“Azərbaycanda mütləq yoxsulluğun aradan qaldırılması üçün dövlət 2008-2015-ci ili əhatə edən yoxsulluğun azad edilməsi çərçivəsində müəyyən işlər həyata keçirir. Hökumətin yaxın gələcəkdə əsas hədəfi ehtiyac meyarını yaşayış meyarına çatdırmaqdır. Ehtiyac meyarı yaşayış minimumu ilə eyniləşdirildikdən sonra ümumiyyətlə bu prinsiplərin meyarlarına yenidən baxılacaq. Amerika və Avropadakı kimi nisbi yoxsulluq prinsipləri üzərində yanaşmalara keçiləcək”. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.
Modern.az xəbər verir ki, bu gün Milli Məclisdə dövlət büdcəsi ilə bağlı keçirilən komitə iclasında ehtiyac meyarı ilə bağlı deputat Vahid Əhmədovun qaldırdığı məsələyə nazir müavini münasibət bildirib. O deyib ki, Azərbaycanda yaşayış minimumu 125 manatdır, bu rəqəm ötən illərlə müqayisədə inflyasiya uyğun olaraq artırılıb. S.Həsənova deyib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda bir ailəni təxminən 4 nəfər təşkil edir. Belə olan halda Azərbaycan ailəsində yaşayış minimumu 600 manata yaxın pul edir ki, bu da bir ailənin minimal tələbatını ödəmək üçün yetər.
“Amma ölkədə orta aylıq əmək haqqının 414 manat olduğunu nəzərə alsaq, bu, yaşayış minimumdan aşağı göstərici sayılmalıdır”.
Modern.az