Azərbaycanlıların gündəlik tələbatında undan hazırlanmış məhsullardan geniş istifadə edilir. Çörək isə hər bir ailənin hər gün evində yeyilən nemətdir. Amma son zamanlar un, un məhsullarının keyfiyyətsizliyi məsələsi gündəmə gəlib. Hətta bəziləri qeyd edir ki, illərlə saxlanılan un nə xarab olur, nə də hansısa canlı ona yaxın durur. Mütəxəssislər burada müxtəlif səbəblərin olduğunu qeyd edirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, Azərbaycanda taxıldan kəndlilər öz qidası üçün un hazırlaya bilmir. Buna səbəb isə həmin unun, buğdanın yapışqanlığının az olmasıdır. “Azərbaycanda əhalinin öz sahəsində əkdiyi buğdalar yem məqsədilə istifadə edilir, təxminən 90 faizi toyuqların və heyvanların yemlənməsinə gedir. Ona görə kəndlilər öz əkdikləri buğdadan istifadə edə bilmir və xaricdən gətirilən unun və buğdanın təsiri altında olurlar. Bu ölkədə kənd təsərrüfatı sahəsində böyük nöqsanlardan biridir”.
E. Hüseynov bildirib ki, bu gün satılan unların üzərində 95 faizinin buraxılma və son yararlılıq müddəti göstərilmir. “Unlar saxlanma şəraitinə uyğun olaraq bir ildən artıq qala bilməz. Böyük miqdarda un əmtəə bazarına vaxtı keçmiş, yararlıq müddəti bitmiş halda satılır. Çörək bişirənlər də artıq yarasız hala düşmüş undan istifadə edir. Belə unlarda qidalı maddələr artıq ölmüş olur və digər gözə görünməyən fəsadlar baş verir”.
E. Hüseynov bildirib ki, bu gün kütləvi istehsal yerlərində çörək seqmentində iki anormal vəziyyət müşahidə olunur. “Alınan çörəklər bir sutka tamam olmamış yapışqanlı olur. Bu o deməkdir ki, ya un xəstədir, göbələk xəstəliyi ilə xəstələnib və ya unu xəmirə çevirən avadanlıqlarda bakteriyalar var. Çörəyin saxlanma şəraiti 72 saatdır, bu dövrdə çörək gərək normal qalsın. Eyni zamanda aylarla yumşaq qalan çörəklərlə rastlaşırıq. “Broad house” deyilən çörək bir ildən artıqdır bazara çıxıb. Bir il yararlılıq müddəti var və adi çörəklərdən 10 dəfə baha satılır. Dəfələrlə dövlət orqanlarına, Səhiyyə Nazirliyinə müraciət etmişəm ki, o çörəyin tərkibinə nə vurulduğunu öyrənim. Cavab belə olur ki, onlar müasir texnologiyalarla istehsal olunur. Çörək kosmik aparat deyil ki, o müasir texnologiya ilə əmələ gəlsin, hamı bilir ki, necə əmələ gəlir, adi kəndçi də bilir, burada nə müasir texnologiya ola bilər? Müasir texnologiya o ola bilər ki, tərkibinə kimyəvi maddələr vurulur”.
AİB sədri unun tərkibinə vitaminlərin qarışdırılmaması məsələsinə də toxunub. “6 il bundan öncə Asiya İnkişaf Bankı unun vitaminlərlə zənginləşdirilməsi layihəsini həyata keçirdi. Una KAP deyilən maddə qarışığı vurulur, bura dəmir, sink və digər vitaminlər daxildir. 5 un üyütmə dəyirmanına avadanlıqlar verildi. KAP maddəsi gətirildi, una vuruldu. Azərbaycan vətəndaşlarının orqanizmində dəmir çatışmazlığı problemi var. Bu layihə bir il davam etdi. Ondan sonra avadanlıqlar çox təəssüflər olsun ki, işləmədiyi, KAP maddəsi qarışdırılmadığı halda bu gün də bazarda görürük ki, bəzi un kisələrinin üzərində qırmızı dairədə gülən uşaq şəkli emblemi vurulur. Bu artıq Milli Məclisdə müzakirə edilən bir məsələyə çevrilib ki, unun vitaminlərlə zənginləşdirilməsinə dair qanun qəbul edilsin”.
AİB sədri qeyd edib ki, təbiətin digər canlılarının buğdaya, una yaxınlaşması çox təbiidir. Amma bəzən un və ya buğda uzun müddət qalanda ona təbiət canlıları yaxın gəlmir.
“Bu iki mənbədən baş verir. Torpaqların çox çirklənməsi, buğdanın əkinində çoxlu sayda zəhərli maddələrdən istifadə olunması, ikincisi unun tərkibinə arzulolunmaz kimyəvi maddənin qarışdırılması”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, unun tərkibi yığılan məhsulla əlaqədardır. “Keçmişdə qeyd olunurdu ki, taxılda nəsə xəstəlik varsa, bu üyüdülən unda sonra hansısa şəkildə büruzə verəcək. İndi unun saxlanma şəraitləri də yaxşılaşdırılıb, hər bir anbarın saxlanma müddətləri və temperaturu var. Eyni zamanda məhsulların yığılmasından çox şey asılıdır. Un kisələri üst-üstə yığılmamalı, ara məsafəsi olmalıdır ki, içəridə hava oynasın”.
E. Quliyev bildirib ki, hər bir satış yerinin özünün imkan dairələri daxilində saxlanma şəraitləri var. “Balaca marketin balaca anbarında əlbəttə mal normal şəkildə saxlanmayacaq”.
Millət vəkili eyni zamanda GMO-lu unlar haqqında da danışıb. “Digər məhsullardan fərqli olaraq unda GMO-nu elə də müşahidə etmirik, qabarıq şəkildə görünmür. Sözsüz ki, unda da GMO var. Lakin bununla bağlı qanun qəbul etmişik. Artıq GMO-lu məhsulların ölkəyə gətirilməsi və istehsalına icazə verilməyəcək”, – deyə Eldar Quliyev vurğulayıb.
Aytən ƏLİYEVA