Modern.az

Növbədənkənar seçki: partiyalar hərəkətə keçdi - “Siyahını MSK-ya göndərdik”

Növbədənkənar seçki: partiyalar hərəkətə keçdi - “Siyahını MSK-ya göndərdik”

Ölkə

1 İyul 2024, 12:30

Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsinə dair Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, namizədliyi irəli sürüləcək şəxlərin sənədlərinin təqdim olunması proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq.

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Yəni, seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da dayandırılacaq.
 

Modern.az saytı siyasi partiyaların seçkidə neçə namizədlə iştirak edəcəklərini öyrənmək üçün sorğu keçirib.
 

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu gün 60-a yaxın səlahiyyətli nümayəndənin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəklər:
 

"MSK tərəfindən təsdiq olunandan sonra səlahiyyətli nümayəndələr dairə seçki komissiyalarında namizədləri irəli sürürlər. Hazırda dəqiq rəqəm deyə bilmirəm. Amma biz çalışıcağıq ki, maksimum çox dairədən namizədimiz irəli sürülsün. Dəqiq rəqəm deyə bilməməyimizin səbəbi var. Ona görə ki, prosesin gedişatında namizədlərin bəziləri fikrini dəyişir, yeni namizədlər meydana çıxır. Proses canlı mexanizm kimidir. Mən özüm 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyimi irəli sürəcəm".
 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiyanın səlahiyyətli nümayəndələrini müəyyənləşdirib sabah MSK-ya təqdim edəcəyini söyləyib:


"Yəqin ki, həftənin sonuna kimi namizədləri müəyyənləşdirib müvafiq dairələrdən irəli sürəcəyik".
 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev vurğulayıb ki, hələlik dəqiqləşmə işləri gedir.
 

"Bu həftə Siyasi Şuranın iclasını keçirəcəyik. Ondan sonra məlumat verəcəyik",-E.Musayev deyib.
 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Ali Məclisin həftə ərzində toplantı keçirəcəyini deyib:


"Seçkilərdə iştirak barədə qərar partiyanın Ali Məclisində aparılan müzakirədən sonra verilə bilər. Məclisimizin bu həftə ərzində toplantısının olması gözlənilir. Bütün digər məsələlər də yalnız ondan sonra aydınlaşacaq".


Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli qeyd edib ki, seçkilərdə neçə namizədlə iştiraka dair hələ də müzakirə aparırlar:
 

"Daha çox namizədlə iştirak etmək, yoxsa partiyanın gücünü müəyyən dairələrə yönəldərək uğur qazanmağa çalışmaq - hansı məqbuldur? Bu suala cavab axtarırıq. Buna görə də, hələ Ədalət Partiyası öz namizədlərinin adlarını açıqlamır. Ancaq tezliklə bunu edəcəyik".
 

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı söyləyib ki, qurum yaxın günlərdə Ali Məclisin sessiyasını çağıracaq və seçkidə iştirakla bağlı qərar verəcək:


“Biz bu günə qədər bir partiya olaraq bütün seçkilərdə iştirak etmişik. Siyasi partiyanın seçkidə iştirakının tərəfdarıyıq. ƏHD Partiyası Ali Məclisin iclasından sonra seçkidə iştirak formasını müəyyən edəcək”.


Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli qeyd edib ki, partiyanın sənədləri artıq hazırdır:
 

"Dünən partiyanın səlahiyyətli nümayəndələrinin siyahısını MSK-ya təqdim etdik. Çox operativ şəkildə siyahını təsdiqlədilər. Həm də siyahını bir çox seçki dairəsinə göndərmişik. Bu gün-sabah prosesi yekunlaşdıracağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ