Modern.az

Ümumdünya Qaçqınlar Günü: Doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin SAYI

Ümumdünya Qaçqınlar Günü: Doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin SAYI

Ölkə

20 İyun 2024, 14:16

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

 

BMT-nin məlumatına görə, dünyada hər dəqiqədə 20 nəfər müharibə, təqib və ya qorxu səbəbindən evlərini tərk edir. 2023-cü ildə köçkünlərin ümumi sayı əvvəlki illə müqayisədə 108,4 milyon nəfərdən 117,3 milyona yüksələrək rekord həddə çatıb.  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatlarına görə, 2024-cü ilin may ayına qədər bu say 120 milyon nəfərə çatıb. Evlərini tərk edənlərin əksəriyyəti (68,3 milyon) məcburi köçkünlərdir, 43,4 milyonu isə başqa ölkələrə köç edib.

 

2023-cü ildə qaçqın və köçkünlərin sayının artmasına səbəb olan hadisələr Sudan, Konqo Demokratik Respublikası, Myanma və Qəzza zolağındakı münaqişələr olub. Dünyada bütün qaçqınların təxminən dörddə üçü (73%) beş ölkədəndir: Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Cənubi Sudan. Qaçqın qəbul edən ölkələr arasında İran, Türkiyə, Kolumbiya, Almaniya və Pakistan liderlik edir, xaricə gedən hər beş qaçqından ikisi bu ölkələrdən birində qalıb. BMT QAK-ın məlumatına görə, 2023-cü ildə 5 milyondan çox məcburi köçkün və 1 milyon qaçqın öz evlərinə qayıda bilib.

 

Azərbaycan xalqı da uzun müddət bu problemlə üzləşib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, öz yurdlarından köç etməyə məcbur olan vətəndaşlar torpaqlarına qayıtmağa başlayıblar.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilən torpaqlara ümumilikdə 1976 ailə, 7697 nəfər köçürülüb:

 

Füzuli şəhəri - 822 ailə, 3132 nəfər

Talış kəndi - 20 ailə, 90 nəfər

Ağalı kəndi - 175 ailə, 871 nəfər

Şuşa şəhəri - 126 ailə, 491 nəfər

Laçın şəhəri - 513 ailə, 1906 nəfər

Sus kəndi - 59 ailə, 215 nəfər

Zabux kəndi - 217 ailə, 823 nəfər

Xocalı şəhəri - 44 ailə, 169 nəfər.

 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı