Modern.az

Bayden Azərbaycanın bölgədəki liderliyini QƏBUL ETDİ

Bayden Azərbaycanın bölgədəki liderliyini QƏBUL ETDİ

5 İyun 2024, 17:39

Ölkəmizdə iyunun 4-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkət iştirakını təsdiq edib.

 

Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir.

 

Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

 

Bakı Enerji Həftəsinin açılışı mərasimində Prezident İlham Əliyev də iştirak edib. ABŞ Prezidenti Co Bayden isə bu münasibətlə İlham Əliyevə məktub göndərib. Bayden məktubunda qeyd edib ki, regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək: "Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq".

Qeyd edək ki, bu, Baydenin qısa müddət ərzində Azərbaycana göndərdiyi ikinci məktubdur. Bundan əvvəl ABŞ Prezidenti 28 May - Müstəqillik Günü münasibətilə də İlham Əliyevi təbrik etmişdi.

 

Baydenin məktublarını Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik siyasəti və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov şərh edib.

 

"ABŞ Prezidenti cənab Cozef Baydenin məktubundakı bir ifadəni xüsusilə qeyd etmək istəyirəm. O yazır ki, Azərbaycan Avropanın qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. ABŞ kimi dünyanın nəhəng dövlətinin başçısının Azərbaycana bu cür qiymət verməsi, doğrudan da, əhəmiyyətli qiymətdir. İstiliyin 1,5 dərəcədə qalması və metan qazlarının kütləsinin azaldılması, ümumilikdə yaşıl enerji sahəsində Azərbaycanın Avropada oynadığı rol olduqca böyükdür. Bundan sonra da ölkəmiz rolunu davam etdirəcək", - o qeyd edib.

 

Komitə sədri bildirib ki, belə konfrans və sərgilərin keçirilməsi Azərbaycanı dünyaya tanıdır, onun ekoloji  problemlərin həllində  nə qədər cəzbedici, lazimi ölkə olduğunu sübut edir.

 

"Ölkə Prezidentinin dürüst və beynəlxalq hüquqa uyğun siyasəti bir daha dünyaya mesaj oldu. Mesajın mahiyyəti belədir: "dünya ölkələri ayılın və bilin bizim sözümüzlə, əməlimiz birdir. Ermənistana kömək edirdiniz, lakin onlar işğal etdikləri torpaqlarımız da  dağıntılar həyata keçirib". Biz indi də mina terroru ilə mübarizə aparırıq. Buna qiymət vermək lazımdır. Ermənistanın əvvəlki  yürütdüyü siyasətlə Azərbaycanın yürütdüyü siyasəti müqayisə edək. Bu dünyaya hansı daha yararlıdır? Neft-qaz, o cümlədən yaşıl enerjidən əldə edilən  gəlirləri Azərbaycan xalqının rifahına hesablanıb. Eləcə də  bu, dünyada ekologiyanın daha da təmizlənməsinə yönəlib. Bəzi sənaye ölkələri var ki onlar üçün yalnız gəlir götürmək, qazanc önəmlidir. Amma cənab Prezident konfransda çıxışı zamanı qeyd etdi ki, bizim borcumuz gələcək nəsillərə təmiz dünya qoyub getməkdir.ABŞ Prezidenti cənab Cozef Bayden də məktubunda bax, bu fikri  vurğulayır. Cozef Bayden cənab Pezident İlham Əliyevin sözlərini təkrar edərək gələcək nəsillər üçün bunun vacibliyini dilə gətirib. Cənab Bayden ünvanladığı məktubda Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar fikirlərini də qeyd edib. Sülh müqaviləsinin imzalanması regiona, bütövlükdə dünyaya öz töhfəsini verəcək. Regional sabitlik və əlaqələr BMT üçün prioritet məsələdir. Bəli, biz də bunu 30 ildir ki, deyirik. Regionda sülhün, təhlükəsizlik arxitekturasının bərpa olunması və gələcəkdə Cənubi Qafqazla digər ölkələr arasında münasibətlərin genişlənməsi sülh müqaviləsinin imzalanmasından çox asılıdır. Nəhayət, böyük dövlətlər cənab İlham Əliyevin fikrinə gəlirlər. Azərbaycanın apardığı siyasət dünyada sülhün bərpa olunmasına,  ekoloji  tarazlığın möhkəmlənməsinə yönəlib. Cənab İlham Əliyevin siyasəti dünyada humanitar fəlakətlərin  qarşısının alınmasına istiqamətlənib".

Ziyafət Əsgərov erməni diasporunun naəlac qaldığını söyləyib:

 

"Bəzən mətbuatda ABŞ-dakı erməni diasporunun fəaliyyəti çox qabardılır. Dünyada erməni diasporunun destruktiv fəaliyyəti güclüdür. Buna baxmayaraq, məsələni çox da şişirtmək lazım deyil. Bayden tərəfindən möhtərəm Prezidentə göndərilən məktub Azərbaycana, birinci növbədə onun başçısının siyasətinə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu çox yüksək dəyərləndirirəm. Dünya da, erməni lobbisi də gördü ki, düz əyrini həmişə kəsir. Azərbaycanın səmimi, düzgün siyasət yeritdiyi, çox yüksək qiymət verdilər. Bu məktubu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycanın enerji  potensialı hələ yüz illər boyu Avropanın enerji təhlükəsizliyində mühüm sütun olaraq qalacaqq. ABŞ Prezidentinin  “Azərbaycan xüsusilə Avropada enerji təhlükəsizliyinin mühüm sütunudur” deməsi çox mühüm olaydır. Möhtərəm cənab Prezidenti təbrik etmək istəyirəm. Onun yürütdüyü dürüst, ağıllı strateji siyasətin nəticəsidir ki, artıq böyük dövlətlər Azərbaycanın bu siyasətinə  çox düzgün qiymət verirlər. Baydenin məktubu COP29 ərəfəsində ünvanlanıb. Bu da Azərbaycanın ekologiya təmizliyi istiqamətində yürütdüyü siyasətə dəstəkdir".

 

Deputat yaşıl enerji sahəsində Azərbaycanın gördüyü işlərdən də bəhs edib:

 

"Hazırda Avropa İttifaqına daxil olan 10 ölkə ilə müqavilələrimiz, əməkdaşlıqlarımız var. Getdikcə artıq neft-qaz sahəsində şaxələndirməni genişləndiririk. Eyni zamanda yaşıl enerjinin, külək və istilik enerjisinin Avropaya ixracı istiqamətində artıq müəyyən müqavilələrimiz var. Şərqi Zəngəzurda da Bakıda olduğu kimi külək enerjisi, elektrik enerjinin istehsalı ilə bağlı böyük işlər görülür. Böyük neft şirkətləri 1994-cü ildə Əsrin müqaviləsi imzalananda ölkəmizə investiysa qoymağı riskli hesab edirdi. Azərbaycanın həmin vaxt konstitusiyası yox idi. Buna görə də iqtisadi və hüquqi cəhətdən kifayət qədər güclü deyildi və onlara təminat verə bilməzdi. Amma Heydər Əliyevin nüfuzu, böyük neft şirkətlərinə Azərbaycana investisya yatırmaları üçün müraciəti effektiv oldu. Sonradan Azərbaycanın konstitusiyası, qanunvericilik aktları qəbul edildi. Beləliklə, ölkəmizə investisya qoyan şirkətlər gördü ki, Azərbaycan sözünə, əməlinə dürüst ölkədir. Azərbaycanın dünyada nefuzunun getdikcə artmasının əsas səbəbi dövlət başçımızın söz və əməlinin bir sıra dövlət başçılarından fərqli olaraq,uyğun gəlməsidir. Həm xarici, həm də daxili siyasətimizi düzgün siyasət yeridirik. Bunu cənab İlham Əliyev,dəfələrlə qeyd edib. Ona görə də bizə olan hörmət və ehtiram getdikcə artır. və bundan sonra da artacaq. Keçmiş Dağlıq  Qarabağ problemi 30 il uzandı. Sonradan hamı Azərbaycanın mübarizəsinin haqq olduğunu gördü. İşğaldan azad olunmuş ərazilərdə istehsal olunan enerji tək ölkəmizin yox, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək".

Politoloq Elxan Şahinoğlu isə Baydenin məktubunu ötənilki məktubla müqayisə edib.

 

"Bayden ötənilki sərgiylə bağlı İlham Əliyevə göndərdiyi məktubda diqqəti daha çox enerji əməkdaşlığına və enerjinin dünya bazarlarına çatdırılması imkanlarına yönətlmişdi. Ağ Ev sahibi builki məktubunda yenə enerji əməkdaşlığa barədə cümlələr yazsa da, diqqəti bölgədə sülhün əldə olunmasına yönəldib. Görünür, Bayden üçün təbrik məktubunu hazırlayan müşavirlər özləri üçün Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığını müəyyənləşdiriblər. “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək” yazan Bayden ABŞ-ın bu cəhdi dəstəkləməyə hazır olduğunu bildirib.

 

Məktubdan da göründüyü kimi, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasında maraqlıdır və bu zaman vasitəçilik təklifi ilə çıxış etmir. Vaşinqtonun mövqeyi təxminən belədir: “Bakı və İrəvan sülh sazişini imzaladığı, regional əməkdaşlığa başladığı andan Azərbaycanın bölgədə liderliyini qəbul edəcəyik”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri