Modern.az

Növbəti diplomatik qələbə: Qazaxın 3 kəndi də işğaldan azad ediləcək

Növbəti diplomatik qələbə: Qazaxın 3 kəndi də işğaldan azad ediləcək

24 May 2024, 13:07

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

 

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

 

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

 

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

 

Beləliklə, Azərbaycanın indiyə kimi işğalda olan 8 kəndindən 4-nün geri qaytarılması təmin edilib. İndi işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.
 

Modern.az məsələ ilə əlaqədar Qazaxın tanınmışlarının təəssüratlarını öyrənməyə çalışıb.

 

"Sülh prespektivləri var və buna olduqca yaxınıq"

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı saytımıza açıqlamasında hazırkı sevinc təəssüratlarını sözlə ifadə edə bilmədiyini bildirib:

 

“4 kəndimizin qaytarılması və bu gün artıq Ordumuzun orada nəzarətə başlaması çox sevindirici haldır. Bunu sözlə ifadə etmək çətindir. Yaxın vaxtlarda Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi haqqında da fikir bildirməyimizi arzu edirəm. Ümumiyyətlə, biz hadisələrin gedişini sülh sazişi istiqamətində atılan addımların nəticəsi kimi qavramalıyıq. Çünki bu kəndlər geri qaytarılır və nəzarətimiz altına keçirsə, digər kəndlərin qaytarılması istiqamətində işlər görülürsə, deməli, sülh prespektivləri var və buna olduqca yaxınıq”.

 

Qazaxın digər kəndləri də işğaldan azad ediləcək...

 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı fəxarət hissi keçirdiyini söyləyib:

 

“Qazaxın işğal altında olan 7 kəndindən 4-nün qaytarılmasına və artıq orada ordumuzun nəzarətə başlamasına görə məmnunluq hissi keçirik. Qazaxlı, azərbaycanlı, türk qələm əhli olaraq qürur və fəxarət hissi keçiririk. O insanlar öz yurd-yuvalarına, dədə-baba torpaqlarına qayıdırlar. 30 ildən çox vaxtda əzizlərinin məzarlarını ziyarət etmək imkanı yox idi. Ermənilər məzarlıqları məhv edib, dağıtmayıblarsa,sakinlər öz yaxınlarının  qəbirlərini ziyarət edə biləcəklər. Ümumən Qazax  təbiət  etibarilə zəngin bir yerdir. Qazaxın işğaldan azad olunan 4 kəndi onun ən gözəl dağlıq əraziləriydi. Qədim tarixi yaşadan böyük abidlərlə zəngin yerlərdir”.

 

A.Aşırlı Qazaxın digər kəndlərinin də qaytarılacağına tam əminliyini bildirib:

 

“3 kəndimiz qalır. Həmin kəndlərimizin də işğaldan azad olunacağına əminəm. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü siyasət, ordumuzun çox yüksək peşəkarlığı və xarici siyasətdə aparılan işlər buna dəlalət edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir