Modern.az

Türk dövlətlərinin Şuşa sammitində sürpriz GÖZLƏNİLİR

Türk dövlətlərinin Şuşa sammitində sürpriz GÖZLƏNİLİR

Ölkə

5 İyul 2024, 14:06

Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

İki gün davam edəcək Zirvə görüşündə tərəflər təbii fəlakətləri, iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərini, həmçinin TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsini müzakirə edəcəklər.

Sammitdə Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri, Türkiyə və Macarıstanın hökumət başçıları, eləcə də Şimali Kipr prezidenti Ersin Tatarın iştirak edəcəyi gözlənilir.

Zirvə toplantısından gözləntilər nələrdir? Şimali Kipr üzvlüyə qəbul edilə bilərmi?


VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) hər sammiti yeni planların qurulması deməkdir:
 

"Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında mehriban dostluq, möhkəm qardaşlıq əlaqələri var. Prezident bu ilin fevralında keçirilən inauqurasiya mərasimində dedi ki, "bizim dünyamız Türk Dövlətləri dünyasıdır". Bu, bizim xarici siyasətimizin istiqamətini göstərir. Cənab Prezidentin təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin keçirilməsi türk dövlətlərinin bir-birinə münasibətə böyük önəm verdiyini göstərir. Türk dünyası anlayışı təkcə Azərbaycan üçün deyil, bütün türk dövlətləri üçün önəmlidir. Hər bir görüş gələcəyə yönəlik planların qurulması və müxtəlif səylərin ortaya qoyulması deməkdir".

A.Mirzəzadə qeyd edib ki, sammitdə Şimali Kipr Türk Respublikasının prezidentinin də iştirakı böyük uğur sayıla bilər:

"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hətta Azərbaycan zəfərinin bir simvoludur. Buna görə də, sammitin Şuşada keçirilməsi Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləməsi anlamına gəlir. Azərbaycanın quruculuq işləri barədə məlumatlanması, bir çox hallarda öz dəstəklərini təklif etmələri deməkdir. Artıq Özbəkistan, Qazaxıstan, Qırğızıstan tərəfdən işğaldan azad olunmuş ərazidə məktəb inşası qardaşlığı bir daha göstərdi. Eyni zamanda dünya görür ki, Türk dövlətləri bir yerdədir. Bu dövlətlərin problem yarananda güclərini bir yerə toplaması artıq bütün dünyaya məlumdur. Bu sammit də tarixi görüş kimi yaddaşlarda qalacaq. Şimali Kipr Türk Respublikasının Şuşada keçirilən zirvədə iştirakı artıq böyük siyasi qələbədir".
 

VI çağırış Milli Məclisin üzvü Vüqar İskəndərov isə  vurğulayıb ki, budəfəki Zirvə toplantısı əsasən müşahidəçi ölkələr üçün yaddaqalan olacaq:

"Toplantı təşkilata üzv olan ölkələrin  birgə qərarlar verdiyi platforma olacaq. Həm də bütün dünya bu təşkilata üzv olan qardaş dövlətlərin birliyinin təzahürünü növbəti dəfə görəcək. Həmişə belə toplantılarda çox yaxşı nəticələr görmüşük".

Vüqar İskəndərov Zirvə toplantısında sürprizlərin olacağını düşünür:

"Şimali Kipr Türk Respublikasının, eləcə də Macarıstanın tamhüquqlu üzvlüyü təsdiqlənə bilər. Bunlar olmasa, belə Şuşa Zirvə toplantısından bir sıra maraqlı mesajların və hadisələrin şahidi ola biləcəyik. Bu təşkilat əsasən Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın lokomotivliyi ilə irəliləyir, inkişaf edir. Biz artıq Özbəkistan, Qazaxıstan, Qırğızıstanın, eləcə də müşahidəçi dövlətlər Macarıstan və Şimali Kipr Türk Respublikasının da aktiv fəaliyyətini müşahidə etməkdəyik. Digər Türk olmayan dövlətlərin də təşkilata marağı artmaqdadır.  Bu da TDT-nin qlobal təsisata çevrilməsi anlamına gəlir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər