Modern.az

Səfirimiz İrana qayıdır - Hazırlıq işləri görülür

Səfirimiz İrana qayıdır - Hazırlıq işləri görülür

Ölkə

17 May 2024, 09:56

Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

Onun sözlərinə görə, son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb.

 

Aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. 

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

 

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

 

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun haqqında ölüm hökmü çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir