Modern.az

Məsud Pezeşkian İranın yeni prezidenti SEÇİLDİ

Məsud Pezeşkian İranın yeni prezidenti SEÇİLDİ

Ölkə

6 İyul 2024, 07:47

İyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda əslən azərbaycanlı namizəd Məsud Pezeşkian qalib gəlib.

Modern.az İranınn “Mehr” Agentliyinə istinadən xəbər verir ki, Məsud Pezeşkian 16.384.403 səs, rəqibi Səid Cəlili isə 13.538.179 səs toplayıb.

İranın Seçki Qərargahının sözçüsü Möhsün Eslami jurnalistlərə deyib ki, ölkə daxilində və xaricində namizədlərə verilən səslərin ümumi sayı 30 milyon 530 min 157 səsdir. Səslər aşağıdakı kimi bölünüb:
 

Məsud Pezeşkian 16 milyon 384 min 403 səs;
Səid Cəlili 13 milyon 538 min 179 səs.

 

Beləliklə İran siyasi dairəsinin islahatçılar qanadını təmsil edən Məsud Pezeşkian ölkənin yeni - 14-cü prezidenti seçilib.

M.Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub.

Məsud Pezeşkian daha əvvəl deputat kimi Təbriz, Osku və Azərşəhr seçki dairəsini İran parlamentində təmsil edib, eyni zamanda 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

O, 2001-2005-ci illərdə eks-prezident Məhəmməd Hatəmi dövründə səhiyyə naziri olub.

Təhsili üzrə ürək cərrahı olan Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda İranın şimalındakı nüfuzlu universitetin akademik heyətinin üzvüdür.

O, əvvəllər iki dəfə - 2013 və 2021-ci illərdə prezidentliyə namizədliyini irəli sürsə də, hər iki dəfə seçkiyə buraxılmayıb.

Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib. Hazırda üç övladı var. 

Məsud Pezeşkian bu il mayın 19-da İranın şimal-qərbindəki dağlıq bölgəsində helikopter qəzası zamanı həlak olan mərhum dövlət başçısı İbrahim Rəisini əvəz edəcək.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır