Modern.az

Malıbəylidə tapılan sümük qalıqları kimə məxsusdur? - AÇIQLAMA

Malıbəylidə tapılan sümük qalıqları kimə məxsusdur? - AÇIQLAMA

10 May 2024, 17:40

Mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilib. Məsələ ilə bağlı araşdırma aparılır. 

 

Bu, Malıbəylidə tapılan ilk belə hal deyil. Bir müddət əvvəl Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində 8 nəfərin qalıqları aşkar olunub. 

 

Malıbəylidən  ehtiyatda olan polkovnik Azay Kərimov Modern.az-a açıqlamasında deyib ki, ermənilər Malbəylinin aşağı hissəsində türmə formasında bir şey tikiblər.

 

"Kənardan gələn əsirləri orada saxlayırlarmış. Onlar söküntü işləri ilə məşğul olurmuşlar. Mən hesab edirəm ki, onlar Malıbəylidən deyillər, başqa yerdən, Şuşa türməsindən gələn əsirlərdir. Malıbəylidə üç mərtəbədən aşağı bina olmayıb. İndi kənddə bir dənə də olsun məsciddən başqa hündürmərtəbəli tikili yoxdur. Onların hamısını söküblər. Söküntüyə Şuşa, Xankəndi türməsindən əsirləri cəlb ediblər. Hesab edirəm ki, orada bizim camaatdan şəhid yoxdur. 1992-ci ildə fevralın 11-də kənd işğalı zaman şəhidlərimiz olub. Ancaq əsir verməmişik, şəhid olublar. Malıbəylidə onlar harada şəhid olublar yerlərini tapdıq. Yəni, Malibəyli şəhidləri tapılıblar. Onlar tamam başqa yerdən gətirilən insanlardırlar”.

Azay Kərimov qeyd edir ki, 1992-ci ilin fevralın 9-12-də Malıbəyli ilə yanaşı, Yuxarı Quşçular, Aşağı Quşçular və Nəbilər kəndlərinin sakinlərinin də kütləvi qırğından xilas olunub 45 km məsafədəki Ağdam rayonunun Abdal-Gülablı kəndinə gətirilməsi üçün əlindən gələni edib:

 

“Bu haqda çox danışmışam. Təkrar olsun istəmirəm. Ermənilər Xankəndi yaxınlığında yerləşən kəndimizi şumlayıblar. Dəhşətli bir mənzərədir. Mənə Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı ən çox təsir edən kəndimizdəki qədim məscidlərin ermənilər tərəfindən də yerlə-yeksan edilməsidir. Bu məscidlər XVI-XVII əsrlərə aid tarixi abidələr olub. Onların  üçünü də Şuşadakı məşhur məscidləri tikən eyni memar tikmişdi. Həmin məscidlərdən ikisinin, ümumiyyətlə bünövrələri də yox edilib. Bizim yurd-yuvalarımızı, məscidlərimizi yerlə yeksan etdilər ki, nə vaxtsa Qarabağda  yaşadığımız bilinməsin. İndi Malıbəylidə bərpa-quruculuq işləri gedir. Kəndi sakinləri də burada iştirak edir. Dövlətimizin sayəsində İnşallah kəndi bərpa edəcəyik”. 

 

Qeyd edək ki, Malıbəyli kəndi 5 dekabr 2023-cü ildən Şuşa rayonunun təkibindən çıxarılıb və Xocalı rayonunun tərkibinə daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?