Modern.az

86 yaşlı Müsavatçı namizəd: YAP-çılar arasında məni sevənlər də var

86 yaşlı Müsavatçı namizəd: YAP-çılar arasında məni sevənlər də var

15 Avqust 2024, 13:05

Sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı namizəd Oqtay Zeynalovdur. 1938-ci ildə anadan olan namizəd 38 saylı Gəncə birinci seçki dairəsindən seçki yarışına qoşulub.

 

Onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb. Modern.az deputatlığa ən yaşlı namizədlə həmsöhbət olub.

 

"Mən 1962-ci ildə keçmiş Lenin adına Pedoqoji İnstitutun tarix-filalogiya fakultəsini bitirmişəm. İsmayıl Şıxlı kimi müəllimim olub. Səməd Vurğunun qardaşı rektorumuz olub. Sonra 11 il Sabirabadda işləmişəm. Yoldaşım da Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun metodika fakultəsini bitirib. Onun anası ilə mənim atam əmiuşağıdırlar. Onu götürüb rayona apardım. İkimiz üst-üstə 20 il çalışmışıq. Sonuncu iş yerim Mirzə Şəfi Vazeh adına 16 nömrəli orta məktəb olub. Orada da 11 il direktorun birinci müavini olmuşam. 1-2 il də direktor olmuşam. Elçibəyin vaxtında məni direktor qoydular. Sonra Ağdamdan olan məhkəmə sədri 10 min pulunu alıb keçmiş direktoru yerinə qaytardı.  Mən də acıq eləyib müəllimlikdən çıxdım. 36 il çalışdıqdan sonra könüllü pensiyaya çıxdım. O vaxtdan heç bir işlə məşğul olmadım, evdəyəm. 4 uşaq, 10 nəvə, 6 nəticəm var", - o deyib.

 

O.Zeynalovun həyat yoldaşı bu yaxınlarda şəkər xəstəliyindən dünyasını dəyişib.

 

"Yoldaşım dünyasını dəyişib. Ölümünə səbəb şəkər xəstəliyi olub. 5-ci gün yeddi mərasimi olacaq. Sankt-Peterburqdan bir nəvəm gəlib, qızım və oğlum Özbəkistandan gəlib. Baş qarışıb, mənsəb itib. Neçə gündür təbliğat işi tamam yaddan çıxıb. Həyat yoldaşım vəfat etməmişdən təxminən 1 həftə əvvəl imzaları toplayıb verə bildik.  Yoldaşımın vəfatı həmin dövrə təsadüf etsəydi, nəsə edə bilməyəcəkdim",- o deyib.

 

86 yaşlı Oqtay Zeynalov deyir ki, 5-ci dəfədir deputatlığa namizəd olur: "Seçki dairəmdə 37-38 məntəqə var. Elə məktəb var ki, 3 səsvermə məntəqəsi var. Onlara müşahidəçi hazırlamışam"

 

Qeyd edək ki, onun bu dairədə əsas rəqibi YAP-ın namizədi, Milli Məclisin deputatı Naqif Həmzəyevdir. Oqtay Zeynalov bildirib ki, rəqibləri ilə ciddi maraqlana bilməyib. "Çünki neçə gündür başımız hüzrə qarışıb. Mən Gəncədə 8-10 il Müsavat Partiyasının yerli təşkilatının sədri olmuşam. İndi də sədrin müaviniyəm".

 

Müsavatın namizədi bu dəfə seçiləcəyinə ümidli olduğunu qeyd edib:

 

"2000-ci il seçkilərində mən Xalq Cəbhəsindəydim. Onların içərisində yaxşı dostlarım, xətrimi istəyənlər var. Yeni Azərbaycan Partiyasında (YAP) da xətrimi istəyənlər var. Qohum var YAP-ın üzvüdür. Burada nə var ki! Xalq Cəbhəsi Partiyası da seçkiyə getmədi. Səsvermədə onlardan mənim ərazimdə olanlar hökmən mənə səs verəcəklər. 5-ci dəfədir. Yəqin ki, bu dəfə seçilərəm. Deputat seçiləcəyim təqdirdə qaldıracağım ilk məsələ Gəncədə müəssisələrin işləməsi ilə bağlıl olacaq. Gəncədə 45-ə yaxın müəssisə var. Pambıq, barama bizdədir.  Yunu alıb-satan yoxdur. Yunun hamısını Rusiyaya, Türkiyəyə xammal şəklində satırlar. Nəyə görə Xalça kombinatı işləməsin?  İşsizlik məsələsini qaldıracam. Gəncədə olan işsizlik respublikanın heç bir yerində yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü