Modern.az

ATƏT-in Minsk Qrupu LƏĞV EDİLİR

ATƏT-in Minsk Qrupu LƏĞV EDİLİR

Ölkə

14 May 2024, 15:50

Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun ləğv edilməsindən danışıb. Dövlət başçısı mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qaldığını və mövcud olmadığını deyib.

 

İlham Əliyev qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

 

Qeyd edək ki, Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

 

1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

 

Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb. 

 

Qeyd edək ki, Rəsmi Bakı Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinə çağırış edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Minsk qrupu onsuz da işləmirdi:

 

“Bu qrup sadəcə kağızda qalmış təşkilat idi. Heç təşkilat da adlandırmaq olmaz. Mənim xarici işlər naziri olduğum dövrdə həmsədrlər regiona gəlir, bizimlə görüşür, daha sonra Vyanaya gedirdilər. Burada Minsk qrupu üzvləri ilə səfirlər səviyyəsində görüşüb, danışıqlar prosesi haqqında məlumatlar verirdilər. Amma 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra məntiq itdi. Həmsədr olan ABŞ və Rusiya individual şəkildə işlərini qurmağa başladılar. Fransa bu məsələlərdə o qədər də aktiv deyildi, o sadəcə Ermənsitana dəstək verirdi”.

Sabiq nazir artıq tərəflərin birbaşa sərhəddə görüşünün daha düzgün olduğunu qeyd edib:

 

"Birinci gündən deyirəm ki, əgər biz delimitasiya və demarkasiya komissiyasının birbaşa görüşlərini təşkil edə, xarici işlər nazirləri səviyyəsində birbaşa görüş keçirdiksə, üçüncü tərəflərə, ATƏT-in Minsk qrupuna və ya qeyrisinə nə ehtiyac var? Doğrudur, nazirlər Qazaxıstanda görüşdülər. Amma onlar özləri də bəyan etdilər ki, sadəcə görüş üçün  şərait yaradıblar. Onlar bu məsələyə qarşımırlar. Simvolik olaraq  birinci görüşü Almatıda keçirmək olar. Çünki Almatıda deklarasiya bağlamaq istəyirlər. Amma məndən olsaydı, deyərdim ki, Baş nazir müavinləri səviyyəsində olduğu kimi gəlin sərhəddə görüşək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?