Modern.az

Polad Bülbüloğlu istefa verməyə HAZIRLAŞIR

Polad Bülbüloğlu istefa verməyə HAZIRLAŞIR

Ölkə

25 İyul 2024, 16:22

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Səfir 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.

Modern.az-ın Polad Bülbüloğluna yaxın mənbələrdən əldə etdiyi məlumata görə, səfir istefa vermək və bundan sonrakı rəsmi fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirmək istədiyini bildirib.

Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblərə əsasən, parlamentin üzvü icra strukturlarında vəzifə tuta bilməz.

Ölkə Konstitusiyasının 85-ci maddəsinin II bəndində deylir:

“İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.
 
Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. O, səfir işləməzdən əvvəl bir dəfə deputat olub. P.Bülbüloğlu Azərbaycanın mədəniyyət naziri postunu tutarkən - 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmiş və I çağırış Milli Məclisdə təmsil olunmuşdu.

1945-ci il təvəllüdlü Polad Bülbüloğlunun 79 yaşı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu