Modern.az

Ünvanlı sosial yardım alanların sayı azala bilər

Ünvanlı sosial yardım alanların sayı azala bilər

6 İyun 2024, 16:18

Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub.

Artıq ünvanlı yardım üçün müraciət edən şəxslərdən bir sıra məlumatlar tələb olunmayacaq.

Bunu necə qiymətləndirmək olar? Ünvanlı sosial yardım alanların sayı artacaq, yoxsa azalacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bildirib ki, elektron sistemin formalaşması çoxdan gündəmdə idi:

“ Vətəndaşlar əvvəl əyani şəkildə müraciət edirdisə, indi elektron formada müraciətdən sonra sənədlərlə bağlı tələblər minimum həddə enəcək. Bu istiqamətdə bütün işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəsinə düşür. Ailə tərkibində nəfər sayına görə dəyişikliklər, yaxud yeni iş yerləri əgər təmin olunarsa, məlumatların bazada oturması və bu kimi digər hallar elektronlaşdırılmış sistemə daxil olduğuna görə, vətəndaşdan demək olar ki, əlavə sənəd tələb olunmayacaq. Bu da insanların rahatlığına gətirib çıxarır. Vətəndaş heç bir qapıya getmədən, sənəd toplamadan aidiyyəti qurum o işləri öz üzərinə götürüb. Bu da vaxt itkisinin qarşısının alınması deməkdir”.

Deputatın fikrincə, dürüstləşmə getdikcə, elektronlaşma ehtiyacı olan ailələrin ünvanlı sosial yardım almasına xidmət göstərəcək:

"Qanunvericiliyimizdə nəzərdə tutulmuş şərtlərə uyğun olan ailələr dürüstləşdikcə, yardımdan faydalanan insanların da sayına aydınlıq gələcək. Bu gün insanların işlə təmin olunması istiqamətində çox mühüm addımlar atılır.  Özünəməşğulluq proqramlarına cəlb olunma istiqamətində işlər görülür. Eyni zamanda peşə hazırlığı sahəsində rəqabət mühiti yaradılıb ki, daha çox insan aktiv işlə təmin olunsun. Məsələyə belə baxdıqda ünvanlı sosial yardım alanların sayının artması yox, azalması baş verə bilər. Əsas məsələ şəffaflığın təmin olunması və həqiqətən ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin müəyyənləşdirilməsidir".


İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin atdığı addım başadüşüləndir:
 

"Ünvanlı sosial yardımla bağlı müxtəlif problemlər, iradlar, narazılıqlar var idi. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işin elektronlaşması və insan amilinin təsiri olmadan həyata keçirilməsinə çalışır. Bu addım da analaşılan və doğrudur. Lakin yenə də son qərarı hansısa məmur verəcəksə, prosedurun elektronlaşması elə də effekt verməyəcək".

N.Cəfərli söyləyib ki, ictimai nəzarət mexanizmi gücləndirilməlidir:

"İstənilən halda sosial məsələ çox həssas olduğuna görə jurnalistlərdən, QHT-lərdən ibarət ictimai nəzarət şurası yaradılmalıdır. Beləliklə də, bu istiqamətdəki şikayətlərə operativ reaksiya vermək mümkün olacaq. Çünki şikayətlər həddən artıq çoxdur. Bəzən haqlı, bəzən də haqsız şikayətlər olur. İstənilən halda şikayətlərin çoxluğu bu istiqamətdə narazılığa gətirib çıxarır. Şikayətlərin aradan qaldırılması üçün ictimai nəzarət mexanizmi genişləndirilməlidir. Daha şəffaf nəzarət mexanizminin yaradılmasına ehtiyac var".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri