Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Konstitusiya Məhkəməsinə müraciət edərək növbəti dəfə rektor vəzifəsi tutan deputatların mandatdan məhrum edilməsi məsələsini qaldırıb. Buna qədər o, Prezident İlham Əliyevə və MSK sədri Məzahir Pənahova oxşar məzmunlu müraciət göndərmişdi.
Əksər media orqanlarında İ.İsmayılovun qaldırdığı məsələ Bakı Döbvlət Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisadiyyat Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlıya aid edilir.
Halbuki, Milli Məclisdə rəsmi vəzifələr tutan digər deputatlar da var.
Modern.az-a danışan Dillər Universiteti mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova “bu məsələ ilə bağlı açıqlama vermək səlahiyyətimə aid məsələ deyil” deyib.
BDU-nun sözçüsü Pərvanə İbrahimova da oxşar cavab verib: “O rektora aid məsələdir. Bununla bağlı heç nə deyə bilmərəm”.
Tibb Universitetinin mətbuat xidmətindən də şərh verilməyib: “İlyas İsmayılov artıq neçənci dəfədir bunu deyir”.
Misranə Həsənzadə