Modern.az

İctimaiyyətdən polisə dəstək - Şüvəlandakı qətliam hiddət doğurub

İctimaiyyətdən polisə dəstək - Şüvəlandakı qətliam hiddət doğurub

25 İyun 2024, 13:34

İyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.     

Baş verən hadisə ölkədə geniş rezonans doğurub, sosial mediada müzakirələrə səbəb olub.         

İctimaiyyət nümayəndələri polisə silahlı müqaviməti və asayiş keşikçilərinin qətlə yetirilməsini pisləyiblər.             

Modern.az sayı hadisəyə ayrı-ayrı peşə sahiblərinin münasibətini təqdim edir.
 

Deputat Ceyhun Məmmədov bildirib ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır:
 

“Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə  hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”. 

O qeyd edib ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib:

“Polislər Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır.  Bütün bunlarla yanaşı, hesab edirəm dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda düşünürəm əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”. 


Deputat həmçinin qeyd edib ki, illər öncə Azərbaycanda ölüm hökmü ləğv olunub, amma proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün ölüm cəzası daha effektivdir:

“Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.
 

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, bəzən sosial şəbəkələrdə polisin qanuni tələblərinə tabe olmayanlar qəhrəmanlaşdırılır:
 

"3 polis əməkdaşının öldürülməsi çox ağır və üzücü hadisədir. Mənim qənaətim belədir ki, əvvəllər məhkumluğu olmuş, indi də axtarışda olan şəxs tərəfindən 3 nəfər polis əməkdaşına atılan güllə əslində, cinayətkarlıqla mübarizə aparan bütün hüquq-mühafizə orqanlarına tuşlanıb. Burada son vaxtlar sosial şəbəkələrdə polisin qanuni tələblərinə tabe olmamağın, sənədlərin təqdim edilməməsinin “qəhrəmanlaşdırılması” halları da təsir göstərir. Belə zümrələrin təfəkkür və düşüncələrində dərin çat var. Bu insanlar qavramırlar ki, ölkədə sabitliyin qorunması çox vacibdir. Misal üçün ölkədə tam sabitlik olmasa COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi qeyri-mümkün olacaqdır. Ölkədə ictimai təhlükəsizlik, insan hüquq və azadlıqlarının qorunması birbaşa polisin üzərinə düşən vəzifədir. Azərbaycanda bəziləri polisin bu fəaliyyətinə dəstək olmaq əvəzinə ona mane olur və həqarət edirlər. Polisin qanuni tələblərinə tabe olmamaq, ona həqarət etmək baxın sonda nəyə gətirib çıxardı. Təbii ki, burada situasiya fərqli idi. Burada ekstermal hal yaşandı. Polislər cinayətkarın hər cür davranışını hesablamalı, üzərlərindəki silahdan istifadə etməliydilər. Lakin cinayətkarın ailə-uşağını baryer kimi qabağa verməsi polisin ona təhkim olunan tabe silahından istifadə hüququnu tormozladı. Cinayətkar da fürsətdən istifadə edib onları ov silahı ilə qətlə yetirdi. Bu da məqsədyönlü idi. Onları aradan götürmək üçün bu cinayəti işlədi. Bu isə xüsusilə ağır cinayətdir".
 

Ş.Əliyevin fikrincə də, ölüm hökmü bərpa edilməlidir:
 

"Zamanında Avropa Şurasına üzv olanda ölüm hökmünə biz monotorium qoyduq. Konstitusiyamızın 27-ci maddəsində şəxsin həyata hansı halda xitam verilə biləcəyi göstərilib. Yəni dövlətin konstitusiyon  quruluşu, eləcə də vətəndaşların həyat və sağlamlıqları əleyhinə yönələn xüsusi və ağır cinayətlərə görə ölüm hökmünü bərpa etmək olar. Konstitusiyamıza 3 dəfə dəyişiklik edilsə də, bu maddədə dəyişiklik olmayıb. Deməli, artıq zaman yetişib və biz ölüm hökmünü bərpa etməliyik. Bu da cəmiyyətin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bir həb kimi qəbul olunacaq".

Müsahibimiz vurğulayıb ki, müəyyən situasiyalarda polisin davranış qaydaları sadələşdirilməlidir:
 

"Polis və vətəndaş arasında münasibtələrin tənzimlənməsi üçün çox böyük işlər görülməlidir. Düzdür, işlər gedir. Polisin üzərindəki mündirdə Azərbaycan bayrağı və gerbinin olduğunu nəzərə almaq lazımdır və buna görə hörmət olunmalıdır. Polisin fəaliyyətinə bəli, ictimai nəzarət lazımdır. Daxili işlər naziri bunu dəfələrlə bəyan edib. Amma cinayətkarlıqla mübarizədə ictimaiyyətin də polisə dəstək verməsi lazımdır. Sabit cəmiyyətdə yaşayıb təhlükəsiz dolanmaq istəyiriksə, niyə də bu missiyaya dəstək verməyək? Amma polisin qanuni tələbinə tabe olmamağa görə cəzanı sərtləşdirmək lazımdır. Cinayətkar və axtarışda olan şəxsə polisin “dur!”, “sənədlərini təqdim et!”, “əllərini qaldır!” əmrinə tabesizlik göstərəndə itaətsizlik yaranır. Belə olan halda polisin necə davranmasını bir az sadələşdirmək lazımdır".
 

Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, cəmiyyət sağlamlaşmalıdır:
 

"Tək polisi yox, hər bir insanı öldürmək, qətlə yetirmək ağır cinayətdir. Ona görə də vəzifə və peşəsindən asılı olmadan heç kəsə silah qaldırmaq olmaz. Bu, vəhşilik deməkdir. Belə vəhşilikləri qınamaq lazımdır. Cəmiyyətdə aqressiya  və belə halların artmasının qarşısı alınmalıdır. Cəmiyyət sağlamlaşmalıdır. Bunun üçün də çox ciddi işlərə ehtiyac var".
 

Onun sözlərinə görə medianın da üzərinə çox böyük məsuliyyət düşür:
 

"Peşəkar media artıq sosial şəbəkə ilə müqayisədə öz çəkisini xeyli azaldıb. Azərbaycan polisi, əsgəri və zabiti, ümumiyyətlə, hüquq-mühafizə orqanlarında çalışan insanla, bu sahənin mütəxəssisləri Azərbaycan dövlətinin bel sütunlarıdır. Ölkənin təhlükəsizliyini təmin edən əsas güc strukturlarıdır. Bu güc strukturlarında hansısa zərərli fəaliyyətdə olan kadrlar varsa, onu bütövlükdə sistemə aid etmək olmaz. Ona görə də  hesab edirəm ki, cəmiyyət olaraq bu kimi hallara qarşı birmənalı mövqe ortaya qoymalıyıq".
 

Siyasi şərhçi Elxan Şükürlü qeyd edib ki, polis hər şeydən əvvəl dövlətin zirehidir:
 

"Dövləti hədəf alanlar, onu zəiflətmək, çökdürmək və öz cinayətkar məqsədlərini rahatlıqla həyata keçirmək istəyənlər öncə bu qatı dəlməyə çalışar... Təəssüf ki, daxildə və xaricdə polisi hədəf seçən zümrələr var. Bütün bunlar hamısı məqsədyönlüdür. Çünki Azərbaycan polisi xalqın və dövlətin təhlükəsizliyində böyük rol oynayır. Dövlət qurumları içərisində ən çox işləyən faktiki olaraq Daxili İşlər Nazirliyidir. Digər dövlət qurumlarının problemi ilə də demək olar ki, polis məşğul olur".         
        

E.Şükürlü deyib ki, Azərbaycanda polisə dəstək var:
 

"Polisə dəstək get-gedə artır. Müəyyən problemlər var ki, onlar da zamanla həll olunacaq. Azərbaycan polisinin fəaliyyətinə antiterror tədbirlərindəki, cinayətkarlıqla mübarizənin təşkilindəki göstərdiyi xidmətlərə görə qiymət verməliyik. Azərbvaycan ən təhlükəsiz və sabit ölkələrindən biri sayılır. Təhlükəsizlik və sabitlik elə-belə təmin olunmur. Bütün bu sabitliyi, təhlükəsizliyini təmin edən qurumlar var ki, onlarında başında Azərbaycan polisi gəlir. Polisə qarşı məqsədyönlü kampaniya var. Çünki dövlətin və hakimiyyətin üzərinə gəlmək istəyənlər öndə sədd kimi polisi görürlər. Polisi tamamilə nüfuzdan salıb işlərini daha rahat görmək istəyirlər. Xüsusən də son vaxtlar xaricdən bu meyil daha çox nəzərə çarpır. Polislə dindar təbəqə arasında qarşıdurma yaratmaq meyli var. Elə bir vəziyyət yaratmağa çalışırlar ki, məqsədyönlü şəkildə qarşıdurma olsun".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri