Modern.az

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - VİDEO

Şəhidimizin xanımı:

Ölkə

7 May 2024, 10:57

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər Rayonunun Şəhidlər Xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. 

 

Rüstəmov Cəlal Əbdülhəkim oğlu 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olub. Xocalı soyqırımından sonra Azərbaycanda və ölkədən kənarda yaşayan yüzlərlə azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılıb. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmovda Rusiyadakı əmək fəaliyyətinə son verərək Azərbaycana qayıdıb. O, artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü.

 

Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun batalyonunda döyüşüb. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşüb. Həmin tarixdən etibarən taleyi naməlum olaraq qalıb.

 

Cəlal Rüstəmovun həyat yoldaşı Tahirə Rüstəmova şəhidimizin taleyi ilə bağlı Modern.az-a danışıb.

 

“Cəlal Bakıda texnikomu bitirib. Bizim fikrimiz var idi ki, Bakıdan ev alaq. Sonra elə oldu ki, o, Tümendə işləməyə getdi. Bizi görməyə gəlirdi. Sonuncu gəlişi Xocalı hadisəsinə təsadüf etdi. Xocalıdan xəstəxanalara gələn yaralıları gördü, dedi mən döyüşə getməliyəm. O, fikrinə qoyduğunu mütləq etməli idi. Çox vətənpərvər insan idi. Cəlal 1990-ci ildə Tümendə işləyirdi. 1990-cı il 20 yanvar hadisələri zamanı o Bakıda deyildi.  Dedi, o vaxt Bakıda olsaydım, 20 yanvar şəhidlərdən biri də mən olacaqdım. 1992-ci ildə müharibəyə könüllü yazıldı. O vaxt oğlumuzun iki yaşı var idi. Nə qədər “getmə” desəm də, dedi, mümkün deyil, getməliyəm. Sonuncu dəfə avqust ayında gəldi. Oğlunun ad gününü keçirdi, qızına ad qoydu”.

 

Tahirə xanım deyir ki, həyat yoldaşı ilə sonuncu dəfə sentyabrın 12-də damışıb.

 

"Hazırlaşırdı gəlməyə, ancaq elə oldu ki, itkin düşməsi barədə xəbər aldıq. Bizdən sənədlərini istəmişdi dedi ki, məni Türkiyəyə hərbi məktəbə göndərmək istəyirlər. Onunla hər gün telefon əlaqəsi saxlayırdıq. Goranboyda, Tərtərdə olanda zəng edib danışırdıq.


Sentyabrın 14-ü zəng etdi. Dedi ki, gələcəm. Sonra hər gün onun zəngini gözləyirdik. Ailəsinə çox bağlı idi. Uşaqları çox sevirdi. Sentyabrın 22-sində televiziyada Cəlalı gördük. 3 dəqiqə çıxış etdi. Ancaq mən gördüm ki, sentyabrın 22-si yox, sentyabr 15-i yazılıb. O tarixi görəndə lap narahat oldum. Sonra qohumları və qardaşı gedib oradan çantasını gətirdilər. İçində onun əsgər paltarı, papağı, saatı var idi. İndi yayılan  videolarını 1992-ci ildə mənə Şəmistan Əlizamanlı vermişdi. Şəmistan Əlizamanlının məni çox hörmətlə qarşıladı. Dedi, Cəlalı tanıyırıq, çox igid oğlan idi. Onun itkin olduğu xəbərini aldıq.  Ancaq ümidim var idi.  Həm də bilirdim ki, sağdırsa, mütləq harada olsa, gələrdi. Mən bilirdim ki, o əsirlikdə qalmazdı. Bacarıqlı idi. Amma yenə də sevinirdim ki, meyitini görməmişəm. Görsəydim, intihar edərdim. Bəlkə də uşaqlarıma görə Allah belə etdi ki , onun meyitini görmədim. Onun yoxluğu heç vaxt yaddan çıxmır. Çünki çox ağır günlərimiz keçdi. Biz iki ildən sonra Bakıya gəldik. Əvvəldən də fikrimiz rayonda yaşamaq deyildi. Bakıda ev alacaqdıq. Xocalı hadisəsinə görə bütün planlarımız dəyişdi”.

 

32 il sonra şəxsiyyəti müəyyənləşən Cəlal Rüstəmovun həyat yoldaşı onun nəşinin nə vaxt və harada dəfn ediləcəyi barədə müzakirələrin aparıldığını bildirib: "Mənim istəyim budur ki, Bakıda Şəhidlər Xiyabanında dəfn olunsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi