Modern.az

Prezidentliyə keçmiş namizədlər deputat olmaq İSTƏYİRLƏR

Prezidentliyə keçmiş namizədlər deputat olmaq İSTƏYİRLƏR

Ölkə

17 May 2024, 16:36

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

 

Artıq bir çox şəxs deputatlığa namizədliyini açıqlayıblar. Modern.az 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində namizəd olan şəxslərin də fikirlərini öyrənib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin qələbə qazandığı seçkilərdə Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsini sədri Fazil Mustafa, deputat, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və QHT sədri Fuad Əliyev namizəd kimi iştirak edib.

Saytımıza açıqlamasında Zahid Oruc hansı halda parlament seçkilərində namizəd olacağını açıqlayıb:

 

“İstəmirəm ki, burada bir özfəaliyyət görünsün. Biz siyasi komandanın içərisindəyik. Yəni mən Prezident İlham Əliyevin liderliyi altında idarə olunan bu dövlətdə ikili vəzifə daşıyıram. Ona görə də avtonom qərarları məqbul hesab etmirəm. Elə düşünürəm ki, biz ötən illər ərzində dövlətimizə, millətimizə layiqincə xidmət etməyə çalışmışıq. Təkcə təmsil etdiyimiz bölgə deyil də, bütöv Azərbaycan ideallarının qulluqçusu olaq. O baxımdan mənsub olduğum siyasi komanda seçkilərdə bizim iştirakımızı məqbul sayacaqsa, dövrün tələblərinə uyğun hesab edəcəksə, heç şübhəsiz seçkiyə qatılacam. Bir qədər seçki təcrübəsi olan adam kimi deyə bilərəm ki biz hər zaman insanların içərisinə getdik. Onların tələbləri, arzuları və istəkləri ilə üz-üzə olduq. Bunları dövlət institutlarına daşımağa çalışdıq. Bu mənada müəyyən təcrübə qazanılıb. Yenə də bilik və bacarıqlarımızı bu istiqamətə yönəltməyə hazır olacağıq. Başqa mövqe seçiləcəksə, onu da dəyərləndirib, buna uyğun hərəkət edəcəyik. Mən partiya mənsubiyyəti olan bir şəxs deyiləm. Bitərəf deputatam. Amma bitərəflik anlamında tərəfim dövlət, Ali Baş Komandandır. Bu mənada tərəfdar olduğum siyasi institun, komandanın qaydalarını və prinsiplərini qoruyub saxlamalıyam. Qərar bu istiqamətdə  müsbət olacaqsa, seçkilərdə iştirak edəcəm".

 

"Siyasi komanda seçkidə iştirakımla bağlı qərar verərsə, hansı dairədən namizəd olacağımı indiki halda deməyimin mənfi təsirinin olacağını düşünürəm. Yəni bu sanki bir yönləndirmə olacaq. Bu barədə qərar verildikdən sonra da dəyərləndirmə ediləcək", - komitə sədri əlavə edib.

 

Fazil Mustafa isə deyir ki, seçkilərin vaxtı hələ müəyyənləşdirilməyib: "Yəqin ki, tarix bir neçə ay öncəyə təyin olacaq. Çünki Mərkəzi Seçki Komissiyasının sədri də bu istiqamətdə açıqlama verib. Lakin hələ təyin olunmamış seçkilərlə bağlı bir şey söyləmək çətindir. Prinsip olaraq biz seçkidə iştirak edəcəyik. Ənənəvi dairəmiz var, eləcə də başqa variantlar da müzakirə oluna bilər. Hər halda biz məsələni partiyada müzakirə edib həll edəcəyik. Seçki elə bir prosesdir ki, burada proses tək başına aparılmır. Proses həm də bütün partiya üzvlərinin dəstəkləri ilə gerçəkləşən, onların fəallığı ilə müşayiət olunan məsələdir. Ona görə vaxtı gələndə dairə də açıqlanacaq".

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev təmsil etdiyi seçki dairəsindən yenidən namizədliyini irəli sürəcəyini bildirib: "Milli Cəbhə Partiyası seçkidə iştirak edəcək. Hazırda mən İmişli seçki dairəsindən deputatlığa seçilmişəm. Yəqin ki, həmin seçki dairəsindən də yenidən namizədliyimi irəli sürəcəm".

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin hansı dairədən namizədliyini irəli sürəcəyi barədə onun müavini Niyaməddin Orduxanlı məlumat verib: "Ədalət, Haqq və Demokratiya Partiyası hər zaman seçkilərdə iştirak edib. Qarşıdan gələn parlament seçkilərində partiya olaraq iştirak edəcəyik. ƏHD Partiyasının hörmətli lideri və partiyanın bütün üzvlərinin seçkilərdə iştirakı Partiyanın Ali orqanında veriləcək qərardan asılıdır. Eyni zamanda Qüdrət bəyin hansı dairədən namizəd olacağı da yenə Ali orqanda veriləcək qərardan sonra müəyyənləşəcək. Seçki ərəfəsində bu barədə qərar veriləcək".

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hansı dairələrdən namizəd ola biləcəyi barədə məlumat verib: "Partiyamız Parlament seçkilərinə hazırlaşır. Hansı dairədən namizədliyin irəli sürülməsi məsələsi hələ müəyyənləşdirilməyib. Ənənəvi olaraq, mən 9-cu seçki dairəsindən namizədliyimi vermişəm. İndiki halda müxtəlif variantlar var. Mən Xətai rayonunda 33-cü dairənin ərazisində yaşayıram. Orada da, başqa dairələrdə də mənə müraciətlər var. Biz mənim və digər partiya nümayəndələrinin hansı dairədən namizəd olmaq məsələsini müəyyənləşdirəcəyik".

 

Fuad Əliyev iyun ayının 10-dan sonra hansı dairədən namizəd olacağının açıqlanacağını vurğulayıb: "Parlament seçkilərində iştirak etməklə bağlı qərarımız var. 1 ay bundan qabaq bununla bağlı ilk toplantımızı keçrdik. Hazırlıq işlərinə başlamışıq. Müstəqil Həmkarlar Birliyi olaraq, sözsüz ki, seçkidə təşkilat kimi iştirak edə bilməyəcəyik. Buna qanunvericilik icazə vermir. Amma idarə heyətinin, rayon təşkilatlarının üzvləri fərdi şəkildə bu seçkilərdə iştirak edəcəklər. Seçki Qərargahı yaradılıb. Mənim şəxsən hansı dairədən namizədliyimi irəli sürməyimlə bağlı hələki dəqiq qərar yoxdur. Prezident seçkilərində iştirak etmişəm hesab edirəm ki, respublikada mövcud olan istənilən seçki dairəsindən namizədliyimi irəli sürə bilərəm. Seçki Qərargahının gündəmində hələ bu məsələ yoxdur. İyunun 10-dan sonra yəqin ki, iştirak edəcəyimiz dairələr açıqlanacaq. Hansı rayon təşkilatında namizəd olmayacaqsa, ola bilsin ki, mən öz namizədliyimi oradan irəli sürüm".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti