Modern.az

Prezidentin dövlət qulluqçularının maaşını artırdığı rəsmən təsdiqləndi - SƏRƏNCAM

Prezidentin dövlət qulluqçularının maaşını artırdığı rəsmən təsdiqləndi - SƏRƏNCAM

Ölkə

5 Dekabr 2013, 13:23

Azərbaycanda dövlət qulluqçularının maaşının artırıldığı rəsmən təsdiqləndi. Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib. O, Modern.az saytına açıqlamasında dövlət qulluqçularının maaşlarının artırıldığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

”20 aprel 2012- ci il tarixdə  “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsinə dair  müvafiq qərar qəbul edilib. Həmin qərarda dövlət orqanlarının kateqoriyası və inzibati vəzifələrin təsnifatı yeni redaksiyada verilib. Yəni, dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin yeni təsnifatı müəyyən edilib. Əvvəlcə dövlət qulluğunun 9 təsnifatı vardısa, sözügedən dəyişikliyə əsasən, inzibati vəzifələrin təsnifatı azaldılaraq 7-yə endirildi. 8 və 9-cu təsnifatlar çıxarıldı. 20 aprel 2012- ci il tarixli qərarla dövlət orqanlarının kateqoriyasında da dəyişiklik edildi”.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri bildirib ki, bir neçə gün öncə ölkə başçısı İlham Əliyev dövlət qulluqçularının maaşının artırılmasına dair yeni sərəncam imzalayıb. 2 dekabr 2013 də tarixində imzalanan bu sərəncam “Dövlət qulluğu haqqında” Qanuna edilmiş 20 aprel 2012- ci il tarixli  dəyişikliyə uyğun verilib.

“Burada əsas məqsəd dövlət qulluqçularının əmək haqlarının qanuna uyğun olaraq müəyyənləşdirilməsidir. Qanunda müəyyən edilib ki, dövlət qulluqçularının əmək haqları dövlət qulluğunda tutuduqları vəzifənin təsnifatına uyğun  müəyyən edilir. Artıq yeni təsnifatlar da  müəyyənləşdiyinə görə zəruri olaraq dövlət qulluqçularının yeni əmək haqları təyin edildi. Sərəncamın əsas məqsədi, dövlət qulluqçularının yeni əmək haqlarının təsnifata uyğun olaraq sistemli formalaşdırılmasıdır”.

Maaşların neçə faiz artırılması məsləsinə gəldikdə isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bildirilib ki, bu, vəzifələrə uyğun olaraq gerçəkləşib. Yəni artımlar fərqlidir - 10%, 15% , 20%  və daha çox.

Qeyd edək ki, Azərbaycanda dövlət qulluqçularının maaşları uzun müddət idi ki artmırdı. Sonuncu dəfə maaşlar 2008-ci ildə artırılmışdı. Buna görə də hətta deputatlar da bu yaxınlarda parlamentdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanl hökuməti dövlət qulluqçularının maaşını artırmağa çağırmışdılar.

Ekspertlər Azərbaycanda dövlət qulluğunda işləyənlərin maaşının bir o qədər də yüksək olmadığı qənaətindədirlər. Sonuncu sərəncamadək məsələn, mərkəzi icra hakimiyyəti orqanlarnda (nazirlik, dövlət komitəsi, dövlət agentliyi, dövlət komissiyası) ştatlar üzrə maaş cədvəli aşağıdakı kimi idi:

Nazir - aylıq vəzifə maaşı 1250 manat); Nazir müavini - aylıq vəzifə maaşı 800 manat;
Aparatın rəhbəri - aylıq vəzifə maaşı 750 manat;
Şöbə müdiri - aylıq vəzifə maaşı 640 manat;
Şöbə müdirinin müavini - aylıq vəzifə maaşı 545 manat;
Baş məsləhətçi - aylıq vəzifə maaşı 416 manat;
Aparıcı məsləhətçi - aylıq vəzifə maaşı 402 manat;
Məsləhətçi - aylıq vəzifə maaşı 395 manat;
Sektor müdiri - aylıq vəzifə maaşı 465 manat;
Baş mütəxəssis - aylıq vəzifə maaşı 143 manat;
Katibə - aylıq vəzifə maaşı 143 manat;
Sürücü - aylıq vəzifə maaşı 143 manat.

Nazirlik və dövlət komitələrinin rayon və şəhərlərdəki yerli şöbələrində, rayon icra hakimiyyətlərində çalışanların isə maaşları yuxarıda göstərilən rəqəmlərdən də xeyli azdır.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi