“Tələbə Qəbulu üzrə Dölvət Komisisyasının ləğv edilərək, Təhsil Nazirliyinə birləşdiriıləcəyinə dair məlumatım yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, Bakı Dölvət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O qeyd edib ki, Elm və təhsil komitəsinə də bu barədə heç bir informasiya daxil olmayıb.
“Ancaq qeyd etmək istəyərdim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətini lazımi qədər yüksək qiymətləndirirəm. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 10 il bundan qabaqkı deyil, çox təkmilləşib. Metodoloji müstəvidə orta məktəb buraxılış imtahanlarına yaxınlaşıb, bir müstəviyə gətirilib, yəni mən bu uğurları müsbət qəbul edirəm. Yeni təhsil naziri də təhsil startegiyası ilə bağlı bu yaxınlarda bizi bir araya gətirmişdi. Hər ikisinin funksiyası bizi yüksək səviyyədə qane edir. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşməsi haqda mənim heç bir məlumatım yoxdur”.
Abel Məhərrəmov eyni zamanda universitetlərə rektorların seçilməsi məsələsinə də aydınlıq gətirib.
“Türkiyədə universitet 5 nəfəri rektor kimi seçir və prezidentin sərəncamına göndərir, prezident də həmin o şəxslərdən birini rektor təyin edir. Bu yöndə metodlar çoxdur, amma biz ən sivil qaydada olan metodu seçəcəyik və o qaydadan istifadə edəcəyik. Əgər rektor işləyə bilmirsə, cəmiyyət məsələni qaldırır və həll edir”.
Universitetlərə muxtariyyət verilməsi məsələsinə toxunan rektor bildirib ki, Azərbaycan buna gedəcək: “Bunun başqa yolu yoxdur. Getdikcə buna yaxınlaşacağıq. Bu, birdən-birə reallaşa bilməz, çünki asılı məqamlar olduqca çoxdur. Lakin tədricən bu olacaq. Dünya təcrübəsi bunu tələb edir”-deyə, rektor vurğulayıb.
A.Məhərrəmov universitetlərin tələbə qəbulunu özü aparması məsələsinə də münasibət bildirib: “Ola bilər ki, zaman gəldikcə bu da tətbiq oluna bilər. Bu da dünya təcrübəsində var ki, tələbəni universitetlərin özü seçir. Şagird vahid dövlət imtahanından keçdikdən sonra universitetlərə müraciət edir. Bu zaman tələbədə seçim daha çox olur. Tələbə dialoqa gedir, universitetlə maraqlanır. Məsləhətləşir, sonra univesiteti seçir. Buna biz də gec-tez gedəcəyik”.
Rektor eyni zamanda imtahanların test üsulu ilə keçirilməsini uğurlu hesab etmədiyini qeyd edib.
“Belə bir təcrübə apardım. Məsələn, tətbiqi riyaziyyat fakültəsində birinci kursda Azərbaycan tarixi fənnindən eyni qrupda iki cür imtahan oldu, yəni həm yazılı, həm test. Həmin uşaqların çoxu test üsulundan “5” aldı. Yazılı imtahan zamanı xeyli kəsilən oldu, cəmi iki nəfər “5” aldı. İki nəfər “4”, üç nəfər “3”, qalanı isə “2” aldı. Halbuki, Azərbaycan tarixi fənni orta məktəblərdə də keçilir. Biz bəzi neqativ hallardan uzaqlaşmaq üçün test üsuluna keçmək istədik, amma neqativ üsuldan uzaqlaşarkən daha ağır bəlayla üsləşirik. Tələbələr bilik almadan diplom alırlar. Biz bunu çox qısa müddətdə, cəmisi bir semestrdə etdik. Amma mən bunu ləğv etdim. İndi bütün əyani şöbədə yazılı imtahandır, yalnız qiyabi şöbələrdə ixtisas fənləri yazılı, köməkçi fənlər testlədir. Qiyabiçilərdir də, onların o qədər də vaxtı olmur ki, biz onların yazılarını yoxlayaq”.
Aytən ƏLİYEVA