Modern.az

Türkiyəyə sığınan suriyalılar: Hər kəs bizə öz hekayəsini danışmaq istəyirdi - REPORTAJ

Türkiyəyə sığınan suriyalılar: Hər kəs bizə öz hekayəsini danışmaq istəyirdi - REPORTAJ

3 Noyabr 2013, 22:23

Yoxsulluq və zənginlik savaşı...


Suriyadakı daxili savaşdan qaçıb Türkiyəyə gələn ailələrin yaşadıqları yoxsulluq ürək ağrıdır. Çox sayda suriyalı qaçqına ev sahibliyi edən Türkiyədə onlar müxtəlif işlər görüb həyatda qalmağa çalışırlar. Su satır, ev təmizliyinə gedir, bir çox hallarda isə küçələrdə əl açıb dilənirlər. İstanbulun Eminönü səmtində dar küçələrin biri və yerin altına açılan qapı. Qapını açıb içəri daxil olanda elə bir kəskin qoxu ilə rastlaşırsan ki... Günəş üzü görməyən dar otaq nəmişlikdən çöküb. Bu mənzərəni yazmaqla təsəvvür etmək o qədər çətindir ki... Bir anlıq işgal olunmuş torpaqlarımızı və bizim insanlarımızın 10 il öncə  vaqonlarda və çadırlarda yaşadığı acınacaqlı həyatı xatırlayıram. Mənzərə o qədər oxşardı ki... O üzdən qaçqın suriyalıların durumunu anlayıram.
...Bu alaqaranlıq yerdə təxminən 20 suriyalı ailə yaşayır. Daxil olduğumuz evdə bizi yaşlı bir adam qarşılayır. Amma biz otağa girən kimi hər kəs bura axışır. Onlar dərdlərini anlatmaq və mümkün qədər yardım almaq istəyirlər. Ailə deyir ki, Hələb şəhərindəki savaşdan qaçıb əvvəlcə Urfaya gəliblər. Amma Urfada yaşamın o qədər asan olmadığını görüb, böyük şəhərin - İstanbulun yolunu tutublar. İstanbulda da yaşam daha ağır olub. Birotaqlı ev 400 türk lirəsinə (200 manat) kirayə verilib. Gündəlik 30 lirə güclə qazandıqlarını deyirlər. Ona görə də ev sahibinə borcları durmadan artır. 

Ali Muhammed adlı yaşlı suriyalı deyir ki, indi də Urfaya dönmək üçün pul yığırlar ki, bəlkə orda yerli sakinlərin tarlalarında çalışaraq, keçinə bilərlər.

3 uşaq anası Dia Ömər deyir həyat yoldaşını savaşda itirib, indi uşaqlarını ayada tutmaq üçün evlərə təmizliyə gedir. “Ev-ev dolaşıb “təmizliyə ehtiyacınız varmı?” deyə soruşuram. Cox vaxt evlərə girməyə izin vermirlər. Yalnız binaların pilləkənlərini silir və cox az ücrət alıram. Gündə 15 türk lirəsi güclə qazanıram. Tək istəyim odur ki, savaş bitsin və ölkəmə geri dönüm”.

Sonra Nadya adlı bir qadınla söhbət edirəm. Deyir o, ərinin ikinci həyat yoldaşıdır.

”Birinci qadın müharibədə ölüb və onun 8 uşagına də mən baxıram. Bura gəldiyimizdə hamilə olduğumu oyrəndim. Amma xəstəxanada müayinə olunmaq üçün pulum yoxdu. Körpəmin sağlıgından narahatam”.

Burda hər kəs öz hekayəsini danışmaq istəyir. Evlərində yerə salınmış kilimdən və yorğandan başqa bir şey yoxdu. Bir otaqda 8 nəfər yatır. Hər gün iş axtarırlar. Gündəlik iş tapa bilməyəndə isə ümid yardımsevər insanlara qalır...


Amma doğurdan da həyat hər yerdə insanlar üçün fərqlidir. Suriyadan gələn və yoxsulluq içində yaşayan, yaşamaq üçün mücadilə edən və bəzən də bacarmayan insanlar... Bir tərəfdə isə zəngin suriyalılar. İstanbulun Sulikkale deyilən səmtində yaşayan suriyalı qaçqınlarla az öncə bəhs etdiyimiz zəngin insanalrın yaşam tərzi müqayisəyə gəlməz.  Parkda, yarımçıq tikililırdə yaşayan Suriya qaçqınları və vilalarda yaşayanlar... Zəngin suriyalıların həyatənda heç bir şey dəyişməyib. Onlar həyatlarına qaldıqları yerdən davam edirlər. Onlar turizm işi görür, böyük dükanlar açır, İstanbulun ən lüks yerlərində qalır. Zəngin suriyalı qadınlar isə günlərini böyük alış-veriş mərkəzlərində keçirir.

İstanbulun qədim məhəllələrindən olan, əvvələr yunanların yaşadığı Sulikkalenin yeni zəngin suriyalı sakini Ümmü Hatumi bir villada iki gəlini və 9 nəvəsi ilə birlikdə qalır. Hatumi deyir ki, vətənini çox sevir, amma ordan ayrılmağa məcbur olublar.

“Uşaqlarımızın həyatını qurtarmalıydıq. Bizim imkanımız digər qaçqınlarla müqayisədə daha yaxşıdır. Ailə üzvlərimizin sayı çoxdu. Böyük şəhərdə bir-birimizi itirməmək üçün bu villanı kirələdik. Amma biz də evdə oturmuruq və oğlanlarım durmadan çalışır. Burda güvəndəyik və rahatıq”.

Türkiyənin xarici işlər naziri Əhməd  Davudoğlunun açıqlamasına görə, hazıra ölkədə 600 min suriyalı qaçqın var. Amma bu da son deyil. Çünki hər gün sərhədlərdən yüzlərlə suriyalı Türkiyəyə keçır. Bunların çoxu qeyri-leqal yollarla gələnlərdi. Türkiyə suriyalı  qaçqınlara yaşaqmaq üçün qucaq açsa da, zatən 70 milyondan çox vətəndaşı olan ölkənin insanları bu durumdan cox da razı deyil. Türklər Suriyadan gələnlərə yardım etsələr də,  gələcəkdə bunun sosial partlayışa səbəb olacağından qorxurlar.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın son açıqlamasına görə, 2 milyard dollardan çox pul xərclənib. Və artıq qaçqınlara ayılq maasların ödənməsinə də qərar verilib. Bu isə işsizliyin çox olduğu Türkiyədə yeni problemlərə yol açır...
İndi türklərin də tək diləyi savaşın bitməsidir...


Məhsəti Şərif,
İstanbul

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi