Modern.az

Müdafiə nazirinin müavini vəzifədən azad olundu - DOSYE

Müdafiə nazirinin müavini vəzifədən azad olundu - DOSYE

Ölkə

11 May 2024, 14:06

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı müvafiq sərəncamı imzalayıb.

Sərəncam mayın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirlən toplandıda diqqətə çatdırılıb.

Müdafə naziri Azərbaycan Ordusunun digər qoşun növləri kimi, HHQ-nin də Vətən müharibəsi və digər əməliyyatlarda fəaliyyətinin Ali Baş Komandan tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Bildirilib ki, dövlət başçısının tələblərinə uyğun olaraq son dövrlərdə HHQ-nin inkişafı istiqamətində mühüm addımlar atılıb və hərbi potensialı daha da artırılıb. Silahlanmaya müasir tələblərə cavab verən yeni aviasiya və pilotsuz uçuş aparatlarının qəbul edilməsi, peşəkar hərbi qulluqçuların, pilotların hazırlanmasının Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların bariz nümunələrindən olduğu diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant R.Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

General-leytenant R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

Modern.az saytı hərbi xismətdən ehtiyata buraxılan generalın dosyesini təqdim edir:

Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.

1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və 2023-cü ildə isə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu fərqlənmə ilə bitirib.

1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A.M.Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib.

2002-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24.06.2015 tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19.04.2016-cı il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 25.06.2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı, 27.05.2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 23.08.2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı və 07.11.2023-cü il tarixli sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

14.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

11.10.2024-cü ildə hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Ailəlidir. İki övladı var.
 

A.Qorxmaz
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi