Modern.az

Putinin 6 ildən sonra 8-ci səfəri...

Putinin 6 ildən sonra 8-ci səfəri...

Ölkə

19 Avqust 2024, 09:26

Rusiya Prezidenti Vladimir Putin 6 ildən sonra ilk dəfə Bakıya səfər edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.

 

Bu, həmçinin Putinin Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından və Ukraynadakı müharibənin başlamasından sonra ölkəmizə ilk səfəridir.

 

Putinin Bakıda aparacağı danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

 

Modern.az Putinin Azərbaycana səfərlərini araşdırıb.

 

Putinin Azərbaycana ilk rəsmi səfəri 2001-ci il yanvarın 9-10-da baş tutub. O, yanvarın 9-da Bakıda Azərbaycan Prezidenti Heydər Əliyev ilə danışıqlar aparıb. İkitərəfli münasibətlər, o cümlədən regional təhlükəsizlik problemləri və humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin liderləri dövlətlərarası sazişlər paketini, o cümlədən Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyanatı və Qafqazda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə dair Bakı Bəyannaməsini imzalayıblar.

 

Yanvarın 10-da Rusiya prezidenti Azərbaycan dini icmalarının rəhbərləri ilə görüşüb, Bakının “Şəhidlər Xiyabanı” abidə kompleksini ziyarət edib, sonra Milli Məclisdə çıxış edib. Səfər zamanı Putinə Bakı Slavyan Universitetinin fəxri doktoru libası təqdim olunub.

2003-cü il dekabrın 15-də Rusiya Federasiyasının Prezidenti dekabrın 12-də vəfat edən Ümummilli Lider Heydər Əliyevlə vida mərasimində iştirak etmək üçün Bakıya uçub. 

 

2006-cı il fevralın 21-22-də Putin Azərbaycanda işgüzar səfərdə olub. O, fevralın 21-də Prezident İlham Əliyevlə birlikdə respublikada Rusiya ilinin açılış mərasimində iştirak edib. O, Rusiya Milli Sərgisinə baxıb. Daha sonra Putin Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüşüb. Fevralın 22-də keçirilən danışıqlarda iki ölkə prezidentləri regional təhlükəsizlik, humanitar sahədə əməkdaşlıq, Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə ediblər. Danışıqların sonunda Rusiya prezidenti Heydər Əliyev Fondunda olub.

 

2013-cü il avqustun 13-də Rusiya prezidenti Putin Azərbaycanda işgüzar səfərdə olub. İlham Əliyevlə görüşdə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, yanacaq-energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional məsələlər müzakirə olunub. İki ölkə prezidentlərinin iştirakı ilə bir sıra sənədlər, o cümlədən “Rosneft” Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıq haqqında saziş, həmçinin aviasiya axtarış-xilasetmə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanıb.

 

2015-ci il iyunun 12-13-də Azərbaycanda işgüzar səfərdə olan Putin Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində (12 iyun) iştirak edib.

 

İyunun 13-də Rusiya dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, daha sonra Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və beynəlxalq problemləri müzakirə ediblər. Günün ikinci yarısında Putin Olimpiya Kəndinə baş çəkib və burada Birinci Avropa Oyunlarında iştirak edən Rusiya yığmasının üzvləri ilə söhbət edib.

2016-cı il avqustun 8-də Putin Rusiya-Azərbaycan-İran sammitində iştirak etmək üçün Bakıya gəlib. Həmin gün Rusiya dövlətinin başçısı və Azərbaycan prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçirilib, görüşdə xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub.

 

2018-ci il sentyabrın 27-də Rusiya Federasiyasının Prezidenti Azərbaycana işgüzar səfərə gəlib. Hər iki ölkənin liderləri ikitərəfli görüş keçirib, IX Rusiya-Azərbaycan regionlararası forumunun plenar iclasında çıxış ediblər, cüdo üzrə dünya çempionatının yarışlarında iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi