Modern.az

Nazir müavinindən "veteran pulu" ilə bağlı deputatlara cavab: "Bu məsələ aktualdır"

Nazir müavinindən

Ölkə

12 İyun 2024, 12:17

"Hökumət, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, məsələləri illik büdcə hazırlanarkən nəzərə alır”. 


Modern.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında veteranların müavinətlərinin qaldırılması ilə bağlı sualı cavablandırarkən bildirib. 

 

O qeyd edib ki, dövət büdcəsinin sosialyönümlülüyü heç kimdə şübhə doğurmur.

 

"Təkliflər yəqin ki, individual qaydada yox, kopmpleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. İnsanlara təkcə təqaüdlər deyil, evlər və maşınlar da verilir. Bunları da nəzərə almaq lazımdır", - deyə nazir müavini qeyd edib.

 

Deputat Elnur Allahverdiyev bildirib ki, hər il büdcə artımı, hər il dürüstləşmiş büdcə müzakirə edilir, amma yenə də şikayətlər var: 


“Əmək və əhalinin sosial müdafiə naziri kim olur olsun, əhali həmişə şikayətçi olacaq. Bu, tək bizim ölkədə olan məsələ deyil. Vyetnam müharibəsindən nə qədər vaxt keçib, lakin bu gün də ABŞ-də sosial problemlər müzakirə olunur.


Biz məsələyə konseptual yanaşmalıyıq. Bugünkü müharibə veteranlarına verilən 80 manat müavinəti yenidən qaldırmağa ehtiyac var. Bu il bunu müzakirə edək ki, gələn ilə bəlkə sevindirici hal olar, müavinətlər qalxar. Bu mövzu prioritet mövzular sırasına girməlidir. Biz güclü dövlət qurmuşuq. Sosial layihələrə hamımız dəstək olmalıyıq. Həmkarlarımı dəstəkləyirəm, artıq veteranların 80 manat məsələsinə yenidən baxılmasına və artırılmasına ehtiyac var”.

***

11:27

 

Müharibə veteranlarına verilən müavinətlərin artırılması bir neçə dəfə qaldırılıb. Bildirim ki, təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün o qədər də böyük məbləğ lazım deyil.


Modern.az xəbər verir ki, bunu deputat Əli Məslimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

 

“Hesablamalara görə, ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da bizim büdcə üçün böyük məbləğ deyil. Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. 80 manatlıq müavinətin artırıması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Onların təqaüdləri oktyabrdan artırılsa, 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük rəqəm deyil”, - deyə o bildirib.

 

Deputat Vahid Əhmədov da müharibə veteranlarının müavinətindən danışıb.

 

“Əgər deputatın qaldırdığı məsələ həllini tapmırsa, niyə biz məsələləri qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı dəfələrlə məsələ qaldırmışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatların qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədir? Biz demirik ki, həmin müavinəti 300-345 manat edin. Heç olmasa 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiz ki, yox, bu həll olunmur. Vəsaiti tapmaq mümkün deyil? Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Vətəndaşlardan da bu nazirlikdən çoxlu şikayət gəlir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaçıları sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalmaya gedir. Biz bu məsələni qaldırırıqsa, bunlara münasibət bildirilməli və öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar”,- deyə Vahid Əhmədov vurğulayıb.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq