Modern.az

Keçmiş cəbhəçilər Vaqif Hüseynov haqda: \"Mənə dedi ki...\"

Keçmiş cəbhəçilər Vaqif Hüseynov haqda: \

6 İyun 2024, 12:51

Bir neçə gün əvvəl Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sonuncu sədri Vaqif Hüseynov vəfat edib. O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəisi vəzifəsində işləyib.

 

Vaqif Hüseynov 1993-cü ildən Moskvada yaşayırdı. 1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaratmışdı. O, agentliyin Direktorlar Şurasının sədri, eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru idi.

 

Onunla bağlı fikirlər birmənalı deyil. Vaqif Hüseynovun vaxtilə Azadlıq Hərəkatına münasibətinin sərt olduğunu düşünənlər var.

 

Bir neçə il əvvəl Vaqif Hüseynovun “Bir ömürdən də çox” memuar kitabında sabiq prezident Əbülfəz Elçibəylə görüşü barədə məlumat ciddi müzakirələrə səbəb olmuşdu. Vaqif Hüseynov kitabda bildirib ki, bu görüş AXC lideri Əbülfəz Elçibəyin təşəbbüsü ilə baş tutub. Lakin onun dedikləri o vaxtkı AXC fəalları və rəhbərləri tərəfindən birmənalı qarşılanmamışdı.

Modern.az Vaqif Hüseynovun fəaliyyəti ilə bağlı keçmiş AXC-nin üzvləri ilə danışıb.

 

Milli Məclisin deputatı, Azadlıq Hərəkatının fəal iştirakçılarından olan Sabir Rüstəmxanlı Vaqif Hüseynovla görüşündən bəhs edib:

 

“Meydan hərəkatını idarə edən iki adamdan biriydim. Moskvanın əleyhinə ən kəskin çıxışlar etdiyimiz bir vaxtda məni Hökumət Evinə çağırdılar. Həmin dövrdə Hökumət Evində Xalq Cəbhəsinin təşəbbüs qrupu vardı. Düşündüm ki, məni ora hansısa məsləhətləşmələr üçün çağırırlar. Amma qapı açılanda Vaqif Hüseynovun qarşımda dayandığını gördüm. Açığı onu görəndə mən ehtiyat etdim. Meydandakı sərt çıxışların cavabsız qalmayacağını bilirdim. Vaqif Hüseynova çox ehtiyatla baxdım. Amma o, məni gülə-gülə qarşıladı, Daha sonra salondakı digər üç nəfərlə tanış edərək dedi ki, "buyurun, tanış olun, meydanın əsl qəhrəmanı gəldi". Digərləri rus idi. Çox güman ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən gəlmişdilər. Onun əhval-ruhiyyəsi, məni gülə-gülə qarşılaması üzərimdəki xofu qaldırdı. Anladım ki, mən bura həbs olunmağa yox, başqa məsələ üçün çağırılmışam. Vaqif Hüseynov Azərbaycan dilində mənə müraciət edib, Meydanda etdiyim çıxışları, tənqidləri, mərkəzi hakimiyyətin bizə biganəliyi, ermənilərə dəstək verməsi ilə bağlı fikirlərimi daha sərt formada həmin adamlara söyləməyimi istədi. Özü isə arxadan bizi izləyirdi. Onların verdiyi suallara olduqca sərt formada cavab verməyimə arxadan baş barmağını qaldırır  və mənə işarə edirdi ki, "əla, bu cür davam et". Onda hiss etdim ki, bizim meydandakı çıxışlarımız Moskva qarşısında çarəsiz qalan, vəziyyəti dəyişə bilməyən rəsmi dairələrin də fikrinə uyğun gəlir. Onların deyə bilmədiklərini xalqın meydanda deyə bilməsi işin xeyrinə idi və hökumət rəsmilərini də sevindirirdi. Vaqif Hüseynov da sevinirdi. Onun müavini Namiq Hüseynov bir dəfə mənə dedi ki, “biz də sizinləyik”. Bu ifadə əslində Dövlət Təhlükəsizlik Komitəsinin meydan hərəkatına dəstəyi idi. Vaqif Hüseynov barədə mən bunları deyə bilərəm. Başqa şəxsi tanışlığımız olmayıb”.

 

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Vaqif Hüseynov sadəcə olaraq çox namünasib bir vaxtda DTX-yə rəhbər oldu: "Azadlıq hərəkatına qarşı heç bir əməliyyat aparmayıb. Mənim yaddaşımda o ziyalı, mülayim bir insan kimi qalacaq. Sadəcə olaraq çox amansız, ona uyğun olmayan dövrə düşmüşdü”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri