Modern.az

Azərbaycan Ermənistanın silahlandırılmasına göz yuma BİLMƏZ

Azərbaycan Ermənistanın silahlandırılmasına göz yuma BİLMƏZ

Ölkə

29 İyul 2024, 17:45

Ermənistan son günlər sərhəddə yenidən təxribatlara əl atır. Londonda Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsindən sonra bu ölkənin ordusu Kəlbəcərdə mövqelərimizi atəşə tutub. Ötən gün isə Ermənistan ordusuna məxsus dron Laçında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib.

 

Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistanın təxribatları davamlı xarakter daşıyır. "Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir", - açıqlamada deyilir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistanda gedən proseslər regionda təhlükə yarada biləcək şəkildə inkişaf edir:

 

“Adətən hər ölkənin silahlandırılması onun hərbi potensialına aid olduğundan qapalı olur. Ermənistan isə hansı müqaviləni bağlayırsa, dərhal nümayiş etdirir. Bu proseslər Ermənistanın daxilində olan revanşist qüvvələri müəyyən şəkildə ruhlandırır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin havadarlarının regionda maraqlarını təmin etmək məqsədilə tutduğu siyasi yol və qəbul etdiyi qərarlar Cənubi Qafqazın sabitliyinə yox, əksinə gəriginliyə səbəb olacaq. Ermənistanın sülh müqaviləsinin bağlanması ilə bağlı 4 il ərzində “1 addım irəli, 2 addım geri” prinsipi ilə hərəkət etməsini, müqavilənin bağlanmasına yaxın vaxtda təxribatların törədilməsini, sülh müqaviləsinin bağlanmasından qaçmasını digər proseslərin davamı kimi qəbul etmək olar. Əgər Ermənistan silalandırılırsa, deməli hansısa məqsəd var. Bu məqsəd heç də bu regionun stabilliyinə istiqamətləndirilməyib. Sülh müqaviləsinin bağlanmasına yaxın olduğumuz dövrdə Ermənistan şərti sərhəddə vəziyyəti gərginləşdirməklə, təxribatlar törətməklə, kəşfiyyat uçuşları aparmaqla Azərbaycanı adekvat addımlar atmağa vadar edir. Bu da sırf Ermənistanın ortaya çıxardığı ssenari və qərarlar deyil. Bunlar Ermənistana havadarlıq edən, regionda maraqları olan dövlətlərin qərarlarıdır. O dövlətlər bu regionda arzuedilməzdir. Ona görə ki, regiondakı münaqişə “3+3” prinsipi ilə həll olunmalıdır. Ancaq Ermənistana havadarlıq edən Fransa, Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin bəzi nümayəndələri burada öz maraqlarını təmin etmək üçün açıq şəkildə Ermənistanı silahlandırırlar. Ermənistan tərəfinin təxribatlar törətməsi də həmin ssenari əsasındadır”.

 

Ekspert qeyd edib ki, hazırda Ermənistanda Avropa Müşahidə Missiyası adı altında fəaliyyət göstərən qüvvələrin sayı gün keçdikcə artır:

 

“Bilirik ki, bu qüvvələr müşahidə missiyası adı altında kəşfiyyat əməliyyatları aparır. Əsas məqsəd regionda gərginlik yaratmaqdır. Digər tərəfdən ABŞ və Ermənistan arasında bir-birinin ardınca keçirilən təlimlər də diqqəti cəlb edir. Bu təlimlərin Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyəti gərginliyə doğru inkişaf etdirdiyini görürük. Region ölkələrinin vəziyyətə münasibətinə nəzər salaq. Bu ölkələr Rusiyaya dost ölkələr sayılmır. Eynilə İran üçün də dostluq münasibətləri inkişaf edən ölkələr deyil. Gürcüstanda gedən proseslərdə də ölkənin bu ölkələrə münasibətini görürük. Geriyə Türkiyə və Azərbaycan qalır ki, biz də regionda yad qüvvələrin iştirakı ilə bu prosesin irəliləməsinə müsbət yanaşmırıq. Sülh müqaviləsi region ölkələrinin iştirakı lə “3+3” formatında hazırlanmalı və imzalanmalıdır. Bu proseslər sırf Azərbaycana yönəlməyib. Regionda vəziyyət gərginləşsə, bu Cənubi Qafqazda ümumi təhlükəsizliyə xələl gətirəcək. Belə olduğu halda regionda olan və “3+3” formatında iştirak edən bütün ölkələr zərər görə bilər. Azərbaycanla Ermənistan arasındakı müharibə şəraitindən istifadə edərək şərti sərhəddə vəziyyətin gərginləşdirilməsi istiqamətində atılan addımlar ölkəmizi adekvat addımlar atmağa vadar edəcək. Bunun ardınca da havadar dövlətlərə sərf edən qətnamələr çıxarılacaq. Bu qətnamələr əsasında Ermənistana havadarlıq edən qüvvələr burada öz maraqlarını təmin etmək üçün hüquqi bazadan istifadə edəcəklər. Düşünürəm ki, burada əsas hədəf regionda maraqların genişləndirilməsi, Orta Dəhlizin keçməsini nəzərə alsaq, həmin proseslərdən pay almaq məqsədi və geosiyasi coğrafiyada gedən proseslərin bu regiondan yan keçməməsidir. Hədəflər ilk olaraq Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. Belə olan halda Rusiyanın necə cavab verəcəyini bilirik. Münaqişənin alovlanmasının nəticəsini çoxları Ukrayna və Suriyaya bənzədir. Belə olacağı halda əlbəttə bu Ermənistan və region üçün təhlükə yaradır. Ona görə də Ermənistanın tutduğu mövqe nə erməni xalqına nə də rəsmi İrəvana xidmət etmir. Paşinyan hökuməti isə artıq nüfuzunu itirmiş hökumət kimi havadarlar tərəfindən idarə olunur".

 

Ş.Ramaldanov sonda vurğulayıb ki, COP29 ərəfəsində sərhəddə vəziyyət gərginləşdirilərək Azərbaycan hansısa başqa imicdə təqdim edilməsi hədəflənir.

 

“Sonda bütün məqsədlər geosiyasi proseslərin nəticəsidir. Regionda Ermənistanın tutduğu mövqe və yeritdiyi siyasət region üçün təhlükəlidir. Ölkəmiz müharibə şəraitində olduğu dövlətin bu şəkildə güclü silahlandırılmasına göz yuma bilməz. Biz hələ də müharibə şəraitindəyik. Qarşı tərəfin indiyə aldığı ən güclü silahları əldə etməsi hərbi potensiallarını nə qədər gücləndirdiyini göstərir. Son zamanlar Ermənistan yüklü məbləğli müqavilələr əsasında öz hərbi potensialını daha da gücləndirəcək. Biz müharibə şəraitindəyik. Ermənistanda olan hansısa yer dəyişmə də nəzarətdə saxlanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycana hansısa təhlükə yaranarsa, dərhl cavab tədbirləri görüləcək. Bununla bağlı müdafiə nazirinin də son xəbərdarlığı Prezidentimizin tapşırıqlarından irəli gəlir. Belə olduğu halda Azərbaycan Ermənistanın gün keçdikcə artan hərbi potensiala göz yuma bilməz. Düşünürəm ki, hansısa hərbi yanaşma ilə yanaşsaq, müəyyən müdaxilələr edilməlidir. Çünki o silahlar müharibə şəraitində olan Ermənistana gəldikdə legitiv hərbi obyekt kimi qiymətləndirilə bilər. Azərbaycan Ermənistanla müharibə şəraitidə olan dövlət kimi, hərbi potensialının gücləndirilməsinə mane olmaq üçün müəyyən addımlar ata bilər. Ermənistan bu çirkin əməllərindən çəkilməsə təxribatların artmasını istisna etmirik. Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ayıq-sayıqlığı yüksək səviyyədə saxlayaraq düşmənin hansısa təxribatının qarşısını almağa hazırdır".

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir