Sıravi vətəndaş bəzən şikayət edir: “Neft ölkəsi olan Azərbaycanda niyə benzin bu qədər bahadır?” Doğrudanmı belədir. Digər neft ölkələrində yanacaq-sürtkü materialları, o cümlədən benzin həqiqətən Azərbaycandakından ucuzdurmu?
Modern.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq qonşu ölkələrdə neft qiymətlərini araşdırıb.
İlk növbədə o qədər də zəngin hesab edilməyən neft ölkələrinə baxaq. Məsələn, neft ölkəsi olan Qazaxıstanda ixracda neft və neft məhsullarının payı cəmi 35%-dir. Azərbaycanda isə bu göstərici 80%-i üstələyir. Dövlət büdcəsinin 75%-i isə birbaşa neftdən formalaşır.
Qazaxıstanda ötən il inflyasiya 7,4% təşkil edib. Azərbaycanda isə bu göstərici 10%-dən çox olub.
Sözügedən Xəzəryanı ölkədə maliyyə sistemi inkişaf, şəffaflıq və dövlətin müdaxiləsindən müdafiə səviyyəsinə görə MDB-də birinci yerdədir. Adambaşına düşən ÜDM isə 12401 dollar təşkil edir. Bu göstəriciyə görə ölkə Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, o, 69-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan 81-ci yerdədir.
Qazaxıstanda benzinin qiyməti 0,58 dollar olduğu halda, Azərbaycanda 0,70 dollardan ucuz benzin yoxdur.
Neft hasilatı həcmlərinə görə OPEK üzvləri arasında ikinci olan qonşu İranın iqtisadiyyatı Asiyada yalnız Çin, Yaponiya, Türkiyə, Cənubi Koreyadan geri qalır. Adambaşına düşən ÜDM 11,600 dollar təşkil edir və bu göstəriciyə görə İran 72-ci yerdə qərarlaşıb. Dövlət büdcəsinin 45%-i neftdən asılıdır. Ölkədə benzinin bir litri 0,60 dollardır. Amma əhali xüsusi ilə talonlarla limit benzin alır.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, neftin qiyməti birja qiymətlərinə əsasən müəyyən olunur. Odur ki, hansısa ölkə üçün neft qiymətləri stabil deyil. Ekspertin sözlərinə görə, Qazaxıstanla Rusiya büdcədə neftin qiymətini 105 dollar götürüb. “Qazaxıstan gələn il üçün büdcədə neftin qiymətini 90 dollar götürüb. Onlar daha konservativ yanaşma tətbiq ediblər. Baxmayaraq ki, onların büdcəsində neft o qədər də önəmli deyil. Məsələn, Rusiyada da neftin çəkisi o qədər də böyük deyil. Çünki Rusiyada neftdən əlavə qaz da var. Qazda 70 milyard gəlir var. Yəni Rusiya neftdən əlavə qaza da ümid bəsləyə bilər. Amma bizim ümidimiz yalnız neftədir. Çünki bizim neftdən başqa hansısa əmtəəyə ümidimiz yoxdur. Əvvəllər biz neft məhsulunu kifayət qədər ixrac edirdik. Hətta vaxt var idi ki, neftdən 4 milyarda qədər gəlirimiz olub. İndi bu gəlirlər 1,5 milyarda düşüb. Gələn il isə gəlirimiz daha da azalacaq. Çünki neftə olan tələbat artır. Azərbaycanı 2008-ci il ilə müqayisə etsək, daxildə tələbat 50 faiz artıb. Ona görə də vəziyyətimiz elə də ürəkaçan deyil. Baxmayaraq ki, 2008-ci ildən bu tərəfə hökumət böyük yatırımlar edib amma bunlar kommersiya yatırımları olmadığından əlavə dəyər vergisi yaranmayıb. Neft 2010-cu ildə kulminasiya nöqtəsinə çatdı və aşağı düşdü. İndi büdcədə 1,5 milyardlıq defisit yarananda bu defisiti qeyri-neft sektorunun hesabına doldurmaq mümkün olmadı. Ona görə, də hökumət çox asan və ənənəvi yola əl atdı. Yenidən qiymət artımı ilə həmin defisiti bağlamağa çalışır. Bu səbəbdən də demək olar ki, postneft dövrünün ağrılı yükü insanların üzərində olacaq və insanlar bu yükü çəkəcəklər”.
İqtisadçı Rövşən Ağayev isə deyir ki, Azərbaycanda benzinin qiyməti 55-60 qəpik, Gürcüstanda 1-1,10 manatdır. “Yəni qonşu ölkədə neftin qiyməti Azərbaycandakından 2 dəfə bahadır. Məntiqlə, qonşu ölkədə sərnişin daşımaları bizdən xeyli baha olmalıdır. Amma tam tərsinə. Hazırda Azərbaycanda 1 km üçün taksi xidmətlərinin dəyəri 70, Gürcüstanda isə 35 qəpikdir. “Taxi Start” tarifi, yəni müştəri taksiyə minərkən qeydə alınan birdəfəlik tarif ölkəmizdə 1 manat, Gürcüstanda 80 qəpikdir. Azərbaycanda avtobusda gediş haqqı 20 qəpik, Gürcüstanda 25 qəpikdir. Təsəvvür edin, əgər bizdə 1 manata benzin olsa, taksi və avtobusa yaxın düşə bilmərik – qiymətləri bizi yandırar.
Səbəb bu bazarda bir-biri ilə rəqabət aparan, daha ucuz və keyfiyyətli xidmət sayəsində müştəri uğrunda mübarizə aparan sahibkarların əvəzinə, bazarın oyun qaydalarını özü müəyyənləşdirib bütün bazarı tək əldə saxlayan inhisardır.
Yeri gəlmişkən, rəqabətsizlik bizi təkcə xərcə salmır. Biz həm də çox keyfiyyətsiz xidmət alırıq. Axırıncı dəfə nə zamansa avtobusda rahat getdiyinizi xatırlayırsınızmı?”
Gültəkin ƏLƏSGƏR