Modern.az

Qazaxın azad edilən kəndlərində şəhidlərimizə abidə QOYULACAQ

Qazaxın azad edilən kəndlərində şəhidlərimizə abidə QOYULACAQ

7 İyun 2024, 13:00

19 aprel 2024-cü il tarixində sərhəddə Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Artıq işğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.

 

İndi işğaldan azad olunmuş Qarabağ torpaqlarında olduğu kimi bu kəndlərdə də tikinti-quruculuq, yenidənqurma işlərinin aparılması gözlənir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Qazaxın deputatı, Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, Qazaxın kəndləri onun sakinlərinə yüksək səviyyədə təhvil veriləcək:

 

“Əsas məsələ odur ki, torpaqlar azaddır. Düşərgələrdə, müvəqqəti evlərdə yaşayanlar, dövlət tərəfindən evlə təmin olunmuş qaçqın və məcburi köçkünlər 30 ilə yaxın idi ki, bunun intizarında, arzusunda idilər. Hər dəfə bu insanlarla görüşəndə, onlara geri qaydıcaqlarını deyəndə, “biz əminik ki, torpaqlar qayıdacaq” deyirdilər. Nəhayət, bu günü biz gördük.  Təbii ki, insanların öz dədə-baba torpaqlarına qayıtması, məskunlaşdırılması müəyyən vaxt çəkəcək. Orada evlərin hamısı yandırılıb, dağıdılıb. Normal yaşamaq üçün şərait yoxdur. Buna görə ərazinin yaşayış üçün qurulması, kəndlərin dirçəldilməsi, tikinti proseslərinin getməsi müəyyən bir dövr tələb edəcək. Əminəm ki, məsələlər öz həllini tapacaq. Çünki Qarabağın işğaldan azad edildikdən sonra necə dirçəlməsini Azərbaycan xalqı açıq-aşkar görür. Faktiki olaraq, bu gün şəhələr, kəndlər, qəsəbələr nəinki tikilir, sanki yenidən yaradılır. Ona görə ki, ermənilər hər şeyi darmadağın etmişdi. Bu proseslərin davamı olaraq, Qazaxın kəndləri də inşallah yüksək səviyyədə insanlara təhvil veriləcək.

Səməd Seyidov bu kəndlərdə gələcəkdə şəhidlər üçün abidələrin qoyulması məsələsinin müzakirə oluna biləcəyini söyləyib:

 

“Azərbaycanın qəhrəmanlıq tarixi hər bir kənddə qanla yazılmışdı. Çünki Qazax erməni işğalına çox ciddi müqavimət göstərib. Bu kəndləri yerlə-yeksan edib yandırdılar, insanlar şəhid oldu. Həmin şəhidlərin əziz xatirəsi çox ciddi, yüksək səviyyədə qorunur. Qazaxda Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidləri, həmin dövrdə yandırılmış, öldürülmüş, məhv edilmiş inanların adları, abidələri mövcuddur. Bu tarixmizi, yaddaşımızı həmişə qoruyub-saxlayır, gələcək nəsillərə ötürürük. Hər bir kəndin öz qəhrəmanlıq tarixi, şəhidləri var. Ona görə də gələcəkdə burada görüləcək işlər zamanı bu məsələni də müzakirə edib, onun ətrafında söhbət aparmaq olar. Amma yenə də deyirəm ki, ən əsas məsələ bu torpaqların Azərbaycana geri qaytarılmasıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri