Modern.az

"Dilimizdə səlis danışa bilməyənlər onun zəngin olmamasından şikayətlənirlər" - Direktor

"Dilimizdə səlis danışa bilməyənlər onun zəngin olmamasından şikayətlənirlər" - Direktor

Ölkə

1 Avqust 2024, 14:14

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva qeyd edib ki, bu gün Azərbaycan dili 50 milyondan çox azərbaycanlını birləşdirir:

 

“Azərbaycan dili beynəlxalq aləmdə özünü təsdiq edib. Bu dil eyni zamanda öz lüğət tərkibinin zənginliyi, möhtəşəmliyi ilə seçilir. Bu gün biz dilimizin zənginliyindən fəxrlə danışırıq. Nitqlərimiz, təqdimatlarımız fərqlidir. Bu gün Azərbaycan dilində səlis danışa bilməyən şəxslər dilin zəngin olmamasından şikayətlənir. Dilimizdə kifayət qədər söz ehtiyatı olmadığını bildirirlər. Amma dilimizdə söz ehtiyatı kifayət qədər olmasaydı yazıçılarımız, şairlərimiz klassik ədəbiyyatımızdan bu yana bu cür gözəl əsərləri necə yarada bilərdilər?! Sözün semantik qüvvəsi, cazibəsi olmasaydı, Azərbaycan şairini o məqama nə yüksəldə bilərdi? Doğrudan da, Azərbaycan dilindən zəngin, möhtəşəm ikinci bir dil yoxdur”.

 

S.Əliyeva bildirib ki, bu dil həm də qələbənin dilidir:

 

“Cəmi 44 günlük müharibə dövründə dilimizin həm də hərbin dili olduğunun şahidi olduq. Bütün mətbuat orqanları dilimizin zənginliyindən bəhrələnərək, Ali Baş Komandanımızın nitqinə hakim kəsilməklə Azərbaycan əsgərini qələbəyə səsləyir, ruhlandırırdı. Bu dil 44 günə qələbənin dili oldu”.

 

Direktorun sözlərinə görə, bu gün biz müxtəlif xalqlarla elmi, mədəni əməkdaşlıq çərçivəsində əlaqələrimiz, beynəlxalq nüfuzumuz genişlənir:

 

“İmzamızı imzalar içində görmək istəyən Ümummilli Liderimizin arzuları gerçəkləşir. Azərbaycançılıq ideyasına sadiq olan hər kəs istər öz dövlətimizdə, istərsə də xaricdə qürurla müxtəlif sahələrdə təmsil edir. Azərbaycan dilinə sevgi olmasa, biz yaxşı vətəndaş kimi yetişə bilmərik. Bizim Prezidentimiz həm də Dövlət Dil Komissiyasının sədridir. Sərəncam və fərmanlarında bu dilin qorunması və inkişafı üçün lazım olan göstərişlərini, tövsiyə və təkliflərini verir, müxtəlif qurumlar qarşısında vəzifələri müəyyənləşdirir. Burada əsas məsələ insanın özünün vətəndaş təəssübkeşliyidir. Əgər mən yaxı vətəndaşamsa, natiqəmsə, yersiz alınmalardan öz nitqimdə istifadə etməyəcəyəm. Bu dilin sintaktik konstruksiyasına uyğun olaraq söz sırasını dəyişmədən cümləmi formalaşdıracağam. Sözün məzmununa uyğun, konktekstual mövqeyini düzgün müəyyənləşdirəcək, düzgün tələffüzlə fonetik normaya riayət edəcəyəm. Dilin qrammatik səviyyədə qanunuyğunluqlarına riayət edərək nitqimi formalaşdıracağam. Düzgün yazı vərdişlərini tətbiq etməklə, Azərbaycan dilinin orfoqrafiya normalarına riayət edərək düzgün yazmağı bacaracağam”.

 

Müsahibimiz sonda vurğulayıb ki, hər şey dilimizə olan sevgidən başlayır:

 

“Monitorinq Mərkəzinin hər bir əməkdaşı dilimizə sevgi ilə bu yola çıxıb. Bu yolda müəyyən işlər görüldü, bundan sonra da görüləsi işlər çoxdur. Mən Azərbaycan dilində düzgün danışmağı bacaran hər kəsə öz təşəkkürümü bildirirəm. Bizim şairlərimiz, yazıçılarımız, dövlət başçılarımız, istər Ulu Öndər Heydər Əliyev, istərsə də onun siyasi kursunu layiqlə davam etdirən Prezident İlham Əliyev öz sərəncam və fərmanlarında bunu dəfələrlə vurğulayıb. Cənab Prezidentimzi dilimizdə qarşılığı ola-ola alınma sözlərdən istifadəni arzu etmir. Bunu arzuolunmaz hesab edən İlham Əliyevin nitqində də söz və ifadələrinə heyran qalırıq. Hər bir gənci istər ölkə başçısının, istərsə də Ulu Öndərin nitqindən örnək götürməyə çağırırıq. Vətəndaşlıq təəssübkeşliyi ilə bu dili sevin, qürurla danışmağı bacarın. Dilimiz çox gözəldir və dilin lüğət tərkibinə bələd olaraq zəngin nitqimizi qurmağı bacarmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi