Son aylar Azərbaycan ərazisində torpaq suruşməsi artaraq geniş ərazini əhatə etməkdədir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyevin bildirdiyinə görə, respublika ərazisində yağıntı, əsasən, çoxillik müşahidələrə görə, daha çox yazın axırı və yayın əvvələrində düşür. AMEA-nın mətbuat xidməti Ə.Əliyevin fikirlərini təqdim edib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, təkcə may ayında son 50 illə müqayisədə yağıntının aylıq normadan 1,5 dəfə artıq olması meyllilik dərəcəsi yüksək olan ərazilərdə sürüşmə hallarının intensivləşməsinə səbəb olub. Adətən torpaqlar su keçirməyən gilli süxurlar üzərində formalaşdıqda düşən yağıntıların çox olması nəticəsində sürüşmə halları intensivləşir. Çünki yağış alt qatlara keçə bilmir və nəticədə torpaq sürüşməsi baş verir”.
Bundan başqa, hər gün ölkə ərazisində baş verən yüngül titrəyişlər də sürüşmənin baş verməsinə səbəb olan təbii amillərdəndir.
Son beş illə müqayisədə 2010-cu ilin yaz fəslinin ilk aylarında torpaq sürüşmənin daha çox artması təkcə təbii səbəblərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen amillər də sürüşmə hallarının artmasında böyük rol oynayır. Belə ki, meyllilik dərəcəsi yüksək olan dağ yamaclarında yolların çəkilməsi nəticəsində yamacların dayanıqlıq dərəcəsinin aşağı düşməsi, meşələrin kütləvi şəkildə qırılması (meşə döşənəyinin düşən yağıntının torpağın alt qatına dərhal və tamamilə keçməsinə mane olması, eləcə də ağacların torpaqdakı rütubəti yarpaqları vasitəsilə transpirasiya etməsi nəticəsində torpaq rütubətinin azalması), dağ yollarında ağır tutumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması (Bakı və respublikanın digər iri şəhər və qəsəbələrində) sürüşməyə səbəb olan antropogen amillərdəndir”.
Ə.Əliyevin bildirdiyinə görə, respublika ərazisində baş verən torpaq sürüşməsinin arealının genişlənməsi, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında (Balakən-Şamaxı-Qusar xətti boyunca) böyük bir ərazini əhatə etməsi qeyd olunan amillərdən bilavasitə asılıdır.
Modern.az