Modern.az

Hərbi çağırışçıların tibbi yoxlamasındakı yenilik nə vəd edir...

Hərbi çağırışçıların tibbi yoxlamasındakı yenilik nə vəd edir...

Ölkə

1 İyul 2024, 16:48

Rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək.

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, əvvəlki illərdə hərbi xidmətə yararlılıq səviyyəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) təyin edirdi. Yəni çağırışçı olan vətəndaşı özləri hərbi xidmətə çağırır, müayinə edirdilər. İndi qayda dəyişib:

“Bu zaman bəzi hallarda “lazım olan şəxslər” arasından sağlamları xəstə, xəstələri isə sağlam yazdıraraq prosesləri bərbad bir vəziyyətdə həyata keçirirdilər. Bu, ictimaiyyətdə çox ciddi narazılıqlara səbəb olmuşdu. Mən də dəfələrlə bu barədə çıxışlar etmişdim. İndi tibbi yoxlamanı həyata keçirən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi SHXÇDX ilə heç bir asılılıq, tabeçilik münasibətlərinə malik deyil.
Digər tərəfdən, son illərdə biz bu sferada çox böyük və ciddi irəliləyişlərin olduğunu müşahidə edirik. Çağırışçılar yoxlandıqdan sonra sağlamlıqları haqqında məlumatlar elektron hökumət portalında yerləşdiriləcək. Bu məlumatlar hamı üçün əlçatan olacaq. Bu məsələdə ciddi şəkildə şəffaflığın təmin olunması, daha əvvəl mövcud olan neqativ halların tamamilə aradan qaldırılması nəzərdə tutulur”.

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə onlarla həkim və SHXÇDX-nin keçmiş əməkdaşları hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara məruz qalıblar:

“Bəziləri artıq həbs edilib, bəziləri barədə araşdırılmalar davam edir. Vətəndaşlarımıza səslənərək bildirirəm ki, hər bir vətəndaş qanunlar çərçivəsində hərbi xidmət etməyə borcludur. Dövlət əgər bizi oxudur, böyüdür, sosial-tibbi problemlərimizi həll edirsə, biz də zamanı gəldiyi an bir il yarım xidmətimizi yerinə yetirməli , bununla da ölkəmizin müdafiəsinin və təhlükəsizliyinin təmin olunmasına öz töhfəmizi verməliyik”.
 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ