Modern.az

Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın! - Zeynal Nağdəliyevdən tapşırıq

Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın! - Zeynal Nağdəliyevdən tapşırıq

Ölkə

10 İyul 2024, 11:46

"Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın".


Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Qarşıdakı əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir. Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları göstərib. 65 və 77 saylı dairə seçki komissiyalarının sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalı və hər kəs elə çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin”.

Z.Nağdəliyev deyib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir.


“Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilir. 28 iyuna olan statistikaya görə, seçicilərin sayı 22,2 % artıb. Eyni zamanda seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib. İşlər avqustun 9-dək bitməlidir”.
 

Z.Nağdəliyevin sözlərinə görə, son iki il ərzində  2,5 milyon ev təsərrüfatına baxış keçirilib.

"Son statistikaya görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır