Modern.az

Azərbaycanda tanınmış məmurun dəvəquşu ferması iflasa uğrayıb - ÖZƏL

Azərbaycanda tanınmış məmurun dəvəquşu ferması iflasa uğrayıb - ÖZƏL

Ölkə

19 Noyabr 2013, 16:34

Azərbaycanlılar üçün ekzotik sayılan və bir çoxlarımızın sadəcə zooparkda gördüyü dəvəquşuların respublikamızda da kütləvi şəkildə saxlanmasından yəqin ki, hamının məlumatı yoxdur.
2004-cü ildə Xırdalanda yaradılan “Straus” Kəndli Fermer Təsərrüfatı MMC Cənubi Afrika Respublikasından ilk dəfə ölkəmizə 180 ədəd dəvəquşu gətirərək, onların artırılmasına, kənd təsərrüfatı quşları kimi inkişaf etdirilməsinə başlamışdı. İki il sonra bu təsəsrrüfatın fəaliyyəti nəticəsində Bakıdakı bəzi mağazaların piştaxtalarında alıcılar üçün toyuq, hinquşu əti ilə yanaşı, dəvəquşu əti də təklif olunurdu. O zaman dəvəquşu əti alıcılara 15-18 dollara satılırdı. Həmin vaxt əti şəfalı hesab edilən dəvəquşunun alıcıları da ortaya çıxdı. Satışda dəvəquşunun qiyməti də elə ucuz deyildi. Çəkisi 30-40 kq olan dəvəquşu təxminən 1000 manata satılırdı. Yəni, bir inək qiymətinə dəvəquşu almaq mümkün idi. Amma indi həmin quşun ətinə bazarlarda rast gəlinmir.
Sən demə, Cənubi Qafqazda dəvəquşu saxlanılması və ətindən müxtəlif məhsulların hazırlanması ilə məşğul olan ilk təsərrüfat olan “Straus” Kəndli Fermer Təsərrüfatı MMC-dən indi əsər-əlamət qalmayıb.

Modern.az saytı dəvəquşu təsərrüfatının taleyi ilə maraqlanıb.  


“Straus” Kəndli Fermer Təsərrüfatı MMC-nin rəhbəri Teymur Baqatırov MMC-nin fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan bazarında dəvəquşu ətinə tələbat olmadığından təsərrüfat iflasa uğrayıb.

“Bazarda dəvəquşu ətinə ehtiyac olmadığından MMC bağlandı. Biz də məcbur olub dəvəquşuların hamısını dəyər-dəyməzinə satdıq. Cənubi Qafqazda birinci belə təsərrüfat idi. Həm də çox maliyyə tələb edən bir sahə olduğundan gəlir gətirmədi”.

Teymur Baqatırov deyir ki, 108 dəvəquşu ilə fəaliyyətə başlayan təsərrüfat sonradan bu sayı 1000-ə çatdırıb. MMC rəhbərinin sözlərinə görə, təsərrüfat iflasa uğrayanda məcbur olub dəvəquşuları kütləvi şəkildə kəsərək, kolbasa sexlərinə veriblər.

“Təsərrüfatımızı bağlamaq qərarına gələndən sonra quşların sayını yavaş-yavaş azaltdıq. Bir çoxunu satdıq. Bu sahəyə maraq göstərən rayon sakinləri gəlib alırdılar. Əsasən Maştağadan, Lökbatandan, Qubadan, Kürdəmirdən, Masallıdan olan sakinlər 3-5, yaxud 10 dənə alıb aparırdılar. Biz də dəyər-dəyməzinə satırdıq. Yerdə qalan quşları isə kəsib kolbasa sexlərinə payladıq”.

T. Baqatırov deyir ki, dəvəquşu ətinin tərkibində xolesterin, yağ və natrium (duz) demək olar ki, yoxdur. Ona görə də bu ət kökəlmə vermir, təzyiqi yüksəltmir, ürək xəstəliklərinə səbəb olmur və bütün parametrlərinə görə pəhriz məhsulu sayılır. Dəvəquşunun dərisi də dünyada ən bahalı dərilərdən sayılır. Bu dəridən kişi və qadın ayaqqabıları, çantalar, kəmərlər, portmanatlar və başqa əşyalar hazırlanır, keyfiyyətli olduğuna görə bu məmulatlar uzun müddət istifadə edilir. Dəvəquşunun yumurtası da çox faydalıdır, onların qabığından müxtəlif cür eksklüziv məmulatlar, bəzək əşyaları hazırlanır.
Ətinin, dərsinin və tükünün keyfiyyətinə görə birinci yeri Afrika dəvəquşusu tutur. Bu quşların çəkisi 120-140 kq-a çatır, boyları 2,2-2,6 metrə qədər olur. 60-70 il yaşayan dəvəquşular 40 il yumurta vermək qabiliyyətində olur. Yumurtalarının isə çəkisi 1-2 kiloqram olur.

Amma nə olsun, bütün bunlara baxmayaraq Azərbaycan bazarı dəvəquşulardan imtina edib...

Modern.az saytı mövzunu araşdırarkən məlum oldu ki, 2004-cü ildə Xırdalanda yaradılan və sonradan iflasa uğramış  “Straus” Kəndli Fermer Təsərrüfatı MMC-nin təsisçisi hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Əli Bayramovdur.

Əli Bayramov hələ 2006-cı ildə tədbirlərin birində bildirmişdi ki, İqtisadi İnkişaf Nazirliyi "Straus" kəndli fermer təsərrüfatına aşağı faizlərlə kreditlər ayırıb. O, "Straus"un yaxın gələcəkdə Sumqayıtda da fermer təsərrüfatı açacağını demişdi. Hətta bu məqsədlə Sumqayıtda geniş bir ərazi də icarəyə götürülmüşdü. Orada quşların sayını ən azı 5 minə çatdırmaq planlaşdırılmışdı.

Əli Bayramov hələ o zaman demişdi ki, digər növ təsərrüfatlara nisbətən dəvəquşu təsərrüfatı daha çox risklidir. O, haqlıymış...
Beləliklə, “Straus” Kəndli Fermer Təsərrüfatı MMC-nin bütün planları alt-üst olub.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi