Modern.az

Yağış və külək təsərrüfatlara ziyan vurub: Meyvə-tərəvəz bahalaşacaq

Yağış və külək təsərrüfatlara ziyan vurub: Meyvə-tərəvəz bahalaşacaq

Ölkə

7 May 2024, 17:35

Son günlər Bakıda və bölgələrdə intensiv yağışlar müşahidə olunur. Bəzi bölgələrə dolu düşüb, dağlıq ərazilərə qar yağıb, güclü külək və leysan yağışlar fəsadlara səbəb olub. 

 

Xüsusilə bölgələrdə meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb. Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına ciddi ziyan vurduğu bildirilir.

 

Mayın 6-da verilən məlumata görə, son üç gündə təsərrüfatlara zərər dəyməsi ilə bağlı Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə 7 rayon üzrə  20 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib.

 

İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub. 

 

Ekspertlər bəzi meyvə və tərəvəzlərin yığımında azalma olacağını, qiymətlərin artacağını proqnozlaşdırır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a açıqlamasında da deyir ki, əlverişsiz hava  kənd təsərrüfatına təsirsiz ötüşmür: 

 

“Yağışın yağmasının bəzi məhsullara faydası olduğu kimi bəzilərinə zərər verir. Əlverişsiz hava bitkilərin fizioloji durumuna təsirsiz ötüşməyəcək. Əgər bundan sonra da havanın tempraturu aşağı dərəcədə davam edərsə, daha da ciddi fəsadlar yaranacaq. Yağışların nə zaman, nə vaxt, nə qədər yağmasının da müsbət və mənfi tərəfləri var. Yağışlar davamlı yağarsa, meyvələrin xarici görünüşündə ləkələr yaranacaq, zədələr olacaq. Əlverişsiz havanın kənd təsərrüfatına artıq bəzi təsirlərini görürük. Bu il ərik istehsalımız azalacaq. Havanın kəskin dəyişməsi intensiv yağışların yağması əriyin mayalanma dövrünə təsadüf etdi. Artıq məhsuldarlığın ilk baxışdan aşağı düşdüyünü müşahidə edirik. Regionlarda bir neçə gündür, dolu, intensiv yağışlar yağır, sel suları əmələ gəlir. Hava nisbətən soyuyub. Havanın soyuması bitkilərə mənfi təsir göstərir. Bitki inkişafdan qalır, geriləyir.  Bu da məhsuldarlığa ziyan vurur. Dolunun düşməsi də təsərrüfata ciddi ziyan vurur. Ağacları sındırır, yeni yetişən bitkilərə ziyan vurur. Haradakı taxıl zəifdir, onu yatırır. Ancaq ümumilikdə hələ tezdir bunu demək". 

 

Ekspert buğda ilə bağlı risklərin olduğunu bildirib:

 

"Təəssüf ki, biz özümüz ərzaq buğdasına olan tələbatın 70 faizini idxalın hesabına ödəyirik. İndi havaların belə keçməsinin də təsiri olacaq. Hərhalda texniki qaydalara əməl etməklə riskləri minimuma endirmək olar. Bundan sonra məhsuldarlığı artırmaqla bağlı bir sıra tədbirlər görmək olar. Bu da müsbət nəticə verə bilər. Yay mövsümündə suvarma suyunu necə təşkil olunacağından çox şey asılıdır. Bu çox vacib məsələdir. Suvarma suyu may ayının sonuna təşkil olunsa, bu sahədə geriləmənin qarşısını almaq olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi