Modern.az

Azərbaycanın strateji seçimi - Qərb, yoxsa Rusiya - Vahid Əhmədov yazır

Azərbaycanın strateji seçimi - Qərb, yoxsa Rusiya - Vahid Əhmədov yazır

Ölkə

27 Noyabr 2013, 12:23

Azərbaycanın strateji seçim qarşısında olduğu danılmazdır. Azərbaycan “nüvəsi Rusiya olan Gömrük İttifaqı, Avrasiya İqtisadi Şurasına, yaxud Avropa Birliyinə inteqrasiya xətti ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiativ birlik və Azad Ticarət Zonasınana üstünlük verəcək” sualı ilə üz- üzədir. Bu iki güc mərkəzini ona görə xüsusilə qeyd etdik ki, Azərbaycana təklif olunan başqa alternativ yoxdur. Ona görə də Azərbaycan özünün gələcək strateji inkişaf və təhlükəsizliyini nəzərə alaraq bu güc mərkəzlərindən birinə ciddi mənada inteqrasiya etməlidir. Bu isə Azərbaycan üçün taleyüklü məsələ olduğundan güc mərkəzləri ilə əməkdaşlıq bütün parametrlər üzrə ciddi təhlil olunmalı və risk faktorları nəzərə alınmaqla qərar verilməlidir.

Rusiya, yoxsa, Avropa Birliyi?

Rusiyanın dirçəliş dövrü təxminən 2001-ci ilə təsadüf edir. Bunadək Rusiyada daxili münaqişələr, dövlət hakimiyyətində boşluq və s. kimi məsələlər baş alıb gedirdi. Rusiyada Putin erasının başlanması ilə qısa müddət ərzində daxili stabilliyi və dövlət hakimiyyətini möhkəmlətmək mümkün oldu. Regionda və dünyada itirilməkdə olan nüfuzunu, təsirini qaytarmağa start verdi.

Bu o vaxta təsadüf edirdi ki, Qərb, xüsusilə də ABŞ böyük sürətli Rusiyanın ənənəvi təsir dairəsində olan regionlara böyük ölçüdə nüfuz edə bilmişdi. Təbii ki, belə bir vəziyyət heç bir halda Rusiyanı razı sala bilməzdi. Təəssüf ki, düşmüş olduğu situasiyadan çıxmaq və öz nüfuzunu qaytarmaq naminə Rusiya müasir dünyanın qəbul etdiyi metodlardan deyil, özünün ənənəvi yanaşmalarına üstünlük verməyə başladı. Bunlar Qərbə inteqrasiya xətti götürən region ölkələrinə müxtəlif təzyiqlər, iqtisadi - tranzit və enerji layihələrinə maneçilik törətmək və s. ibarət idi. Ancaq müasir dünyada demokratik dünya birliyinin üzvü kimi onunla eyni hüquqa malik dövlətlərə, öz inkişaf yolunu sərbəst seçmək haqqına sahib olan xalqlara bu və ya digər formada təzyiq etmək yolverilməzdir. Adətən bu cür metodlar əks effekt verir.

Rusiyanın ABŞ və Avropa ilə rəqabət aparmaq, özünün ənənəvi nüfuz dairəsində olan regionlarda onların təsirini azaltmaq və eyni zamanda öz nüfuzunu artırmaq məqsədi ilə son dövrlər daha da aktivləşdiyinin şahidi oluruq. Rusiyanın Avropa İttifaqına alternativ olaraq Avrasiya Birliyi və MDB çərçivəsində Gömrük İttifaqı kimi birliklər yaratması da bunun bariz nümunəsi hesab oluna bilər. Əslində bu ideya Rusiyanın ayaqda durmasını təmin etmək və gələcəyə daşımaq xarakteri daşıyır. Təbii ki, çevrə ölkələrin hesabına. Amma MDB dövlətləri də bu gerçəyi bildiklərindən Gömrük İttifaqına qoşulmağa o qədər də həvəsli görünmürlər. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Bu addımlar bir daha Rusiyanın özünü dünyanın sıradan bir dövləti kimi deyil, fövqəldövlət qismində gördüyünü, eyni zamanda imperiya ambisiyalarından əl çəkmədiyini göstərir. Lakin burada diqqəti çəkən bir məqam var. Maraqlıdır ki, MDB-yə daxil olan bir çox ölkələrin Avropa Birliyinə daxil olmaqdan ötrü ortaya böyük cəhdlər qoyduğu halda Rusiyanın öndərliyində yaradılan Avrasiya Birliyi, Gömrük İttifaqı kimi qurumlara üzv olmaqda tərəddüd edilir... Təbii ki, bu da səbbəsiz deyil. Çünki Avropa İttifaqına daxil olan dövlətlər iqtisadi cəhətdən xeyli üstünlüklər əldə etmiş olurlar. Düzdür, Avropa İttifaqına daxil olmaq üçün çoxsaylı kriteriyalar da vardır ki, üzv olmaq istəyən dövlətlər bunları qəbul etmək məcburiyyətindədirlər. Ancaq bu kriteriyalar da nəticə etibarilə ölkələrin strateji inkişaf xəttinə müsbət təsir edəcəyi üçün onları reallaşdırmağa canla, başla razılıq verirlər. Lakin Gömrük İttifaqı və Avrasiya Birliyinə könüllü daxil olmaq istəyən dövlətlərin sayı çox deyil. Müqayisələr göstərir ki, iqtisadi potensial baxımından Gömrük İttifaqının Avropa İttifaqı ilə rəqabət aparması reallıqdan uzaqdır. Hesablamalara görə, əgər MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa o zaman Gömrük İttifaqı dünya üzrə Umumi Daxili Məhsulun cəmi 4 fazini təşkil edəcək. Avropa İttifaqında isə bu göstərici 26 fazidir. Üstəlik, Avropa İttifaqı vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda, Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.

Azərbaycana idxal olunan məhsulların yalnız 15 faizi MDB ölkələrinin payına düşür

Reallıq ondan ibarətdir ki, Azərbaycanın Qərb ölkələri ilə iqtisadi münasibətləri üstünlük təşkil edir. Əgər Azərbaycana idxal olunan məhsulların yalnız 15 faizi MDB ölkələrinin payına düşürsə, qalan 85 faizi Qərb və Asiya ölkələrinə aiddir. İxrac olunan məhsullarda da vəziyyət eynidir. İxracımızı isə əsasən neft təşkil edir ki, burda onların payı 90 fazidən yuxarıdır. Təbii ki, bunun da bazarı MDB deyil. Bizim ixracın strukturunda da MDB ölkələrinin payı cəmi 6-7 faizdir.

Başqa bir gerçək də var ki, o da Rusiyanın ənənəvi siyasəti, davranışı ilə bağlıdır. Rusiya Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Şurasına üzv etməklə heç də onunla bərabərhüquqlu tərəfdaş kimi davranmaq fikrində deyil. Rusiyanın indiyədək bu geosiyasi məkanda yürütdüyü siyasət, xüsusilə də soydaşımız Orxan Zeynalova və bu xüsusda miqrantlara olan münasibət və davranışlar bir daha göstərdi ki, Şimal qonşumuz hələ də dünya gücü olmaq və yenidən imperiya siyasəti yürütmək sevdasından vaz keçməyib. Və hələ də Rusiya postsovet məkanı olan ölkələrə arxa boğçası kimi baxır və bu ölkələrlə təzyiq və şantaj diliylə danışır. Təhlillər göstərir ki, ortada dəyişən bir Rusiya yoxdur. Rusiyanın bir olmaq istədiyi ölkələrə əvvəl münasibəti necə idisə, bu gün də elədir. Əslində isə bu ölkələr Şimal qonşumuza Qərbin Rusiyanı mühasirəyə almaq siyasətindən qorunmaq üçün lazımdır. Gömrük İttifaqını yaratmaqla bir növ Avropa Birliyinə alternativ görüntüsü yaratmaq istəsə də, bunu ciddi qəbul etmək mümkün deyil. Çünki bu qurumun yaranması baş tutsa belə bütün parametrlər üzrə öz potensialı baxımından Avropa Birliyinə alternativ ola bilmə imkanı yoxdur.

MDB məkanındakı münaqişələr və Gömrük İttifaqı

Olsa-olsa, nüvəsi Rusiya olan bu qurumda üzv olacaq ölkələr yalnız onun təhlükəsizliyi üçün bufer zonası olmağa yarayacaq. Belə bir missiya isə getdikcə güclənən Azərbaycan üçün uyğun və yetərli deyil. Həmçinin Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyasına imkan verməməsi də göz ardı edilə bilməz. Digər tərəfdən təhlillər göstərir ki, dəyər baxımından da Gömrük İttifaqı üzv ölkələrin ixrac imkanlarının artmasına səbəb olmayacaq. O baxımdan bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olacaq. Bütün bu deyilənlərin fonunda Gömrük İttifaqı ilə bağlı Azərbaycan Prezidentinin Rusiya televiziyasına açıqlamasını bir daha xatırlatmaq istəyirəm: “Biz Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmağımızda hələlik elə bir xeyir görmürük. Bizim kifayət qədər valyuta və zəngin təbii ehtiyatlarımız var. Əgər biz bunun real perspektivlərini görsək, onda əlbəttə ki, hər hansı birliyə daxil olarıq. Bu planda bizim üçün heç bir qadağa, tabu yoxdur”. Bu fikirlərlə Azərbaycan Prezidenti bəzi diqqətlərə dolayı şəkildə Gömrük İttifaqı və Avrasiya Birliyi ideyasının indiki halda Azərbaycana xeyir gətirməyəcəyini çatdırdı. Bu fikrin davamı prezident seçkilərindən sonra dövlət başçısının andiçmə mərasimindəki çıxışında da özünü göstərdi. Prezident Azərbaycanın həm bölgədə, həm də qlobal səviyyədə müstəqil siyasət yürütdüyünü xüsusi vurğulamaqla bu siyasətin strateji seçim olduğunu, heç bir vəhclə xarici təzyiqlərin işə yaramayacağını bir daha təsdiqlədi. Bu təzyiqlərdən sığortalanma yolarının cavabı isə Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində gəldi. Prezident cəmiyyətə şox önəmli mesajlar verdi. Dövlət başçısı bütün problemlərin ölkə daxilində həll olunmasını vurğuladı. Bu isə cəmiyyətin kon salidasiyası anlamına gəlir ki, onun da nəticəsi ölkədə sabitliyin təminatı ola bilər. Prezidentin Azərbaycanın inkişaf perspektivi haqda bütün qüvvələrin eyni dünücədə olması haqda fikirləri isə bir daha Azərbaycanın Qərbə inteqrasiya xəttindən vaz keçməyəcəyini ortaya qoydu. Başqa tərəfdən, Azərbaycan prinsipial olaraq Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olmayanadək Ermənistanla bir qurumda olmayacağını elan edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmamağımız da məhz bu prinsipial mövqəyə əsaslanır. Bütün bunlara rəğmən, Azərbaycan bu qurumlara üzv olsa belə, Qarabağ probleminin ədalətli həll olacağını düşünmək sadəlöhvlük olardı. Çünki region uğrunda rəqabət güc mərkəzlərindən birinin xeyrinə nəticələnməyənə qədər Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ, Abxaziya və Osetiya kimi münaqişələr Rusiyanın əlində Azərbaycan, Gürcüstan və Ermənistana təzyiq mexanizmləri kimi qalmaqda davam edəcək.


Müstəqilliyimiz ən böyük dəyərimizdir və bunu itirmək olmaz

Bir başqa məsələ qurumlara üzvlüklə bağlıdır. Bu bir gerçəkdir ki, hər hansı ittifaqa üzv olan ölkə öz müstəqilliyinin bir hissəsindən vaz keçmək məcburiyyətindədir. Ancaq söhbət Rusiyadan gedəndə vəziyyət tamamilə dəyişir. Avropa dəyərlərindən fərqli olaraq Rusiya dəyərləri özünün nüvəsini təşkil etmədiyi heç bir ittifaqı qəbul etmir. Onun patronajlığı altındakı ittifaqlar da ətrafda fırlanan orbit, bir növ müstəmləkə xarakteri daşıyır. Qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi isə dövlətimizin ən böyük dəyəridir və bunu heç bir vəchlə itirmək olmaz.

Avropa İttifaqının Assosiativ sazişinə Gömrük İttifaqı kontekstində baxış Assosiativ razılaşma çərçivəsində Aİ indiyə kimi bir çox mallara tətbiq etdiyi bir sıra idxal rüsumları ləğv edəcək. Assosiativ müqaviləni imzalayan ölkə də eyni addımı Avropa malları üçün atacaq. Bu ölkə istehsalçıları üçün ixracın böyük perspektividir və daxili bazarda böyük rəqabət yaranacaq. Ən çox udan isə ölkə istehlakçısı olacaq. Belə ki, istehlakçı aşağı qiymətlərlə ən keyfiyyətli malları gözləyə bilər. Avropa İttifaqı Gömrük İttifaqı ölkələri ilə müqayisədə yeddi dəfə çox mal idxal edir. AB-də əmək haqları isə 3,5 dəfə Gömrük Şurası ölkələrindən yüksəkdir. Buna görə də potensial olaraq AB ilə azad ticarətdən götürüləcək xeyir daha çoxdur. Təbii ki, Azərbaycan istehsalçılarına Avropa bazarını fəth etmək üçün çox çalışmaq lazım olacaq. Başqa tərəfdən, Azərbaycana Gömrük İttifqaı ölkləri ilə ikitərəfli münasibətlər çərçivəsində ticarət siyasətini keçirməyə heç nə maneə olmur. Avropa İttifqında alınacaq ən böyük xeyir ölkənin korrupsiyaya qarşı mübarizə ilə öhdəlikləri ola bilər. Bundan başqa dövlət idarəçiliyində islahatları tənzimləyən əlavə sənəd AB ilə razılaşmanın bir hissəsidir. Qərarların qəbul olunma mexanizmində də fərqlilik var. Gömrük Şurası Avrasiya iqtisadi cəmiyyəti çərçivəsində iki fövqəlmilli orqanın fəaliyyətini nəzərdə tutur: Gömrük Şurasının Komissiyası (KTS) və Avrasiya İqtisadi Komissiyası (YEEK). Hər iki komissiya ölkələrin daxili və xarici iqtisadi siyasətinin nizamlanmasında geniş səlahiyyətləri alır. Gömrük siyasəti KTS ilə müəyyənləşdirilir və Rusiyasız qərar qəbul etmək mümkün deyil. Amma başqa üzv ölkələrin iştirakı olmadan isə qərarlar qəbul oluna bilər. Gömrük Şurası çərçivəsindəki müqavilələrdən fərqli olaraq Avropa Birliyi ilə assosiativ razılaşma hansısa fövqəlmilli orqanın yaradılmasını nəzərdə tutmur. Avropa İttifaqı ilə assosiativ razılaşma Gömrük Şurasıyla razılaşmasından fərqli olaraq eynihüquqlu münasibətlər nəzərdə tutur və heç bir tərəf öz iradəsini ortaya qoymaq imkanlarına malik deyil.

Türkiyənin də 5 ildən sonra bu anlaşmaya daxil olması gözlənilir

Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyasına imkan vermir. Bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olacaq. Avropa İttifaqında münasibətlər şaquli deyil, üfüqidir. Bu təşkilatda diktə edən tərəf yoxdur, konsensus var. Ən nəhayət, gözardı edilməyəcək qədər daha bir əhəmiyyətli məqam: ABŞ-ın təşəbbüsü ilə Avropa ölkələriylə aralarındakı ticarəti sərbəstləşdirəcək Transatlantik Ticarət və Yatırım ortaqlığı anlaşması yönündə müzakirələr gedir. Türkiyənin də 5 ildən sonra bu anlaşmaya daxil olması gözlənilir. Amerika Latın Amerikasından Avropayadək dünya iqtisadiyyatının 75 faizini tək bir bazarda və tək bir standartta birləşdirmək istəyir. Və bütün yatırım mənbələrini də bir nöqtəyə götürür. Bu bölgənin xaricində qalanlar itirənlər olacaq. Çünki dünyanın istehsalının standartını dəyişdirəcəklər. ABŞ qloballaşmanı yenidən şəkilləndirir. Yəni qloballaşma yerini bu dəfə bölgələşməyə verir. Bu bazara girə bilmək üçün çarə birdir. Avropa Birliyi ilə əlaqələrə sürət verməliyik və tez bir zamanda assosiativ sazişə imza atmalıyıq. Əks təqdirdə Avropa Birliyi ilə iqtisadi və siyasi məkanda bir yerdə olmayanlar bu bazarın kənarında qalacaqlar.


Vahid ƏHMƏDOV

 Millət vəkili

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi