Türkiyədə olub-bitənlərə kənardan təhlil xarakterli yazılar bir çox hallarda qüsurlu ola bilər. Çünki o cəmiyyətdə yaşayanların gündəlik yaşam şərtləri içində baş verənləri dəyərləndirməsinin, hər nə qədər ideoloji mahiyyətdə olsa da, ağlabatanlıq əmsalı daha üstün sayılmalıdır. Ona görə də bəsit şəkildə dindar kəsimi hakimiyyətdə görməyi həzm etməyən, və ya Ərdoğan şəxsiyyətinə nifrət edən, yaxud Türkiyədəki başqa ideoloji cinahlarla bağı olan şəxslərin Azərbaycandan səslənən açıqlamaları bəzən məntiqli görünmür.
Sanki bilərəkdən gözardı edilir ki, Türkiyədə hakimiyyət demokratik seçki yolu ilə formalaşır və yekun olaraq dinçini, millətçini, solçunu, yaxud da türkü, ərəbi və ya kürdü hakimiyyətə gətirmək iradəsi bu ölkənin vətəndaşlarına aid məsələdir. Və maraqlıdır ki, müxalifətdə olarkən dövlət siyasətinə yönəlik sərt tənqidlər tuşlayan dindar-mühafizəkar cinahların təmsilçiləri mərhum Ərbakandan başlayaraq hakimiyyətə gələndən sonra bir sıra reallıqları özləri də dərk edərək, daha artıq dövlətçi kimliyinə bürünməli oldular. Bu da bəzən cəmiyyətdə fərqli səslərə qarşı daha sərt üslubun tətbiq olunmasında müşahidə olunmağa başladı. AKP iqtidarı bu barışmaz davranışları yumşaq müqavimət göstərən ordu mənsublarına, sol cinahın təmsilçilərinə tətbiq edərək hakimiyyət üçün hüquqdankənar təhdid faktorunu ortadan qaldırmaqla revanşçı havaya girmiş oldu. Bu səbəbdən də, AKP-nin on illik iqtidarın verdiyi arxayınçılıqla başqalarının görüşlərini ciddiyə almamaq siyasəti toplumun fərqli kəsimlərinin Gəzi Parkı müqavimətindən sonra qismən dəyişməyə başladı və “azlığa qarşı” barışmaz bir siyasət yürütməyi yavaşlatmalı oldular. Türkiyə reallığında gördülər ki, hər nə qədər haqlı olsan da və çoxluğun iradəsiylə geniş səlahiyyət əldə etsən də, uzlaşmadan keçməyən məsələlərin həllində yetərincə təhlükəli məqamlarlarla qarşılaşmalı olacaqsan.
Ötən müddətdə AKP iqtidarının Türkiyədə təkpartiyalı iqtidar fürsətindən yararlanaraq gerçəkləşdirdiyi ciddi dəyişiklik və islahatların hamısının son dayanacağı əsasən kürd probleminin həlli üçün əlverişli şərtlərin hazırlanmasına xidmət edirdi.
Kürd məsələsinə isə daxili siyasətin başqa amilləri ilə bir tərəzidə baxmaq doğru olmaz. Bu, eyniylə bizim Qarabağ məsələsində qarşılaşdığımız “çözülməzlik sindromu”na bənzər vəziyyəti göstərir. Necə ki, biz məsələni həll etmək gücünə sahib deyilik və həlli üçün də Türkiyənin başladığı təşəbbüsləri qulaqardına vurmaqla vaxt uzadırıq, eləcə də Türkiyədə silahlı yolla kürd məsələsinin həllinin mümkünlüyünə ən qatı milliyyətçilər belə inanmasalar da, çözüm yolları ilə bağlı addımlar atmaqdan söz düşəndə, hamı qatı mühafizəkar zirehin içində sığınacaq tapmağa üstünlük verir. Ancaq problemin üzərinə yeriyən, onu təxirə salmanın daha vahim sonuçlar doğuracağını dərk edən siyasi iradənin tarixi alqış və yaxud siyasi intihar arasında seçim barədə düşünməyə haqqı yoxdur. Diyarbakırda Ərdoğanın atdığı addımlar, fikrimcə, məhz bu kontekstdən qiymətləndirilməlidir. Bu addımlar uğurlu olub-olmayacaq, bu başqa bir söhbətin mövzusudur. Biz də iddia etmirik ki, Ərdoğan doğru yodadır, sadəcə bilirik ki, məcburi bir yoldadır və ümidliyik ki, bu yolun sonunda çevik siyasətlə Türkiyənin bir dövlət olaraq bütövlüyü formatında, türk və kürd xalqlarının da bir millət olaraq faydasına bir tablo ortaya çıxaracaqdır.
Hər nə qədər son illərdə “yaşıl təhlükə” deyib, Türkiyəni qaralamaq istəyənlərin həyəcanı artmış olsa da, Atatürkün bölgəsəl güc modeli olaraq şəkilləndirdiyi Türkiyə, İslam arealında demokratiyanı köklü şəkildə mənimsəyən ilk laik ölkə özəlliyini qoruyub saxlamaqdadır. Bu, heç şübhəsiz ki, faşizm və kommunizm arasında avtoritar rejimlə də olsa demokratiyaya keçid üçün dövlət kapitalizmi yolu ilə zəmin hazırlayan Atatürkün zəkasının uğuru və uzaqgörənliyi kimi qiymətləndirilə bilər. Sonradan bu natamam demokratik bir sistemə çevrilsə də, dövrün şərtlərinə uyğun olaraq ordunun nəzarəti altında irəliləyən demokratiya modernlik əmsalına görə bölgə dövlətlərindən müsbət fərqini və üstünlüyünü qoruya bildi. Bu zaman hamının Atatürkün: “Nə mutlu Türküm deyənə!” siyasi formatı altında vahid kimlik tanıtımı ilə etnik özünüifadə tələbləri dondurulduğu üçün, ilk olaraq sosializmlə milli burjua dövləti seçimi arasında, sonradan isə laik düzənlə şəriət düzəni seçimi arasında barışmazlıq havası önə çıxmış oldu. Atatürkçü modelin içində bu sürəc hərbi çevrilişlərin müşayiəti və sıxıntıları ilə zəngin olsa da, özlüyündən zamanla çözülmüş oldu. SSRİ-nin çöküşü himayəsiz qalan sosializm xəyallarını Türkiyədə boşa çıxartdı. Ardınca İslamçı kimliyin siyasi hakimiyyətdə tədricən zirvəyə doğru yaxınlaşması, lakin düzənin içində İslam qaydalarının kompromisini tərtib etdi. Ancaq çözülməyən ana bir sorun başağrısı olmağa davam etdi. Artıq bu sorunu Atatürk ilkə və inqilablarının maddələri ilə çözmək imkansız hala gəlmişdi. Bu da dağda döyüşlə, parlamentdə söyüşlə, küçədə yürüyüşlə davam edən sistemli kürd separatçı hərəkatı idi. Bu hərəkata Avropanın da, ABŞ-ın da, ermənilərin də, Rusiyanın da, İsrailin də- qısacası Türkiyəni zəiflətmək istəyən hər gücün görünən və görünməyən dəstəyi bilinən bir gerçəkdir. Və əsl həqiqətdə Türkiyə PKK adı ilə dolayı yolla həm də bu güclərlə döyüşürdü. Ən təhlükəli güc isə bu savaşın davam etməsi ilə daxildə hakimiyyəti əldə saxlamaq arasında sarsılmaz bağlar qurmuş hərbi-siyasi qüvvələr sayılırdı. Bütün bu faktorlar çözüldükdən sonra artıq kürdlərlə dialoq zəminində tabuların dağıdılmasına başlamaq olardı və Ərdoğan bunu etməkdən çəkinmədi. Kürdləri gerçəkçi bir siyasətə dəvət etdi. Türkləri daha gerçəkçi bir siyasətin zəruriliyinə inandırmağa çalışdı. Bir dövlət çatısı altında birgəyaşayış modelini tapmağa çalışdığını göstərdi. Bir əsr öncə Osmanlı dövlətinin başında duranlar Türkiyə adında kiçik bir torpaq parçasına sahib olacaqlarını düşünməmişdilər, ancaq savaş stratejisi qaçınılmaz olduğundan, o dalğanın içində torpaqların əksər hissəsi müstəqillik dalğasının qurbanı oldu. İndi isə dünyanın başqa şərtləri və başqa bir Türkiyə var. PKK ilə sonu görünməyən savaş Türkiyə üçün daha təhlükəli bir parçalanma riski vəd etdiyindən, demokratik çözüm deyilən ikinci silahın işə salınması Türkiyə üçün daha az itkilərlə kürd məsələsini çözməyə yönəltdi. Bizim arzuladıqlarımızı, xəyal etdiklərimizi bir kənara qoyaq. Real şərtlərdə başqa bir tablo var. Silahla məsələnin çözümü mümkünsüz. Bu savaşda nə Türkiyə dövləti, nə də kürd xalqı qalib olmayacaq. Sadəcə hər ikisi zəifləyərək daha az gücə sahib bir dövlətin bünyəsi altında əziyyət çəkəcəklər. Yeni sürəc artıq kürdləri də silahlı müqavimətin həvəskarı olan PKK-dan uzaqlaşdıracaq. Muxtariyyətə, müstəqilliyə qədərki mübarizə əzminə baxmayın. Uzun illər ayrı-ayrı dövlətlərin himayəsi altında yaşamış, sərt idarəetmə basqılarını yaşamış kürdlərin vahid dövlət ətrafında birləşməsi imkansız və xəyal məhsulu kimi görünməkdə. Bunu ilk dərk edən siyasi nüfuz sahibləri Bərzani ilə Tələbani oldu və daha realist bir plan üzrə İraq sistemi içində Kürd muxtariyyətini faktiki müstəqillik səviyyəsinə qaldıra bildilər. Türkiyədə isə demokratik azadlıqların inkişaf etməsi kürdlərin siyasi maksimalizminə də təsirsiz ötüşməyib və müstəqillik əvəzinə daha əhatəli mədəni haqlar əldə etmə istiqaməti güclənməyə başlayıb.
Artıq kürdlər üçün də Məsud Bərzaninin sabitlik modeli cəlbedici görünməyə başlayacaq. Bölgədə İraq kürdləri ilə enerji layihələrində müştərək paylaşım burada sərmayə mühitini xeyli dəyişə bilər. İraq kürdləri əllərində olan enerji ehtiyatlarını Türkiyə ilə paylaşmadan qapalı çevrədə fırlanmaqdan başqa bir alternativə sahib deyillər.
Bütün hallarda AKP iqtidarının çözüm təşəbbüsünü öz üzərinə götürməsi və kürdlərin ayrı-ayrı hərbi, siyasi, sivil, xarici cinahları ilə çevik dialoq qura bilməsi gözlənilməz risklərlə və siyasi cəsarətlə dolu addımlar sayılmalıdır. Burada əvvəlcədən yol xəritəsi cızmaq da mümkün görünmür. Yolun gedişində reallıqlar bütün tərəflər üçün daha qabarıq görünəndə, kürdlər Türkiyənin bölünməzliyinə daha çox dəstək verməli olacaqlar. İki seçim var: ya İraqda, Suriyada olduğu kimi, həmişəlik savaş altında yaşam, ya da Türkiyə kimi sabitlik və demokratiya məkanında milli kimliyə aid olan ən yüksək haqlarla əmin-amanlıq içində yaşam.
Uzun illər hər platformada-dağlarda, parlamentdə, küçələrdə terrorla, sözlə mübarizə aparan xalqın maksimalist siyasətdən uzaqlaşacağını indidən proqnozlaşdırmaq olar. Bəs, ümumiyyətlə, nə Qarabağ uğrunda, nə də Azərbaycanın güneyində öz haqları üçün sistemli, təşkilatlanmış formada mübarizə aparmayan bizlərin, yəni azərbaycanlıların aqibəti necə olacaq? Türk milləti öz dövlətinin bütünlüyünü qorumaq üçün bəd ayaqda ikinci Qurtuluş savaşına başlaya bilər, buna əzmi və iradəsi çatar, dövlət ruhu yetər! Biz nəyə başlayacağıq, nəyə başlaya bilərik, bu mövzuda zərrəcə bilgim yox. Birinci Qarabağ savaşı göstərdi ki, artıq cızılmış sərhədləri haqqını tapdaladığımız xilaskar mələyimiz Nuri Paşa da aşıb gələ bilməyəcək!
Tək təsəllimiz ələmlərimizin uçmağıdır.