Modern.az

"Onu ancaq şəkillərə baxıb xatırlamışıq..." - Şəxsiyyəti müəyyənləşən şəhidimizin yaxını

Ölkə

6 May 2024, 15:32

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. Onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

 

Gülalı Dadaşovun qalıqları Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında aşkarlanıb.

 

Şəhidimizin qardaşı oğlu Səbuhi Dadaşov Modern.az-a açıqlamasında bildirib ki, Gülalı Dadaşov 1994-cü ilin yanvarın 1-də Füzuli rayonu Əbdürrəhmanlı kəndində itkin düşüb.

 

“Həmin zaman onun yanında kənd uşağımız olub. Əmim ona “məni qoy, get, canını xilas et. Olanları atama de”,- deyib. Kəndçimiz 300 metr aralandığını oradan əmim üzərinə ermənilərin toplaşdığını gördüyünü, onu atəşə tutduqları üçün qaçdığını deyib”.

 

Səbuhi Dadaşov əmisinin qəbrinin olmasının böyük bir məna daşıdığını deyib:

 

“Onun, ancaq şəkillərinə baxıb xatırlamışıq. Yolunu həmişə gözləmişəm. Çünki kəndçimiz onu buraxdığı zaman sağ olduğunu deyirdi. Sonra mən böyüdüm, hərbi xidmətimi keçdim. Müharibəyə də qatıldım. Həmin yerdə gedib döyüşdüm. Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüşlərdə olmuşam. Əmimin şəhid olduğu üzüm bağına qədər getmişəm. İndi əsas odur ki, onun qəbri olacaq. Gedib onun qəbrini ziyarət edəcəm. O da bizim üçün bir fəxrdir”

 

Qeyd edək ki, Səbuhi Dadaşov “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə”, “Xocavəndin azad olunmasını görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı