Modern.az

Büdcə dəyişir - Pensiyalar yenidən artırılacaq?

Büdcə dəyişir - Pensiyalar yenidən artırılacaq?

Ölkə

23 May 2024, 16:38

Bu ilin dövlət büdcəsində dəyişiklik edilməsi planlaşdırılır. Belə ki, "2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinin müzakirəsinə gələn həftə başlanılacaq.

 

Məlumatı maliyyə naziri Samir Şərifov da təsdiq edib. “Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib. Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin hal-hazıra proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi bu 34 faizə çatıdırılacaq”,- deyə nazir bildirib.

 

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib.

 

Bu ilin büdcəsində neftin bir barelinin qiyməti 60 dollardan götürülüb. Ancaq ilin ilk rübündə neftin qiyməti 80 dollardan aşağı düşmədi. Buna görə büdcənin gəlir və xərclərinin artırılması gündəmdədir.

 

Büdcənin artırılması fonunda sosial xərclərin, xüsusilə pensiya və müavinətlərin də artırılıb-artırılmayacağı müzakirə edilir. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bildirib ki, pensiya artımı ağlabatandır.

 

"Vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində həmişə dövlətin proqramı, paketləri olub. Büdcədə artım varsa, deməli minimum əmək haqqının, eyni zamanda pensiyaların artmasında gözləntilər ola bilər. Ağlabatan məsələdir. Bu, həmişə olub. Dövlət həmişə bu məsələləri diqqətdə saxlayır. İmkan yarandıqca müəyyən addımlar atılır. Pensiyanın məbləği 10 faiz və ya daha çox artırıla bilər. Bu standart deyil ki, hər il eyni faizdə artım olsun. Artımın miqdarı büdcənin nə qədər artmasından asılı olacaq. Bu gün eyni zamanda işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri gedir. Çalışılır ki, nəzərdə tutulan işlər vaxtından əvvəl həyata keçirilsin. Amma buna baxmayaraq, imtiyazlı ailələrin sosial durumu həmişə diqqətdədir. Büdcəmizə uyğun addımlar atılır", - deputat qeyd edib.

 

Xatırladaq ki, bu ilin fevral ayında Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi