Modern.az

Keyfiyyət, rahatlıq, sərnişin məmnuniyyəti - İctimai nəqliyyatda yenilik

Keyfiyyət, rahatlıq, sərnişin məmnuniyyəti - İctimai nəqliyyatda yenilik

Ölkə

1 İyul 2024, 11:56

Tarif Şurasının son tənzimləmələri ilə Azərbaycanda benzin qiymətlərində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən isə ictimai nəqliyyatın gediş haqqında dəyişiklik edilib.

Belə ki, artıq A-92 markalı benzin 1 manat 10 qəpiyə, A-95 markalı benzin isə 1 manat 60 qəpiyə satılır. Metro və avtobuslarda gedişhaqqı isə 50 qəpik təşkil edir. 

Rəsmi açıqlamada qeyd olunub ki, tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.

Yəni müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası avtobus marşrutlarında, metro nəqliyyatında tariflərin tətbiqində optimal variant seçilib. 

Mövzu ilə bağlı Modern.az-a danışan "Avtosfer.az" saytının rəhbəri, nəqliyyat məsələsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, dəyişiklər gözlənilən idi:


“Heydər Əliyev adına Neft Emalı Zavodunun tikintisi tam müasir texnologiyalar əsasında quruldu. Bu qədər xərcin qarşılığında zavod tam işə düşəndə qiymətdə artım baş verəcəyini iqtisadçılar da proqnozlaşdırmışdılar. Budəfəki dəyişikliyin yaxşı tərəfi odur ki, Aİ-95 benzinin yerli istehsalına başlandığına görə onun qiyməti endirildi. Bu obyektiv bir addım oldu. Artıq bu sahədə xaricdən asılılıq aradan qalxdı. Dövlət Neft Şirkətinin  (SOCAR) də açıqlamalarından belə başa düşürük ki, şirkət ölkəni "premium" benzinlə tam təmin edə bilir. Yəqin ki, bununla bağlı təhlillər aparılıb və gündəlik, həftəlik, aylıq nə qədər istehsal lazım olduğu müəyyən edilib. 
Beləliklə, bunu müsbət tendensiya kim qəbul edə bilərik.

Əvvəl Aİ-92 və Aİ-95 markalı benzinlər arasında 1 manat fərq var idi. Dəyişiklikdən sonra bu fərq 50 qəpiyə endi. Müasir avtomobillərdə əsas istifadə edilən Aİ-95 markalı benzindir. Azərbaycanda gömrük qaydalarına edilən dəyişikliklərdən sonra istehsal ili 10 ildən yuxarı olan avtomobillər ölkəyə buraxılmır. Müasir avtomillərin əksəriyyəti isə "premium" benzinlə işləyir. Bu da onu göstərir ki, yeni dəyişiklik xeyli maşını əhatə edir. İndiyə qədər biz Aİ-92 markalı benzinin keyfiyyətini təqribən Avro-2, Avro-3 standartında görürdük. SOCAR-ın açıqladığı məlumatların səmimi olduğuna inanıram. Ümidvaram labarator şəraitdə də lazımi tədqiqatlar aparılaraq mütəxəssislərin qarşısında cəmiyyətə nümayiş etdiriləcək ki, keyfiyyət Avro-5 standartına uyğundur. Əgər belədirsə, əminəm ki, öz avtomobilinin qeydinə qalan, tez-tez sıradan çıxmasından narahat olan sürücülər bunu müsbət qarşılayacaqlar".


E.Muradlı deyib ki, yanacaqdoldurma məntəqələrinə də ciddi nəzarət edilməlidir:

"Ən böyük problemlər elə burada başlayır. Benzinin keyfiyyəti dəyişdirilir, müxtəlif qatqılar qatılır. Aidiyyəti qurumlar buna nəzarət etməlidir. Bu gün dünya dizeldən uzaqlaşır, yaxud da qiyməti elə həddə qaldırırlar ki, insanlar artıq ondan istifadə etmək istəmirlər. Bir çox ölkələrdə dizellə işləyən avtomobillərin gətirilməsinə icazə verilmir. Başqa aspektdən yanaşdıqda dizelin qiymətini daha da ucuzlaşdırmaq mümkün  idi. Sadəcə Tarif Şurasının və SOCAR-ın açıqlamalarından görünür ki, burada məqsəd insanların dizel mühərrikli avtomobilərdən istifadəsini məhdudlaşdırmaqdır. Dizel mühərrikli avtomobillər ətraf mühitin çirklənməsində başlıca rol oynayır. Qiymət fərqinə görə insanlar bu avtomobillərə üstübnlük verirdi, tənzimləmədən sonra fərq cəmi 10 qəpik oldu. Düşünürəm ki, bundan sonra avtomobil almaq istəyənlər seçim edərkən bu 10 qəpik fərqi o qədər də əhəmiyyətli hesab etməyəcəklər. Ümumiyyətlə, yanacaqla bağlı yanaşmalar insanları məcbur edir ki, alternativ variantlara üstünlük versinlər. Məsələn, hibrid və elektromobillər üçün Azərbaycanda kifayət qədər güzəştlər var. Bu nəqliyyat vasitələri ölkəyə gətirilərkən gömrük rüsumu və digər xərclər çox cüzi təyin olunur. Bir çox ölkələrin praktikasında da bu belədir. Bu işlərdən başı çıxan-çıxmayan başlayır şərh verməyə. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranır. Dərhal da bu məsələlər sosial məsələlərlə əlaqələndirilir. Dünya təcrübəsində bu məsələlər hamısı təhlil olunur. Azərbaycan ətraf mühitin qorunmasına çox böyük töhfə verən bir ölkədir. Bu il Bakıda COP29 kimi mötəbər bir tədbir keçiriləcək. Burada Birləşmiş Millətlər Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına, digər rəsmi məlumatlara baxmalıyıq. Dünyada ətraf mühitin çirklənməsində 60%-dən yuxarı göstərici avtomobillərdən buraxılan zəhərli qazların hesabına formalaşır. Azərbaycanda bu göstərici fərqlidir. Konkret Bakı şəhərində bu göstərici 80%-dir. Bunun da böyük hissəsi dizel mühərrikli avtomobillərlə bağlıdır. İstərdim ki, qiymət artımı digər sahələrə təsir göstərməsin. Bəzən şahidi oluruq ki, ərzaq satıcısı benzində olan 10 qəpik artımı bəhanə edərək ərzağın qiymətini 50 qəpik artırır. Bu vəziyyətdən sui-istifadə etməkdir”.
 

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatda da gediş haqqının artırılması gözlənilirdi:
 

“Daşıyıcı şirkətlər artıq böyük borc yığını içində idi. Pandemiya dövründən yaranan vəziyyət bu gün hələ də aradan qaldırıla bilməyib. Nəticə etibarilə yeni avtobusların alınması baş tutmur. 10 qəpiyin onlar üçün heç nə olduğunu düşünə bilərsiniz, amma bu, belə deyil. Şirkətlər öz borclarını qaytarmaq, yeni avtobuslar almaq üçün çalışırlar. Tanıdığım məşhur daşıyıcı şirkətlər son bir ildə bəlkə də barmaqla sayıla biləcək qədər avtobus gətirib. Amma pandemiyadan əvvəlki dövrə baxanda görürdük ki, hər şirkət ildə ən az 50-100 avtobus gətirirdi. Buna görə də hələ də küçələrdə köhnə avtobusları görürük. Dövlət tərəfindən daşıyıcı şirkətlərə subsidiyaların ayrılması da gözlənilir. Ötən il bu vəsait ayrıldı, bu il daşıyıcı şirkətlər arasında bölünəcək. Amma Bakı şəhərində avtobusların əksəriyyəti bu günə qədər 50 qəpik gediş haqqı ilə işləyirdi. Əvvəlki dəyişiklikdə gediş haqqı məsafəyə görə fərqləndirilmişdi, buna görə də bir çox istiqamətdə avtobuslar bu qiymətə işləyirdi. Bakı daxilində 40 qəpik gediş haqqı olan az marşrutlar var idi. Daşıyıcı şirkətlər tərəfindən bu narazılıqla qarşılanırdı. Yanacaq qiyməti, yeni elektrikli avtobusların alınması tələbi təsir edən amillərdəndir. Elektrikli avtobusların biri təqribın 600 min manata gəlib çıxır. Əvvəl dizel mühərriklə olan, yaxud digər növ olan avtobuslar 200-300 min manata alına bilirdi. Dövlət bu məqsədlə gediş haqqını artırmaq və subsidiyalar ayırmaqla dəstək olur. İnsanlar bunun 10 qəpik hissəsini görürlər. Arxa planda isə dəhşətli mənzərə var.

İnsanlarımız daha rahat səyahət istəyirsə, bu artım belə azdır. Şirkətlər gündəlik təhlil aparır. Bir insanın ictimai nəqliyyatda hərəkəti 70 qəpikdən çoxdur. Bakı-Sumqayıt üzrə xərc 70 qəpik müəyyənləşib. Əhalinin 70%-i bu yolda taksilər, mikroavtobuslardan istifadə edir. Qiymətləri isə 1 manat, 1 manat 50 qəpikdən başlayır. İndi Bakı-Sumqayıt marşrutunda hərəkət üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. İndiyə qədər bu marşrut üzrə rəsmi 5 avtobus olub ki, onun 3-nü gündəlik xətdə görə bilirdiniz. Problemlər bu günün deyil, əvvəldən yığılıb qalmış problemlərdir. Mən 15 ildir nəqliyyat sistemi ilə maraqlanıram. Bu illərdə demək olar ki, hər il metronun zərərlə işlədiyini görürük. Burada da yeni, daha sürətli qatarlar tələb olunur. Bu ildən artıq sürətli şəkildə qatarların yenilənməsinə başlanacaq. Bütün bunların fonunda da qiymət artımı qaçılmaz idi. Dünyanın hər yerində belədir, dövlət ictimai nəqliyyatı qorumalıdır, yoxsa o, özü-özlüyündə böyük qazanc gətirən sahə deyil. Əvvəllər Azərbaycanda qazanc gətirirdi, çünki müqaviləsi, sistemi yox idi. 10 il bundan əvvələ qədər avtobuslar planla işləyirdi. İndi isə hər şey rəsmiyyətə keçir. İndi hamı şərh verir, yaxud sosial şəbəkədə tənqidlər edir. Amma bunların arxa planını görmək lazımdır. Onlar istəyir ki, həm qiymət artmasın, həm də rahat avtobuslarda, qatarlarda səyahət etsinlər. Bu belə olmur axı. Ötən il 300 min manata alınan avtobus hazırda 350 mindir. Üstəlik onun ehtiyyat hissələri də bahalaşıb. Şəxsi avtomobilimizdə ehtiyat hissəsi alanda görürük ki, qiymətdə böyük fərq var. Daşıyıcı şirkətləri hər birinin 50-300 arası avtobusu var. İndi bu xərclərin onların büdcəsinə nə qədər təsir göstərdiyini düşünün. Bu reallıqdır, bundan şou düzəltmək lazım deyil”.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ