Modern.az

Azərbaycanda ailə institutu necə qorunur?

Azərbaycanda ailə institutu necə qorunur?

Ölkə

27 Avqust 2024, 14:56

Azərbaycanda boşanmaların sayının həddindən artıq yüksək olması bir müddətdir ictimaiyyət tərəfindən ciddi müzakirə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 21688 boşanma qeydə alınıb, bu, müstəqillik tarixinin ən yüksək göstəricisidir. Boşanmaların sayının artması ilə yanaşı qurulan ailələrin sayı da azalır.

 

Qeyd edək ki, ailə münasibətləri ilə bağlı Azərbaycanda qeydə alınan bu tendensiya dünyanın bir çox ölkəsində də müşahidə edilir. Bəzi dövlətlər ailə institunu qorumaq üçün müxtəlif layihələr həyata keçirir, proqramlar icra edirlər. Məsələn, bir sıra ölkələrdə evlilik sayının çoxaldılması və ailələrin sonradan dağılmaması üçün könüllü pulsuz kurslar təşkil edirlər.

 

Proqrama əsasən, kurslarda hüquqi və maliyə savadlılığı, ailə planlaşdırılması və reproduktiv sağlamlıq, emosional zəka və ailə daxilində ünsiyyət bacarıqları kimi bir sıra bacarıqlar gənc ailələrə aşılanır. 

Bəs ölkəmizdə bu istiqamətdə hansı addımlar atılır?

 

Bu barədə Modern.az-a danışan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, ölkəmizdə bu istiqamətdə kurslar fəaliyyət göstərməsə də bir sıra maarifləndirmə tədbirləri görülür.

 

“Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"na əsasən, Komitə və Komitənin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən peşə məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində gənclərin iştirakı ilə onların ailə həyatına hazırlanması, ailə məsuliyyətinin gücləndirilməsi mövzusunda aidiyyəti qurumların dəstəyi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri, seminarlar təşkil edilir”, - o qeyd edib.

 

Eyni zamanda müvafiq sahədə görülən işlərdə səmərəliliyin artırılması məqsədilə beynəlxalq təcrübədən də geniş istifadə edildiyini bildirən Komitənin sədr müavini vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 25-28 sentyabr 2023-cü il tarixlərində psixoloqlar üçün “Ailə və nikah institutunu dəstəkləyən əsas mexanizmlər” mövzusunda təlim-seminar keçirilib:


“Müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığının artırılması, təlimçilərin yetişdirilməsi məqsədi daşıyan təlimdə 40-a yaxın psixoloq iştirak edib. İştirakçılara ailələrlə nikahdan öncə və nikah müddətində iş mexanizmləri, ailələrdə münasibətlərin düzgün qurulması məqsədilə terapiyaların aparılması mövzularında məlumatlar verilib”.


Bu ildən başlayaraq görüləcək tədbirlər haqqında da danışan Aynur Sofiyeva qeyd edib ki, Komitənin tabeliyində olan mərkəzlərdə nikaha daxil olacaq şəxslərin iştirakı ilə maarifləndirmə proqramı keçiriləcək:

 

“Psixoloqun iştirakı ilə keçiriləcək proqramda nikaha daxil olmaq üçün müraciət edən şəxslərin ailə həyatına psixoloji hazırlığı təşkil ediləcək və bu yeni qurulacaq ailələrdə daha sağlam psixoloji mühitin yaradılmasına imkan yaradacaq. Dövlət Komitəsinin təşkilatçılığı ilə cari ilin 28-30 avqust 2024-cü il tarixlərində Bakı şəhərində türkiyəli mütəxəssisin iştirakı ilə psixoloqlar üçün “Ailə terapiyası” mövzusunda 3 günlük təlim təşkil ediləcək, sentyabr ayında isə “Gənc Ailə Forumu” keçiriləcəkdir. Forumun keçirilməsində əsas məqsəd gənc ailələr arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi istiqamətində müxtəlif mövzular üzrə müzakirələrin aparılması, cəmiyyətə mühüm mesajların ötürülməsidir. Forumda gənc ailələr üçün ekspertlərin iştirakı ilə panel müzakirələri keçiriləcək. Panellərdə ailə psixologiyası, ailələrin sağlamlığının qorunması, ailənin sosial təminati və ailə hüququ kimi mövzuların müzakirəsi aparılacaq”.

 

Aynur Sofiyeva sonda onu da bildirib ki, 2023-2024-cü illərdə UADM-lər tərəfindən reproduktiv sağlamlıq və ailə planlaşdırılması, əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği və bu sahədə maarifləndirmə işinin genişləndirilməsi istiqamətində keçirilmiş tədbirlərdə ümumilikdə 2000 (1891) nəfərə yaxın şəxs iştirak edib.

 

Arifə Kərimzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü