Azərbaycanda ailə quranların əksəriyyəti rəsmi nikahla yanaşı, dini kəbin də kəsdirirlər. Amma müşahidələr göstərir ki, son illər evlənən gənclər arasında dini kəbinə əhəmiyyət verməyənlərin də sayı artır. Onlar düşünürlər ki, nikah bağlayıblarsa, kəbin kəsdirməyə ehtiyac yoxdur.
Bəs kəbin kəsdirmək nə qədər vacibdir?
Modern.az mövzuya ekspertlərdən rəy öyrənib.
İlahiyyatçı Tural İrfan bildirib ki, nikah evliliyin elan olunması və rəsmiləşməsidir. O, kəbinin kəsilməsini bir o qədər vacib hesab etmir:
"Əslində rəsmi nikah bağlanarkən də şəriətin tələbləri orada izah olunur. Hər iki tərəfin valideynlərinin şahid olması və razılıqları, həmçinin onların evliliyinin elanı və nikahı həyata keçirən şəxsin müsəlman olması şəriətin əsas tələblərindəndir. Nikah məmurlarımız bunlara əməl edir. Keçmişdən bir inam sistemi qalıb deyə nikahdan sonra bir çoxları molla, ruhani yanına da gedirlər. Mollalar və ruhanilərin pul almaq kimi "müasir" ənənəsi var və bu səbəbdən onlar dini kəbinin vacibliyini deyirlər. Lakin əslinə qalanda kəbinin nə hüquqi, nə də dini tərəfi var. Həmçinin din xadimi evlənənləri tam araşdırmaq qabiliyyətinə də malik deyil".
Tural İrfan təəssüsflə qeyd edib ki, insanlar hələ də kəbinin vacibliyinə inanır, üstünlük verirlər:
"İnandığına görə də rəsmi nikahdan sonra kəbin də kəsdirirlər. Amma burada böyük problem də yoxdur. Ürəklərinin rahat olması üçün yenə də dini kəbinə üz tuta bilərlər".
Azərbaycan Universitetinin müəllimi, sosioloq Asif Bayramov bildirib ki, istər kəbin olsun, istər nikah - mövcud qaydaların başlıca məqsədi ailə institutunun hüquqi, sosial, mənəvi-psixoloji aspektlərinin daha uğurlu qorunmasıdır:
“Ölkəmizin dünyəvi-hüquqi dövlət olması faktından çıxış etmək zəruridir. Çünki dini kəbin mövcud qanunlarımız kontekstində hüquqi akt hesab olunmadığından, təbii olaraq bu aktın qorunmasının da hüquqi məsuliyyəti mövcud deyildir. Ona görə ölkəmizdə yalnız dini kəbinlə evlənənlərin ailə institutu hüquqi əsasda tanınmadığından, onlarla bağlı gələcəkdə yarana biləcək ciddi hüquqi suallara ailə qurumu kontekstində cavab verilməsi də çətinləşir. Təbii ki, islam mədəniyyəti çərçivəsində dini kəbinin qorunması, əsasən, şəriət qanunları ilə tənzimlənir. Tarixən və bu gün islam mədəniyyətinin daşıyıcısı olsa da, idarəetmə formasına görə dünyəvi-hüquqi xarakter daşıyan ölkələrdə şəriət qanunları hakim olmadığından, dini kəbinin bu əsasda qorunması da mövcud deyildir. Təbii ki, istər kəbin, istərsə nikah ailə qurumunun hüquqi aspektlərini müəyyən edir. Ailənin isə ən vacib aspektləri onun sosial, mənəvi, psixoloji və bu kimi digər tərəfləridir. Yəni ailə üçün həyat qədər şirin olan xoşbəxtliyin təminatçısı heç də onun kəbin və ya nikah olması yox, ailə quranların mənəvi-psixoloji yetkinliyi, onların sosial təminat səviyyəsi və bu kimi digər faktorlardır. Ulu babalarımız - nənələrimiz demişkən, neynirəm o qızıl tası ki, içinə qan qusam”.
Sosioloq qeyd edib ki, dini inancı saf olan insanların kəbin kəsdirməsi ailənin monolotliyi baxımından çox əhəmiyyətli psixoloji-mənəvi məsuliyyət doğurur:
"Bu gün Azərbaycanda ailə institutunun yaşadığı ən qabarıq problemlərdən biri məhz bu məsuliyyətin getdikcə azalması və yoxa çıxmasıdır. Gəncliyimizi ailə qarşısında məsuliyyətə kökləyən dəyərlər sistemi aşınma dövrünü yaşamaqdadır və bu proses davam edərsə, yaxın gələcəkdə Azərbaycan ailə qurumunun çox ciddi böhranı ilə üz-üzə qala bilər. Bu faktı evlənmə və boşanma ilə bağlı ölkə statistikası da təsdiq edir. Yanlış anlaşılmasın deyə, bildirmək istəyirəm ki, bu mənim cəmiyyəti dini kəbinə çağırışım deyil. Bu, mənim cəmiyyəti ailə instutu ilə bağlı min illərin sınağından üzü ağ çıxaran, bizi bu günə uğurla daşıyan milli dəyərlərə sahib çıxmağa çağırışımdır".
Gülarə Quliyeva