Milli Şuranın sədri Cəmil Həsənli Modern.az saytına müsahibə verib:
– Milli Şurada qeyri-müəyyənlik nə vaxta qədər davam edə bilər?
– Şura 3 gün əvvəl sessiya keçirdi, qərarlar qəbul etdi. Fəaliyyət proqramını qəbul olundu. Azərbaycanda və Azərbaycandan kənarda ən mühüm məsələlər barədə bəyanatlarını verib. Milli Şuranın əsasnaməsində müəyyən dəyişikliklərə start verilib. O qeyri-müəyyən hesab etdiyiniz məsələlər də müəyyənləşib.
– Müsavat Partiyası Milli Şurada Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə etiraz edir. Bu məsələ necə həll olunacaq?
– Hər halda Rüstəm İbrahimbəyov fəxri sədr seçilib. Bu barədə Milli Şuranın qərarı var. Fikir ayrılıqları ola bilər. Bütün hallarda Milli Şura demokratik təşkilatdır, fikir plüralizminin olması normaldır.
– Vəziyyətin bu cür olacağını əvvəlcədən bilirdinizsə, şəraitə uyğun addım ata bilməzdinizmi?
– Axı insanlara necə təklif vermək hüququnu qadağan etmək olar?! Milli Şuranın üzvü də təklif verir, bu təklif səsə qoyulmalıdı, ya yox?!
– Rüstəm İbrahimbəyov Milli Şuranın sıravi üzvü ola bilməzdimi?
– O, Milli Şuranın üzvüdür. Sadəcə, ona hörmət əlaməti olaraq Milli Şuranın bəzi üzvləri belə təkliflərlə çıxış etdilər ki, o, qurumun fəxri sədri olsun. Fəxri sədr heç bir siyasi funksiya yerinə yetirmir. Əsasnamə üzrə heç bir rəsmi proseduru yerinə yetirmir. Bu, bir hörmətdir, gördüyü işlərə görə minnətdarlıq əlamətidir.
– Rüstəm İbrahimbəyov müsahibəsində deyib ki, Müsavatın Partiyasının Milli Şuradan çıxması qurumun fəaliyyətinə təsir etməyəcək. Onun fikirləri ilə razılaşırsınız?
– Milli Şura güclü təşkilatdır, Azərbaycan cəmiyyətinin bütün tərəflərini özündə ehtiva edir. Orada olan siyasi partiyalar qurumu gücləndirmək barədə düşünür. Eyni zamanda bura yeni qüvvələr cəlb olunur və bu şəraitdə Milli Şuranın gücü, imkanları daha da artır.
– İbrahimbəyov onu da deyib ki, Milli Şurada baş verən bu hadisələr onu maraqlandırmır. Qurumun fəxri sədrinin baş verən proseslərə bu cür münasibətini necə qiymətləndirirsiniz?
– Milli Şura demokratik təşkilatdır. Qurumda daxilində müzakirələr gedir və qərarlar qəbul olunur. Bu baxımdan Rüstəm bəy Moskvadadır, kimsə telefonla əlaqə saxlayır, münasibətini öyrənir. Bundan sonra müzakirələr başlayır. Qəbul edin, bizim də işimiz var. Hesab edirəm ki, Milli Şura daha ciddi işlərlə məşğul olmalıdır.
– Rüstəm İbrahimbəyovun bu cür münasibəti qurum üzvləri tərəfindən narazılıqla qarşılanır axı...
– Bununla Rüstəm bəyin özü ilə müzakirə edin. Mən onun yerinə şərh verə biləmərəm axı.
– Bir neçə gün əvvəl İsa Qəmbərlə görüşünüz olub. Milli Şura ilə bağlı nə nəticəyə gəldiniz?
– Biz təkcə Milli Şura ilə bağlı deyil, ümumiyyətlə, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Müzakirələrimizin yarısı rəsmi, yarısı da qeyri-rəsmi oldu. Hesab edirəm ki, bu istiqamətdə ciddi narahatlıq yoxdur.
– Müsavat başqanı İsa Qəmbər “Azadlıq Radiosu”na müsahibəsində maraqlı məqama toxunub. Deyib ki, Cəmil Həsənlinin özünün belə vahid namizəd olması vəziyyəti dəyişə bilmədi. Bu barədə nə deyə bilərsiniz?
– O barədə əlavə açıqlamaya ehtiyac duyursunuzsa, İsa Qəmbərə müraciət edin.
– İsa Qəmbər müsahibəsində hər şeyi açıqladı...
– O deyibsə, indi mən etməliyəm?
– Bizə sizin də fikirləriniz maraqlıdır, Cəmil müəllim...
– Seçkidə nə baş veribsə, göz qabağında olub. Siz də prosesi izləmisiniz.
– Aksiya ilə bağlı nə deyə bilərsiniz?
– Milli Şura Dekabrın 15-də aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Aksiya bahalaşma ilə əlaqədardır.
İlkin PİRƏLİ