Modern.az

Siyasi partiyaların seçki şüarları: İlk dəfə işğal problemi olmayacaq...

Siyasi partiyaların seçki şüarları: İlk dəfə işğal problemi olmayacaq...

Ölkə

1 Avqust 2024, 10:04

1 ay sonra Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə keçiriləcək sayca 7-ci seçki əvvəlkilərdən bir çox xüsusiyyətinə görə fərqlənir. Bu, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsindən sonrakı ilk parlament seçkiləridir.

 

Belə ki, bu il baş tutacaq seçkilərdə ilk dəfə ölkənin bütün ərazisində səsvermə məntəqələri qurulacaq. Qarabağın sakinləri öz deputatlarını doğma torpaqlarında seçəcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, azad olunan ərazilərdə 26 seçki məntəqəsi təşkil olunub.

 

Bundan başqa, artıq siyasi partiyalar müstəqillik tariximizdə ilk dəfə seçki platformalarında Qarabağın azad olunmasına yer verməyəcək, şüarları Qarabağın işğaldan azad olunması ilə bağlı olmayacaq.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Modern.az-a bildirib ki, bütün partiyaların, eləcə də AMİP-in əsas hədəflərindən birincisi Qarabağ probleminin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi.

 

"İndi qarşıda yeni hədəflərimiz var. Həmin ərazilərin bərpa olunması, bacı-qardaşlarımızın öz doğma dədə-baba yurdlarına qaytarılması, həmçinin Azərbaycan vətəndaşının sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılması ilə bağlı təkliflərimiz var. Biz bu və digər təkliflərimizi Azərbaycan hökumətinə yazılı şəkildə də təqdim etmişik. Bundan sonrakı etapda da bu istiqamətdə təkliflərimiz olacaq. Qarşıdakı hədəflərimiz Zəngəzur və Göyçədən qovulmuş vətəndaşlarımızın geri qayıtmasını təmin etmək, beynəlxalq müstəvidə hüquqlarının bərpa olunmasına çalışmaq və bütövlükdə Azərbaycan dövlətinin güclənməsi, dövlətimizin türk dövlətləri ailəsində fəaliyyət göstərməklə təkcə regionun deyil eyni zamanda dünyanın qlobal güclərindən birinə çevrilməsidir. Şüarımız bundan ibarətdir ki, sosial, iqtisadi və digər cəhətdən güclü vətəndaşı olan dövlət güclü dövlətdir. Vətəndaşı zəif olan dövlət güclü ola bilməz. Bu konteksdən yanaşaraq ilk növbədə Azərbaycan vətəndaşının xüsusilə də, 2020-ci ildə qələbə qazanmış qalib xalqın sosial iqtisadi vəziyyəti yaxşılaşdırılması və ölkəmizin daha güclü dövlətə çevrilməsi istiqamətində fəaliyyətimiz davam edəcək. Bu məsələdə dövlətimizə istənilən dəstəyi verməyə hazırıq”.

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, seçkilər xalqın həyatında yeni mərhələnin başlanğıcıdır:

 

“Amma sıfırdan dəyişim deyil, sadəcə dövlətin xalqın həyatının müəyyən parçasıdır. Bu, heç nəyi dəyişmir. Seçkilərdə həmin dövr üçün aktual olan məsələlər önə çıxır və şüarlarda yer alır. Məsələn bir zamanlar Azərbaycanda Qarabağın azad edilməsi məsələsi gündəmdə idisə, bu gün yenidən qurulması gündəmdədir”.

 

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan qarşısına ciddi hədəflər qoyan dövlətdir:

 

“Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdik. Hazırda işğaldan azad edilmiş bölgələrimizdə sürətli və yüksək səviyyəli quruculuq işləri aparılır. Yaxın zaman kəsiyində bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq. Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında yer alacaq, bu dövlətimizin qarşısına qoyduğu başlıca prioritetlərdən biridir. Ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi də qarşıda duran vəzifələr içərisindədir. Biz partiya olaraq ölkə Cənab İlham Əliyevin siyasi kursunu təbliğ və müdafiə etməklə fəaliyyətimizi davam etdirəcəyik".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, təmsil etdiyi partiya seçkilərdə xüsusi namizəd olaraq iştirak etmir:

 

“Seçkilərdə partiya adından yalnız mənim namizədliyim irəli sürülüb. Mən də ancaq dairənin spesifikasına uyğun şüarlarla çıxış edirəm. Əsas şüarım da budur ki, “Seçki dairəsindən səs verin ki, Azərbaycan dairəsindən səsiniz eşidilsin”. Mənim fəlsəfəm budur ki, yalnız seçki dairəsini əhatə etmirik. Bütövlükdə Azərbaycan problemlərini gündəmə gətiririk. Təbii ki, Qarabağ problemi artıq öz həllini tapıb. Onun hansısa formada şüarlarda istifadə etməyin mənası qalmır. Biz ancaq Qarabağ bölgəsindən namizəd olan şəxslərin spesifik bölgənin dirçəlişi və bərpası ilə bağlı şüarlar müəyyənləşdirməsi mümkündür. Amma digər rayonların spefisikasına uyğun şüarlar da nəzərdə tutula bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu