinin diplomatik səriştəsizliyi - Şuşaya getmək

Ölkə

6 May 2024, 12:21

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi ötən gün yerli mətbuata verdiyi müsahibə birmənalı qarşılanmayıb.

 

"Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm", - O, Şuşaya getməmə "səbəb"ləri barədə danışarkən deyib.

 

Qeyd edək ki, ABŞ və Fransa səfirlərinin Şuşa, o cümlədən işğaldan azad edilmiş digər bölgələrə səfərlər etməməsi Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunub.

 

"Diplomatik səriştəsizlik"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı bildirib ki, ABŞ səfirinin çıxışı diplomatik səriştəsizlikdən xəbər verir:

 

“Səfirin təmsil etdiyi ABŞ dünyada gedən oyunların böyük oyunçusudur. Əslində, buna görə səfirin özü böyük oyunun parçasıdır. Ona görə də hansısa səfərə, Azərbaycanın gördüyü bir işə oyun kimi baxıb, özünü oyundankənar sayması doğru deyil. Dünyada siyasi və diplomatik oyunlar var. Dünya yeniləşir, dəyişir, insanlarla ölkələr yaxınlaşır və uzaqlaşırlar. Hamısı qlobal, böyük oyundur. Heç bir səfir də oyundankənar deyil.Şuşaya diplomatların səfərinə oyun kimi baxmaq diplomatik səriştəsizlikdən başqa bir şey deyil”.

S.Rüstəmxanlı vurğulayıb ki, diplomatların Şuşaya səfərinin səbəbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədini güdür:

 

“Azərbaycan 30 il onun başına gətirilənləri beynəlxalq aləmə göstərmək istəyir, bunda maraqlıdır. Bu əslində, Azərbaycanın reklamı deyil,onun haqqı erməni faşizmini və vəhşiliyini göstərmək istəyidir. Azərbaycanın buna haqqı var. Əslində, böyük dövlətlərin səfirləri bu işdə daha maraqlı olmalıdırlar ki, həqiqəti görsünlər. Həqiqəti görmək istəməyib, gözlərini yumurlarsa, bu həqiqətin  olmadığı mənasına gəlmir. ABŞ səfiri Şuşaya getsə, bunu görəcək. Ona görə də diplomatların Şuşaya səfərinə şou kimi baxmaq Azərbaycan xalqının ağrısını, 30 ildə çəkdiklərini hiss etmədikləri, Azərbaycanın dərdlərinə biganə olduqları anlamına gəlir. Eyni zamanda bu, özünü yuxarıda tutub, mən sizlərə qarışmaram, mən sizdən böyüyəm düşüncəsidir. ABŞ dövlət olaraq, heç vaxt bunu demir.  ABŞ dünyanın hər yerində mümkün qədər əzilən məzlum xalqlara yaxın olmaq siyasəti yeridir və yeritməlidir. Böyük dövlət olaraq, bu ABŞ-nin borcu və vəzifəsidir. Qarabağa getməməklə, səfir ABŞ-ın sözügedən siyasətinə uyğun addım atmır. Bu, mənim düşüncəmdir. Buna şou kimi baxa bilərlər. Lakin bu şou deyil. Əgər bu, şoudursa belə, onların, yəni böyük güclərin əli ilə törədilmiş və Azərbaycan üçün çox faciəvi formada sonlanmış, qanlı şoudur. Bunun nəticələrini onlara göstərmək istəyirik”.

 

"Erməni diasporunun xoşuna gələn addımlar"

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, bu çıxış erməni diasporuna xidmətin göstəricisidir:

 

“Ümumiyyətlə, vasitəçilik aparan ölkələr elə hesab edirdilər ki, məsələnin həlli üçün yeganə yol sülhdür. Lakin 30 ildə bir məsələnin də həllinə şahid olmadıq. Onlar bu mövqelərini davam etdirirlər. Lakin bunun mənim və Azərbaycan xalqı üçün əhəmiyyəti yoxdur. Onlar sadəcə öz mövqelərini ifşa edirlər. Biz onsuz da bu mövqelərini bilirdik. Bəyanatlarla, addımlarla öz mövqelərini açıqlayırlar. Təəssüflər olsun ki, səfir Azərbaycanı tanıyan, burada uzun müddət işləyən adamdır. Görsənir ki, təlimat bu yöndədir. O da hesab edirəm ki, daxilən təlimatları düzgün saymır. Təəssüflər olsun ki, biz ABŞ diplomatlarının seçkilərdəki məsələləri həll etmək üçün yorulmadan erməni diasporunun xoşuna gələn addımlar atdıqlarını görürük”.

Sabiq nazir deyir ki, belə çıxışlarla diplomatlar Azərbaycanla formalaşan münasibətləri qurban verirlər:

 

“Təbii  ki, belə addımları atarkən  onlar ümumi dövlət maraqlarını yox, sadəcə olaraq müvəqqəti öz siyasi varlıqlarını uzatmaq məqsədi daşıyırlar. ABŞ-dakı siyasətçilər, diplomatlar anormal siyasi qrupların maraqlarına görə ümumi dövlət maraqlarını, Azərbaycanla uzun müddət formalaşan əlaqələrini qurban verirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi